Sumqayıtda Reabilitasiya Mərkəzi istifadəyə verilib – FOTO – VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
“Report” xəbər verir ki, müəssisənin açılışında Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova iştirak ediblər.
Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün ölkədə mühüm işlərin aparıldığını vurğulayan C.Əbdül-Qədirov bu kateqoriyadan olan vətəndaşlar üçün tibbi-sosial reabilitasiya sisteminin müasirləşdirilməsinin də Prezident İlham Əliyevin sosial siasyətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb.
O bildirib ki, ötən il nazirliyin Yevlax və Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, bu il isə Lənkəran, Şəki, Xaçmaz, Şirvan Reabilitasiya Mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu gün isə daha bir müasir reabilitasiya müəssisəsi Sumqayıt şəhərində açılır. Bununla cari ildə artıq beşinci reabilitasiya müəssisəsidir ki, istifadəyə verilir.
C.Əbdül-Qədirov qeyd edib ki, son illərdə müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə bərpa müalicəsi xidmətləri ilə təminatı baxımından da mühüm baza olaraq xüsusi önəm kəsb edir. Eyni zamanda, postmüharibə dövründə sosial dəstək tədbirlərindən biri kimi, Reabilitasiya Müəssisələri tərəfindən şəhid ailəsi üzvləri və müharibə iştirakçılarının, o cümlədən yaralanmış hərbçilərin, onların yaxınlarının, şəhid və yaralı hərbçilərin uşaqlarına sosial-psixoloji xidmətlər də göstərilir. Protez Ortopedik Reabilitasiya Mərkəzində isə hərbçilərin yüksək texnologiyalı müasir protezlə, yaralanmış qazilərimizin reabilitasiya vasitələri ilə təminatı işləri aparılır.
Tədbirdə bildirilib ki, Sumqayıt Reabilitasiya Mərkəzində müasir tələblərə uyğun şərait yaradılıb. 22 çarpayılıq nəzərdə tutulan müəssisədə bərpa müalicəsi baxımından effektiv təsirə malik səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla il ərzində əlilliyi olan 1500 şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Mərkəzdə müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez, müalicəvi su hovuzu, buxar otağı və digər yeni prosedurlar tətbiq olunacaq. Reabilitasiya tədbirlərinin gücləndirilməsi məqsədi ilə sosial-psixoloji xidmətlər də göstəriləcək.
Yaxın aylarda Şağan Reabilitasiya Pansionatının da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyi diqqətə çatdırılıb. Qeyd edilib ki, gələn il Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya mərkəzlərinin də açılması planlaşdırılıb. Ümumilikdə, nazirliyin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı iki dəfə artaraq 28 minə çatacaq. / report.az