QİBLEYİ-ALƏM I ERDOĞAN SULTAN (Video-sujet)
Cahan lideri, böyük hökmdar I Tayyip Erdoğan, qərar verib ki, müxalifətin lideri Əkrəm İmamoğlunun boynu vurulsun. Daha doğrusu, mərhəmətli olduğu üçün, onun boynunun yox, diplomunun vurulmasına qərar verib…
İmamoğlu və tərəfdarları, şokdan ayılmamış, padşah, bu dəfə onun azadlığının vurulmasına qərar verib. Deyib “Sən azadlıqda dinc qala bilmirsən, İstanbulun meri olduğun halda, gah şərqdə, gah qərbdə peyda olursan, gündə bir mitinq keçirib, camaatı yoldan çıxarırsan. Mən bu qoca yaşımda belə tempi qaldıra bilmirəm, odur ki gəl, bir az sənə əl gəzdirim…”
Beləcə, 16 milyonluq, nəhəng İstanbul şəhərinin seçilmiş bələdiyyə rəhbəri, həbs olunub!…
Əslində, indiyəqədər, Erdoğanın özünün diplomu barədə ciddi şübhələr var idi və bir çox ekspertlər, onun, ali təhsilsiz olduğunu deyirdilər… İndisə Erdoğan, ədalətindən olsa gərək, rəqibini, diplomdan məhrum etməklə, şərtləri, necə deyərlər, eşitlədi…
Ancaq, bir məsələ var ki, aralarında 20 ilə qədər yaş fərqi mövcuddur, biri orta yaşlı, o birisi isə ahıl yaşlıdır!… Bax bunu eşitləmək üçün, gərək Əkrəm bəy, uzun illər həbsdə qalıb qocalsın…
Ehhhh…. Erdoğan üçün bu nədir ki?… O, bütün ölkəni 22 ildir ki eşitləməklə məşğuldur…
Amma və lakin, Türkiyədə baş verən bu əcaib hadisələrə, bizim cəmiyyətin reaksiyası, bəlkə də
hadisələrin özündən də əcaibdir!.. İndiyəqədər Erdoğanı, “türk dünyasının lideri”, “xalqın sevimlisi” adlandıran müdrik camaatımız, əməlli-başlı girinc vəziyyətə düşüb: xalqın sevimlisi, hansısa bir siyasətçini, niyə durduq yerdə həbs edib, millətdən gizlədir ki?…. Türk dünyasının lideri, niyə türk xalqının etirazlarına qarşı, polisə arxalanır ki?…
Hmmm…..
Cəmiyyətimizin düşdüyü situasiya, deyəsən Türkiyənin durumundan daha qəlizdir….
Amma, yox, bəzi dahi şərhçilərimiz, vəziyyətdən çıxış yolu tapıblar! Onlar, artıq İmamoğluna, “ABŞ-ın, qərbin adamı”, “agent” damğası yapışdırıblar! Yəni ki, Erdoğan onu ram etməsəydi, ölkəni pis günə qoyacaqdı, Türkiyənin axırına çıxacaqdı!…
Sən bir işə bax! 16 milyon İstanbullunun, ardıcıl 2-ci dəfə seçdiyi və 6 ildir ki, ölkənin ən böyük şəhərini idarə edən bir adam, anidən terrorist olur, korrupsioner, fırıldaqçı çıxır və faktiki olaraq, xalqın iradəsi, qəsb olunur, etiraz edən yüzminlər isə polis gücünə dağıdılır, ölkə, bir gündə azı 5 il geriyə gedir, milli valyuta çökür…. Amma sən demə ki, Erdoğan, bütün bunları, ölkənin yaxşılığı üçün edir!… Yəni Erdoğan ölkəni geriyə atmasaydı, onsuz da bunu İmamoğlu edəcəkdi!..
Hə də… Dağıtmaqdısa, qoy elə özümüzünkü dağıtsın! Ona halaldı, ona qurbandı hər şey!..
Əhsən belə məntiqə!
Necə deyərlər, hər vəziyyətdən çıxış yolu var! Erdoğan fanatı olub, sonra da pazor olmağın altından da qalxmaq mümkündür!… Rəisin azərbaycanlı fanatlarına da, bunu bacardıqları üçün, eşq olsun! Milli fanatlarımız, elə Erdoğanın özü kimi, əməlli-başlı terminator imişlər!…
Zarafatsız, Erdoğanın, bircə, seçkiləri ləğv edib, özünü, sultan elan etməsi qalmışdı. Buraya qədər, hər şeyi etmişdi… Əslində onun, hələ prezidentliyə başlayarkən, yüz milyonlarca dollara başa gələn, 1150 otaqlı saray tikdirməsindən bəlli idi ki, bu işin axırı, padşahlığa gedir… Onun edə bilmədiyi yeganə şey, seçkiləri ləğv etmək idi… Artıq ölkənin ən böyük şəhərinin seçkisini ləğv etməsi və üstəlik də özünə, hər cür səlahiyyəti verməsi, hətta müxalifət partiyasına rəhbər qoymaq səlahiyyətini verməsi, o deməkdir ki, Türkiyədə, seçki də tarixə qovuşur!.. Artıq, ölkədə, hər bir şeyə, padşah qərar verəcək!…
Necə deyərlər, Yeni Osmanlıya xoş gəldiniz! Qibleyi-aləm 1-ci Erdoğan sultana eşq olsun!
Amma, bizdən deməsi; sultan, sabah elə bir fərman çıxara bilər, elə bir qərar verə bilər ki, onun, hamıdan axıra qalan, terminator kimi yenilməz azərbaycanlı fanatları da, yerli-dibli göylərə sovrula bilər!…
Sultan, məsələn, Ermənistanla sərhədi aça bilər! Necə ki, artıq sərhəd, bir neçə günlük də olsa, açılıb!..
Yeri gəlmişkən, Əkrəm İmamoğlu, bir neçə ay öncə, rəsmi Bakı tərəfindən səfərə dəvət olunmuş və azərbaycanlı vəzifədaşı ilə görüş keçirmişdi!…
Yəni, yerli və milli trollarımızın, bir az daha elastiki və çevik olmasında fayda var! Bilmək olmaz, sabah bəlkə də antenanı, İmamoğluna çevirmək lazım gələcək!…
Sujeti təqdim edirik:
