EKSPERT: “ƏMRULLAYEV, “DƏRVİŞ PARİSİ PARTLADIR”DAKI DƏRVİŞƏ BƏNZƏYİR!”
Artıq belə görünür ki, ölkə təhsilində, ictimaiyyətinin gözlədiyi ciddi islahatların və dəyişikliklərin nəhayət zamanıdır. Və hazırda 5 ilin elm və təhsil naziri Emin Əmrullayevin ciddi tənqid olunduğu, hətta onun da məcbur qalıb, ağır problemləri yumşaq formada da olsa, etiraf etdiyi bir dönəmi yaşayırıq.
Əmrullayev 11 sentyabrda keçirilən son brifinqində yenə də ilginc, qeyri-adi fikirlər söylədi və demək olar ki, əsas problematik məsələlərdən, ittihamlardan yayına bildi. Onun, xüsusən də, təhsil ekspertləri barədə səsləndirdiyi fikirlər, ittihamlar diqqəti cəlb etdi.
Həmin ekspertlərdən biri də, uzun illərdir ki, təhsil sahəsində fəaliyyət göstərən, cənub bölgəsindən olan gənc alim Emin Mirzəlidir.
Onunla söhbəti təqdim edirik.
-Emin bəy, gəlin, öncə E. Əmrullayevin son brifinqdən başlayaq. Nazirin təhsil ekspertləri ilə bağlı fikirləri, suçlamaları mütəmadi xarakter almaqdadır. Bu ittihamlardan bir ekspert olaraq, sizə də pay düşür… Maraqlıdır: bir nazir niyə ekspertin “yaxasından yapışar” ki? Səbəb nə ola bilər?
Sözün düzü, mən də, digər həmkarlarım ki, mat-məəttəl qalmışam; nazir niyə öz işiylə məşğul olmur, gəlib bizə “ilişir? O, nəhəng səlahiyyətlər verdiyi “Regionallar”ın fəaliyyətini müzakirə etmir, məsələn, cənub bölgəsinin təhsilinə cavabhdeh olan LARTİ müdiri Bəhruz Mehdiyev barəsində heç bir fikir demir, amma nazirliyə heç bir dəxlisi olmayan insanlardan, mənim “yaxamdan yapışır”, niyə?! Yəni, cənub təhsilini, mən ya da hansısa təhsil ekspertmi bu hala salıb?!…
Əmrullayevin bu davranışı, bilirsiz, nəyə oxşayır? Evin içində, məsələn, ər, arvadına hansısa səbəbdən sözünü deyə bilmir, tutalım, qohum evliliyi olduğu üçün, əsəbini ondan çıxa bilmir, amma əvəzində, buna görə başqalarını, yoldan ötənləri söyür!
-Əmrullayev, həmçinin deyir ki, təhsilin “ekspert”i ola bilməz, “mütəxəssis”i ola bilər…
Aha, mən sual verirəm: “ekspert”lə, “mütəxəssis”in fərqi nədir? “Ağ” ilə “bəyaz” sözlərinin fərqi olmadığı kimi təbii ki, bu sözlər də sinonimdir. Yəni, bunun üçün dilçi olmağa belə, gərək yoxdur. Amma, Emin müəllim, görünür ki, adicə sinonimləri bilmir, orta məktəb şagirdlərinə verdiyi summativ suallarının cavabını, özü bilmir! Təsəvvür edirsiniz, bu, nə deməkdir?..
-O, həmçinin daha bir mübahisəli fikir də dedi: “4-5 saat dərsi olan müəllim, bizə görə, müəllim deyil…”
Bəli, bu, daha dəhşətli bir açıqlama idi!.. Necə, yəni, 4-5 saatı olan müəllim, müəllim deyil? Müəllim deyilsə, bəs, nədir? Xadimədir? Ya dərzi? Ya da fəhlə? Müəllim deyilsə, bəs nədir? Desin, bilək, maariflənək də! Emin müəllim, bəlkə də yeni bir “kəşf” etmək niyyətindədir, sadəcə hələki “məşq edir”, “razqum götürür”, birdən “partlayış” edəcək!
Amma ki, onun, indiyəqədərki “kəşflər”i, daha çox “Dərviş Parisi Partladır”dakı Dərvişin etdiyi “partlayış”ı xatırladır…
Bu qədər məntiqsiz və absurd fikirləri açıq söyləməsi, onu göstərir ki, artıq ya panika və stress içindədir ya da ağıl sağlığını itirməkdədir… Başqa bir ehtimal yoxdur.
-Maraqlıdır ki, Əmrullayevin əvvəlki brifinqləri ciddi qəbul edilib, müzakirə edilirdisə, bu dəfə daha çox ironik və sarkastik reaksiyalarla qarşılandı…
Çünki, artıq Emin müəllimin, ciddiyə alınacaq bir tərəfi qalmayıb. O, son brifinqiylə bütün ciddilik elementlərini itirdi və sadəcə, uğursuz bir şoumen kimi çıxış etdi. O, öz aləmində elə bilir ki, “səmimi obraz” yaradır, problemləri xalının altına süpürür, amma anlamır ki, başqalarının İQ səviyyəsi, onun kimi aşağı deyil! Dəvəquşu başını quma soxanda, elə bilir ki, başqaları da görmür…
-Emin bəy, Əmrullayevlə üz-üzə gəlsəydiniz, görüşsəydiniz, ona hansı sualları vermək istəyərdiniz?
Tam səmimi söyləyim: mən ona təhsil barədə heç bir sual verməzdim. Sadəcə, “Böyüyəndə nə olmaq istəyirsən?” deyə soruşardım! Çünki, bəlkə də onu, uyğun bir işə, bacarığı olduğu sahəyə yönəltmək olar… Beləliklə də, bütün təhsil işçiləri, ekspertlər, valideynlər və uşaqlar da “xilas olar”….
-Bundan sonra ölkə təhsilindən nə gözləyirsiniz, mövcud problemlərin həlli mümkündürmü?
Təbii ki, mümkündür, lakin Əmrullayev, gedib bacardığı işlə, başqa əyləncəylə məşğul olmasa, təhsillə oynamağa davam etsə, onda təbii ki, heç bir müsbət dəyişiklik olmayacaq, əksinə, daha da pis olacaq. Kiminsə şübhəsi varsa, gəlsin, cənub təhsilinə baxsın, burda nə “oyunlar döndüyü”nə nəzər yetirsin!
-Məsələn, hansı “oyun dönür”?
Sadəcə bir fakt deyim: Astarada, çoxsaylı şikayətlərdən sonra, bəzi məktəblərin direktorlarının yarıtmaz olduqlarını, Regional Təhsil İdarəsi, nəhayət, qəbul etdi. Amma… Amması budur ki, onları işdən çıxarmadı, sadəcə yerlərini dəyişdi!
Ortada əgər rüşvət və korrupsiya amili olmasaydı, yeni kadrlarla, gənclərlə əvəz edərdilər, “limit” qazanardılar…
-Sizcə bunun səbəbi nədir? Başqa şəxsləri, gəncl kadrları tapa bilmirlərmi, niyə eyni adamlarla, yaşlı şəxslərlə davam edirlər?
Təbii ki, əsas səbəbi, feodalizmdə olduğu kimi, “natural təsərrüffat”dır. Mövcud şəxslərdən külli miqdarda “bac” alıblar deyə, bunun qarşılığında, məktəbi onlara istifadəyə verirlər. Məktəbdən “çıxaranda” da, mütləq başqa məktəbə ya da nazirlikdəki hansısa vəzifəyə təyin etməlidirlər… Ortada əgər rüşvət və korrupsiya amili olmasaydı, yeni kadrlarla, gənclərlə əvəz edərdilər, “limit” qazanardılar…1
Ona görə də, Əmrullayevin təhsil sistemini, artıq tənqid etmirəm, sadəcə gülürəm! Bu, “təhsil siyasəti” yox, “təhsil oyunu”dur!
-Emin bəy, bu yaxınlarda siz Əmrullayevi tərifləyib, məsuliyyəti cəmiyyətin boynuna yıxan bir yazarın (Aqşin Yeniseyin) statusuna şərh yazdınız və ictimaiyyət tərəfindən maraqla qarşılandı… Həmin şərhdə Əmrullayevi aşkar şəkildə “korrupsioner” adlandırdınız… Həmçinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin səhifəsinə ağır bir tənqid yazdınız və Bəhruz Mehdiyevi “əxlaqsız” adlandırdınız, bu fikirlərə görə məhkəməyə verməsini xahiş etdiniz. Normalda onların sizə cavab vermələri ya da məhkəməyə vermələri gərəkirdi…
Bəli, mən birbaşa müdir Bəhruz Mehdiyevə ittihamda bulundum və yetərincə ağır sözlər yazdım. Normalda, ya ittihamın səhv olduğunu sübut etmələri, ya da məhkəməyə vermələri gərəkirdi. Amma, heç birini edə bilmədilər. Deməli, bu da, sübut edir ki, doğrunu demişəm. Ən azından ona görə ki, hansısa direktorun, pis olduğunu etiraf edib, sonra da təzədən direktor təyin etməyin başqa adı yoxdur. Bu, açıq-aydın o deməkdir ki, SƏN O DİREKTORDAN RÜŞVƏT ALMISAN! Rüşvət almaq da, təkcə cinayət deyil, həm də ƏXLAQSIZLIQdır! Onlar bilirlər ki, əllərimizdə ciddi kompromatlar, sübutlar var, ona görə “lal” olublar. Məsələn, biz bu yaxınlarda, bir direktorun korrupsiya etirafını yayacağıq… Yəni qadın açıq deyir ki, “bəli, mən filan qanunsuzluğu etmişəm, məktəb mənimdir, özüm bilərəm”….
-Keçən ilki müsahibədə siz Astarada 2 direktoru hədəfə almışdınız və onların “bitəcəkləri”ni demişdiniz. Maraqlıdır ki, onlardan biri-Ülviyyə Bayramova çox dəhşətli, biabırçı şəkildə gündəmə gəldi və Astaradan qaçmalı oldu. Digəri-Rəna Hüseynova da rəzil olub, “4 saylı”dan qaçdı. Daha öncə də, Elçin Mirzəzadə biabır olmuşdu və təhsildən qovulmuşdu. Həmçinin, illər öncə Təhsil müdiri Rəşad Həsənovun hüquq-mühafizə orqanı tərəfindən saxlanılacağını və təhsildən qovulacağını öncədən bilmişdiniz.
Maraqlıdır, siz bu məlumatları əvvəlcədən necə bilirsiniz?
-Zatən biz alimik və elmin əsas istiqaməti, alimliyin gərəyi budur ki, gələcəyi proqnozlaşdırasan. Bir var, nəyisə ixtira etmək-bu, sırf texniki alimlikdir. Bir də var, gələcəyi çözmək-bu isə, əsas və ümumi alimlikdir! Hazırda dünyada, qərbdə bu sahə, ən önəmli və ən strateji elm sahəsini təşkil edir və futuristik mərkəzlər, elmi-tədqiqat obyektləri yaradılır. Bizdə də təhsil, elm güclənəndə, bu sahə də lazımı dəyərini alacaq.
-Yaxşı, Astara təhsili üçün növbəti proqnozunuz nədir?
-Hazırki LARTİ müdiri Bəhruz Mehdiyevi çox pis gələcək gözləyir!
Xeberciniz.biz