MUROV FATEHİ-İLHAM RƏŞİDLİ
Tanınmayan, arxa planda qalan, amma böyük fədakarlıq sərgiləyən igidlərimizdən biri də XTQ zabiti İlham Rəşidli idi.
37 yaşlı kəşfiyyatçı, Vətən müharibəsi başlayan gün, xüsusi seçilən, ilk sırada döyüşə göndərilənlərdən idi.
İlham Rəşidli, 2001-ci ildə hərbi xidməti başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin xüsusi kursunu uğurla bitirərək kəşfiyyatçı kimi fəaliyyətə başlayıb. İyirmi ilə yaxındır Vətənə xidmət edən baş gizir, xarici ölkələrdə təlimlərdə iştirak edib. Dörd dildə danışmağı bacaran İlham, 2016-cı ilin Aprel döyüşlərində də fəal iştirak edib. Xidməti ərzində göstərdiyi nailiyyətlərə görə medallar və fəxri fərmanlarla təltif olunub.
Həqiqi şəhid İlham Rəşidli, 2020-ci ildə xalqımızın tələbi ilə başlayan Vətən Müharibəsində də təbii ki, aktiv iştirak edir. 27 sentyabrda Murovdağ silsiləsindəki Camışdağı zirvəsi, Sərsəng su anbarı istiqamətindəki vacib yüksəkliklərin düşməndən azad olunmasında fəal iştirak edir.
Tapşırığı yerinə yetirdikdən sonra yoldaşını döyüş meydanından çıxararkən, düşmənin minaatan mərmisi, onu ağır yaralayır və hospitala aparılarkən, yolda şəhadətə çatır.
İnanclı və imanlı bir insan olan İlham, istər hərbi xidmətdə, istərsə də gündəlik həyatda, xeyirxahlığı və xoş əxlaqı ilə seçilib. Çöhrəsindəki nur, ləyaqətli və dürüst insan olmasının sübutudur.
Uca şəhid, ölümündən sonra da 2 xeyirli övlad qoyub gedir.
Allah, onun timsalında, bütün həqiqi şəhidlərə, keçmiş və gələcək şəhidlərə rəhmət etsin!