HACI ŞAHİNİN DİRİSİ NİYƏ SEVİLMƏDİ?
Bu gün, dövrümüzün və ölkəmizin yeganə arifi olan Hacı Şahin Həsənlinin mövlud günüdür.
Bəzi şəxslərin önəmi və faydası, şişirdilir, bəzilərininsə kiçildilir. Məsələn, 70 il bizə nümunə, ən yaxşı insan kimi inandırılan Lenin, Stalin kimi şəxslərin qurduqları düzən, yıxılanda, ən pis insanlar olduqları aydın oldu.
Yaxud da əksinə. İmam Hüseynə, hətta öz cəmiyyətinin belə, heç 5 faizi, rəğbət bəsləmirdi. Lakin, ən azı tarix, sübut etdi ki, o həqiqi mənada dahi, qəhrəman və idealdır.
Əslində qalanda, insanların, mütənasib şəkildə cəmiyyətdən münasibət görmələri, mümkün deyil və zatən elə ona görə də dünya, bu gündədir. Yəni, cəmiyyətdə, kimsə sevilirsə; bunun səbəbi, əsasən subyektiv amillərdir, şəxsin xüsusiyyətləri yox! Çevrənin genişliyi, savad, sifətdəki yalançı nur, məşhurluq, təbliğat vasitələri, aktyorluq bacarığı və s amillər, rol oynayır.
Yəni, bu gün cəmiyyətimizdə ən çox sevilən 50 şəxsi götürsəz, istisnasız olaraq, heç birinin sevilmə səbəbi, real və əsaslı deyil.
Sözsüz ki, Hacı Şahin də istisna deyildi; dindarlar, ona, daha çox məhz subyektiv amillərə görə rəğbət bəsləyirdi.
Əlbəttə, etiraz edib deyə bilərsiz ki, “Yox biz Hacı Şahini sırf özünə, mənəviyyatına görə sevirdik”.
Əgər eyni vaxtda, başqalarını da çox sevirsizsə, bax, bu dəlildir ki, SİZ HACI ŞAHİNİ SIRF SUBYEKTİV SEVMİSİZ!
Və sual edirəm: sevdiyiniz başqa şəxslərin, yüzdəyüz ləyaqətli olmalarına and içə bilərsizmi?
And içə bilməzsizsə, deməli, Hacı Şahini sevməyiniz, obyektiv deyil!
Zatən Hacı Şahindən sonraki xütbəni idarə edən münafiq şəxsin, dindarlar nəzdində “Hacı Şahinin varisi” “Səsi ona oxşayır” şəklində reaksiya görməsi də bunu sübut edirdi.
Dəhşətlidir: insanlar, daha Hacı dünyasını dəyişər-dəyişməz ona, “varis” tapmışdılar!
Yenə etiraz edə bilərsiz ki, “Axı Hacının özü də hər zaman, İmam Hüseynə insanların sevgi bəsləməsini, bir dəlil kimi göstərirdi”.
Bəli, elədir, lakin o, eyni vaxtda bunu da deyirdi: “Əslində İmam Hüseyni və övliyaları, hansısa əməlinə görə yox, sırf ÖZÜNƏ GÖRƏ sevməliyik!”
Bu iki fikir, ziddiyyətli görünsə də, aşağıdakı mənaya gəlirdi: əgər bəsirətli və həqiqi dindarsızsa, onda İmam Hüseynin, övliyanın şəhid olmasına sizinçün ehtiyac yoxdur, o, yaşayır və qətl edilməyib. O, sizə CANLI lazımdır!
Yox, əgər tutumunuz zəifdirsə, onda İmam Hüseyn, gərək mütləq sizinçün canından, doğmalarından keçməlidir, dəhşətli şəkildə işkəncələrə məruz qalıb, ölməlidir. Heç olmasa, ölüsünü sevərsiz bəlkə.
_____________
Hacı Şahin, 2014-cü il tarixli “Həqiqi dindarlıq” başlıqlı xütbə seriyasında qeyd edir ki, cəmiyyət, nəinki arifi, adi dindardan ayıra bilməlidir, hətta dindarı, münafiqdən seçə bilməlidir və zatən indiyəqədər İmam Zamanın gəlməsinin yubanmasının kilid səbəbi də budur.
Yəni, tarixdə mövcud olmuş şəxsləri sevmək, real göstərici deyil, çünki bu, sırf psixoloji sevgi də ola bilər. Əsas olan; günümüzdə, real olaraq yaşayan şəxsləri tanımaqdır!
Yəni, etikasına, ibadətinə, saqqalına görə yox, ÜZ İFADƏSİNƏ görə!
Elə Hacı Şahini də cəmiyyət, diri olaraq qəbul edə bilmədiyi üçün, onun varlığını dəyərləndirə bilmədiyi üçün, Tanrı, onun ölüsünü cəmiyyətə təqdim etdi ki, bəlkə ölüsünü və faciəsini sevsinlər….
Bəli, övliyaların faciəsinin, məhvinin əsas və həlledici səbəbi, cəmiyyətin onları fərq edə bilməməsidir. Əgər hansısa “toyuq oğrusu”, sırf şəhidləri ziyarət etdiyi üçün, anidən fenomenə çevrilirsə, onda deməli, oğruluqdan, qəhrəmanlığa keçid üçün bu toplumda sadəcə aktyorluq kifayətdir.
