Fikri oxuyan bilərzik – VİDEO
“Facebook” şirkəti 2019-cu ildə satın alınmış “CTRL-Labs” startapının texnologiyalarına əsaslanan yeni əlavə edilmiş reallıq interfeysinin hazırlanması haqqında məlumat yayıb.
Lent.az “ICTnews”a istinadən xəbər verir ki, hazırda şirkət tərəfindən virtual obyektlərlə qarşılıqlı əlaqənin qurulması üçün beyin siqnallarını oxuya bilən bilərzik hazırlanır.
Bu qurğu üçün əzələlərin elektrik aktivliyini qeydə almağa imkan verən elektromiyoqrafiya texnologiyasından istifadə edilir. Gələcəkdə belə bilərziklər ən müxtəlif jestləri tanıyaraq onları virtual və ya əlavə edilmiş reallığa daşıya biləcək, amma hələ ki ən sadə jestləri tanıya bilir.
Belə bilərziklər gələcəkdə fiziki düymələri olmayan virtual klaviaturada çap etmək üçün tətbiq edilə bilər. Bilərziklər istifadəçinin çap tərzinə tez uyğunlaşa və səhvləri avtomatik düzəldə biləcək, ümumilikdə belə yanaşma mətni klaviatura ilə müqayisədə daha sürətli yığmağa imkan verəcək.