AVRO-2020: Dublin təhlükədə, Qlazqo və Amsterdam gözləyir
Futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək şəhərlərin siyahısında dəyişiklik ola bilər.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin azarkeşlərin stadiona buraxılacağı ilə bağlı UEFA-ya heç bir təminat verməyib.
Qitə futbol qurumunun rəsmiləri Dublini tələb olunan təminatları verə bilməyəcək şəhər hesab edirlər. Bunun da nəticəsində “Aviva” stadionunun ev sahibliyindən məhrum edilməsi gündəmdədir.
Təşkilatçı ölkələrdən üçü – Azərbaycan, Rumıniya və İrlandiya AVRO-2020-yə yüksələ bilməyib. Onlardan Dublin hazırda matçları qəbul etmək baxımından ən zəifidir.
Belə situasiyada real senari kimi turnirin daha 4 görüşünün İngiltərədə keçirilməsi göstərilir. Öncədən Londondakı “Uembli” stadionunun 7 oyuna ev sahibliyi edəcəyi məlum idi. İkinci variant kimi, “Tottenhem”in stadionuna üstünlük verilə bilər. Amma çətin ki, London poilisi şəhərdə eyni gündə 2 matçın oynanılmasını istəsin.
Bu səbəbdən Mançester şəhərinin ən asan alternativ olduğu bildirilib. UEFA-dakı mənbələr güman edirlər ki, “Mançester Siti”nin “Etihad” stadionu “Mançester Yunayted”ə məxsus “Old Trafford”a nəzərən oyunlara qısa müddətdə hazırlanmaq baxımından daha münasibdir.
İrlandiya ilə müqayisədə Şotlandiya hökuməti Avropa çempionatının oyunlarına azarkeşlərin buraxılma məsələsində daha nikbindir. Ölkənin baş naziri Nikola Sterjen “Sky Sports”a açıqlamasında Qlazqodakı “Hempden Park” stadionunda matçların daha çox azarkeşlə keçirilməsini istədiyini bildirib.
İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionu ümumi tutumun 25 faizə qədərinədək – təqribən 13 000 azarkeş cəlb etməyi planlaşdırır. Niderlandın paytaxtı Amsterdam isə azarkeş sayı ilə bağlı yekun qərarını yerli Səhiyyə Nazirliyi və bələdiyyə ilə məsləhətləşmədən sonra açıqlayacaq.
Təşkilatçı şəhərlər ən geci aprelin 9-dək öz planları barədə UEFA-nı məlumatlandırmalıdır. UEFA yekun qərarı aprelin 20-də çıxaracaq. Ölkələrdən heç biri quruma azarkeşləri qəbul edə bilməyəcəkləri barədə məlumat verməyib. Bununla belə, ən böyük problem rəqəmlərdəki uyğunsuzluqdur. Bəzi şəhərlər stadion tutumunun yalnız 10 faizinin dolmasına təminat verir. Bu isə maddi baxımdan UEFA-nı qane etmir. Qitə futbol qurumu oyunlar zamanı tribunada mümkün qədər çoxlu tamaşaçının olmasını istəyir. Minimum tələb isə 25 faizdir.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.