35 İLLİK SİRR: NİYƏ BU TARİX GİZLƏDİLİR?
|
Getting your Trinity Audio player ready...
|
35 illik UNUDULAN TARİX: İLLƏRDİR NİYƏ GİZLƏDİLİR? – FAKTLAR

1991-ci il avqustun 19-da Sovet İttifaqında ölkənin gələcək taleyinə ciddi təsir göstərən dövlət çevrilişinə cəhd baş verdi. “Avqust qiyamı” və ya “QKÇP qiyamı” kimi tarixə düşən bu hadisə cəmi bir neçə gün davam etsə də, SSRİ-nin dağılması prosesinin sürətlənməsində mühüm rol oynadı.
Belə ki, həmin gün Mixail Qorbaçovun hakimiyyətdən uzaqlaşdırıldığı elan edildi, Moskvaya və bir sıra digər şəhərlərə qoşun yeridildi. Lakin Boris Yeltsinin rəhbərlik etdiyi qüvvələrin müqaviməti və Moskvada başlayan kütləvi etirazlar çevriliş cəhdinin uğursuzluqla nəticələnməsinə səbəb oldu. Beləcə, qısa müddət sonra QKÇP dağıldı və SSRİ-nin süqutu prosesi daha da sürətləndi.
Mövzu ilə bağlı o günlərin canlı şahidi və proseslərin aktiv iştirakçısı, xalq hərəkatının fəallarından, vəkil, QHT rəhbəri Sahib Məmmədov EDnews -a danışıb.

O, qeyd edib ki, QKÇP qiyamı Sovet İttifaqını qorumağa çalışan mühafizəkar qüvvələrin son cəhdlərindən biri idi:
“Həmin dövrdə ittifaq artıq ciddi siyasi və iqtisadi böhran yaşayırdı və respublikaların müstəqillik meylləri getdikcə güclənirdi. Belə bir zamanda çevriliş cəhdinin qarşısının alınmasında Moskvada insanların küçələrə çıxması, siyasi müqavimətin güclənməsi və hərbi qüvvələrin bir hissəsinin etirazçılara qarşı güc tətbiq etməkdən imtina etməsi mühüm rol oynayıb. Radikal mühafizəkarlar SSRİ-nin vitse-prezidenti Gennadi Yanayevin başçılığı altında dövlət çevrilişi edərək SSRİ prezidenti Mixail Qorbaçovu vəzifədən kənarlaşdırdılar. Buna baxmayaraq dövlət çevrilişinə cəhd uğursuzluqla nəticələndi. RSFSR prezidenti Boris Yeltsinin başçılığı ilə demokratik qüvvələr birləşərək QKÇP-yə qarşı çıxdılar. Beləlikə də, SSRİ-nin qorunub saxlanılmasına yönəlmiş sonuncu inamlı cəhd dəf edildi”.
Şahid bildirib ki, QKÇP 1991-ci il avqustun 18-dən 22-dək duruş gətirə bildi:
“Bu müddətdən sonra SSRİ-nin dağlması prosesi sürətləndi. Avqustun 22-də Boris Yeltsin Sov.İKP-nin buraxılmasına dair fərman imzaladı. Daha sonra müttəfiq respublikalarda “suverenlik paradı” başladı. Müttəfiq respublikalar bir-birlərinin ardınca dövlət müstəqilliklərini elan etdilər. O cümlədən avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu”.
Sahib Məmmədov həmin gün baş verənləri xatırlayaraq bildirib ki, həmin gün səhər növbəsinə işə gələndə çevriliş cəhdindən xəbəri olmayıb. İşə gəldikdən sonra idarə rəhbərliyinin davranışındakı dəyişiklik diqqətini çəkib və qısa müddət sonra ona idarəyə getməsi tapşırılıb.
Məmmədov qeyd edib ki, rəhbərlik onun SSRİ hakimiyyətinin əleyhinə yazılar yazmasını əsas gətirərək hədələyib və məsələ ilə hüquq-mühafizə orqanlarının, o cümlədən Dövlət Təhlükəsizlik Komitəsinin maraqlandığını bildirib.
O vurğulayıb ki, idarədən çıxdıqdan sonra Xalq Cəbhəsinin qərargahına gedib. Burada Əbülfəz Elçibəyin sakit və təmkinli çıxışı onun narahatlığını müəyyən qədər aradan qaldırıb. Elçibəy çıxışında baş verənlərin uzun sürməyəcəyini, SSRİ-nin imperiya olduğunu və dağılmasının qaçılmazlığını bildirib.
Məmmədovun sözlərinə görə, həmin gün axşam Boris Yeltsinin tankın üzərində etdiyi məşhur çıxışın televiziyada nümayiş etdirilməsi ilə xalq hərəkatının fəallarında vəziyyətin dəyişəcəyinə inam daha da artıb.
Onun fikrincə, QKÇP-nin uğursuzluğu o zaman onların təşəbbüsü əldən verməsi və Yeltsinin rəhbərliyi ilə Moskvada başlanan proseslər, xalqın təşkil olunması və silahlı qüvvələrin bir hissəsinin xalqın tərəfinə keçməsi, müqavimət göstərmək istəməməsi olub:
“Elə ilk gün – avqustun 19-u günorta Yelstinin tankın üzərinki məşhur çıxışı oldu. Təsəvvür edin ki, mən o günlərdə elə bilin ki, ölüb qalmışdım. O çıxışı televiziyada axşam izlədikdən sonra sanki mənə və digər hamıya ruh gəldi və ümid yarandı ki, bu provokasiya baş tutmayacaq. Həmin dövrdə uşaq olan, yaxud həmin dövrdə, ondan sonra dünyaya gələn insanlar üçün “QKÇP” dərslikdə oxunun materialdan başqa heç nə demək deyil. Amma köhnə nəsil üçün o böyük bir mərhələdir, böyük bir hadisədir”.
Şahid qeyd edib ki, Azərbaycan üçün də həmin hadisələrin xüsusi əhəmiyyəti olub. QKÇP çevrilişinin uğursuzluğundan sonra ölkədə milli azadlıq və müstəqillik istiqamətində proseslər daha da sürətlənib.
Qeyd edək ki, bu gün QKÇP qiyamından 35 il ötür. Avqust ayında baş verən sözügedən hadisələrdən bir neçə ay sonra isə dekabrın 26-da Sovet İttifaqı rəsmən fəaliyyətini dayandırıb.
Yeniliklərdən xəbərdar olmaq üçün kanallarımıza qoşulun!
Dəstəyiniz bizim üçün vacibdir. Aşağıdakı keçidlərdən bizi izləyə və abunə ola bilərsiniz:
🔴 YouTube-da Abunə Ol 🔵 Facebook 📸 Instagram ⚫ X (Twitter)