Deputatlar maaşlarından narazıdır? – “5000 manat nə deməkdir…”
Milli Məclisin deputatı Siyavuş Novruzov millət vəkillərinin aylıq maaşlarından danışıb. O, deputatların hazırda təxminən 5 min manata yaxın maaş aldığını bildirib.
Deputat vurğulayıb ki, aldıqları maaş bəzən ayın sonuna çatmır. Siyavuş Novruzov deputatların əksəriyyətinin kreditinin olduğunu bildirib.
Onun bu çıxışı sosial şəbəkələrdə və mətbuatda geniş müzakirələrə səbəb olub. Bəs digər deputatlar bu barədə nə düşünür? Onların maaşları ayın sonuna qədər kifayət edirmi?
Modern.az məsələ ilə əlaqədar olaraq bir neçə millət vəkilinin fikirlərini öyrənib.
Milli Məclisin deputatı Razi Nurullayev saytımıza açıqlamasında kredit borcunun olmadığını söyləyib:
“Heç bir banka borcum yoxdur. Heç kəsin də qarşısında maliyyə öhdəliyim yoxdur. Bu gün Milli Məclisin üzvləri yüksək maaş alırlar. Bu, danılmaz faktdır. İnsanlarımızın aldığı maaşlarla müqayisədə məbləğ kosmik rəqəm kimi görsənir. O da doğrudur ki, biz yanımıza gələn insanlara da kömək edirik. Hər müraciət edənin istəyinə uyğun hərəkət edib, hər kəsi məmnun eləməyə çalışsa, insanın 100 milyonu da olsa, çatmaz. Amma məsələ belə deyil. Deputat qanunvericilik səviyyəsində məsələləri həll etmək üçün müraciət edir. Birinə zənglə kömək edirsən, digərinin xahişini yerinə yetirirsən. Təbii ki, əlavə olaraq, toya, yasa gedəndə də müəyyən köməklik edirsən. Bunlar başadüşüləndir”.
R.Nurullayev aylıq maaşının ona yetdiyini vurğulayıb:
“Ümumilikdə, düşünürəm ki, deputatın qarşısına belə bir öhdəlik qoyulmayıb ki, kiməsə kömək etsin. Hər kəs könüllü surətdə kiməsə köməklik edir. Buna qarşı da heç bir etiraz və narazılıq yoxdur. Şəxsən mənim heç bir narazılığım yoxdur. Könüllü olaraq deputatlıq vəzifəmi həyata keçirirəm. Aldığım əməkhaqqı da mənə ay sonuna qədər çatır. İnsanlara da kömək ediriksə, bunu könül xoşluğu ilə edirik. Ancaq bu, o anlama gəlməsin ki, deputatlar əməkhaqqı və qazancından narazıdır. Əstəğfrullah”.
Milli Məclisin digər bir deputatı Azər Badamov isə deputatların maaşının müzakirə edilməsinin başadüşülən olmadığını söyləyib:
“Mən başa düşmürəm ki, deputatın əməkhaqqı niyə bu qədər müzakirə olunur. Ölkədə əməkhaqqı alan ancaq deputatlardır? Bu gün elə sahələr var ki, orada insanlar deputatlardan daha çox əməkhaqqı alır. Bu məsələ niyə onlardan soruşulmur və müzakirə olunmur? Kim çətinliyə düşürsə, deputatın yanına gəlir və ondan kömək istəyir. İşə düzəlmək istəyən də, xəstə də, hüququ pozulan da, evdə ailəsi ilə yola getməyən də deputatın yanına gəlib kömək istəyir. Bir tərəfdən deputata ümüd yeri kimi baxırlar, digər tərəfdən tənqid hədəfinə çevirirlər.
Cəmiyyət öz deputatını müzakirə edib ucuzlaşdırmağa yox, ona dəyər verməyə öyrəşməlidir. Dünyanın heç bir ölkəsində bizdəki kimi deputatların əməkhaqqına görə müzakirə edilməsini görməmişəm”.
A.Badamov jurnalistlərin deputatların maaşları barədə qıcıqlandırıcı yazılar yazmasını düzgün hesab etmədiyini qeyd edib:
“Avropada əməkhaqqının nə qədər olduğunu soruşmaq, ümumiyyətlə, ayıb hesab edilir. Heç kəs bir-birindən əməkhaqqının nə qədər olduğunu soruşmur. Bizdə isə mətbuat deputatın əməkhaqqını müzakirə mövzusuna çevirir. Mətbuatın müzakirə etməyə kifayət qədər vacib məsələləri olduğu halda deputatları bu qədər gündəmə gətirməyini düzgün hesab etmirəm. Jurnalistlərimiz deputatın əməkhaqqı ilə bağlı cəmiyyəti qıcıqlandran yazılar yazmaq əvəzinə ölkəmizin tarixi, mədəniyyəti, milli mənəvi dəyərləri, dünya siyasəti və digər aktual mövzular üzrə araşdırma yazıları işıqlandırsa, daha səmərə vermiş olar”.
Milli Məclisin deputatı Rüfət Quliyev hər kəsin yüksək maaş almaq istəyinin normal olduğunu vurğulayıb:
“5000 manat nə deməkdir? Bu məbləğin 2600 manatı maaşdır. Təxminən 2600 manat da deputatın gündəlik xərclərinə, yəni rayona gedib gəlməyinə, sürücüsünə, maşının istismar xərclərinə ayrılır. Təbii ki, rayonlara tədbirlərə gedəndə bizə ayrı ezamiyyət xərci verilmir. Ona görə də elə bir rəqəm gəlir çıxır. Aldığım maaş ayın sonuna qədər mənə yetir. Əlbəttə, könül istərdi ki, maaş daha yüksək olsun. Heç kim bunu inkar edə bilməz”.
R.Quliyev yüksək məbləğdə kredit borcunun olmadığını söyləyib:
“Hazırda nə kreditim, nə də kredit götürməyə ehtiyacım var. Nə vaxtsa kredit almışamsa da, o elə də yüksək məbləğdə olmayıb. Həmin krediti 2-3 aya bağlamışam. MDB məkanındakı deputatlardan soruşmuşam, deyə bilərəm ki, bizim maaşımız ortadır, normaldır”.