“BAYRAM PSİXOLOGİYASI”; İNSANLAR, BAYRAMLARA NİYƏ SEVİNİRLƏR?
Biz, həyata, yaşama, daha çox, bilirsizmi, necə baxırıq; eynilə, uşaqların qara baxdığı kimi! Hansı ki, uşaqlar, əlbəttə, qarı çox sevirlər, az qala hər kəs, uşaqlıqda, daim, qarın yağmasını arzulayır, qar yağanda sevinir. Lakin, böyüdükcə, yaşa dolduqca isə, insanlar, qarı sevməməyə, hətta nifrət etməyə başlayır.
Uşaqların, demək olar ki, hamsı qarı sevdiyi halda, böyüklərin isə qarı sevməməsinin səbəbi nədir? Ümumiyyətlə, uşaqlar, qarı niyə sevirlər, sizcə?
Deyə bilərsiz, ona görə ki, həyətə düşüb qartopu oynayırlar, yəni oynamağa, sevinməyə bir səbəbləri yaranır.
Bəli, amma məsələ, heç də bundan ibarət deyil, çünki qartopu oynamayanlar da qarı bəzən sevirlər, bəzi gənclər də qarı sevirlər, hansı ki, heç qartopu oynamırlar!
Bəs, onda, bunu necə açıqlayaq?
Demək ki, məsələ, təkcə, sevinc bəhanəsi ilə bağlı deyil!
Məsələ budur: qar, hər şeydən öncə, insanların, xüsusən də uşaqların fikrində, bir ortaqlıq deməkdir, yəni qar yağanda təbii ki, hər yerə yağır, bütün şəhərə, hətta bütün ölkəyə yağır, odur ki, insanlar üçün bu, bir mənada, müştərəklik yaradır, ortaq bir tel yaradır. İnsanlar, qarın, hər yerə yağdığını bildikləri üçün, qar vasitəsilə başqaları ilə ortaq hisslər keçirdiklərini düşünürlər. Necə ki, məsələn, hansısa tədbirə, konsertə yığışanlar, heç də oraya, təkcə buna görə yığışmırlar ki, kiminsə ifasına və ya əsərinə tamaşa etsinlər, daha çox ona görə yığışırlar ki, başqalarıyla eyni hissləri bölüşsünlər, ortaq bir prosesdə iştirak etsinlər.
Elə bir çox bayramları, xüsusən də Yeni ili, yaxud Novruz bayramını, insanların belə çox sevməsinin səbəbi, elə bilirsiz, təkcə bayramın özüdürmü? Xeyr! İnsanları sevindirən, təkcə bayramın özü deyil, yalnız hansısa təqvim dəyişikliyi deyil, daha çox elə bu amildir; başqaları ilə ortaq hisslər keçirmək.
Biz, bilsək ki, bayramı, bizdən başqa heç kim qeyd etmir, ya da qeyd edirsə də, az adam qeyd edir, bu halda bayramı, biz də qeyd etmərik… Eləcə də qar, əgər sadəcə bizə, bizim həyətə yağsaydı və ya sadəcə bir küçəyə yağsaydı, o halda uşaqlar, qarı çox da sevməzdilər, heç, bəlkə, qartopu da oynamazdılar….
Elə qaradamını, şaxtababanı, insanlar, daha çox, bu səbəbdən düzəldirlər ki, qar, insana, insanı xatırladır. Şaxtababa və qarqız, özü, elə bir mənada, ortaq duyğuların, müştərək hisslərin simvoludur. Yoxsa, məsələ, saqqalın ağ olmasında, yaxud heç, hədiyyələrdə də deyil. Hədiyyəni, adi adam gətirsə, uşaqlar, heç bu qədər sevinməzlər; sırf, bir ortaq duyğu adamı gətirdiyi üçün, “bəşəriyyətin ağsaqqalı” gətirdiyi üçün sevinirlər.
Bəli, həm də bir ümumi lider, ortaq rəhbər arayışının nəticəsidir, şaxtababa…
Bəli, uşaqlar, qarı sevirlər, amma böyüdükdən sonra sevməməyə başlayırlar, çünki böyüklər üçün müştərəklik, daha çox, başqa şeylərlə, fərqli vasitələrlə olur; böyüklər üçün ortaq duyğu, məsələn, hansısa ideologiyada həmfikir olmaqdır və ya eyni peşəyə sahib olmaqdır. Amma, uşaqlar, uşaq olduqları üçün hansısa dünyagörüşləri, peşələri təbii ki, olmur və məhz belə sadə şeylər-qar ya da hansısa oyuncaqlar, onlar üçün, ortaq dil rolunu oynayır.
Üstəlik də, axı qarın və pis hava şəraitinin nəticələrini, xəstələnmək qorxusunu, gündəlik qayğıları, uşaqlar hiss etmirlər, böyüklər isə hiss edirlər. Uşaqlar üçün qar, sadəcə oyun, sevinc və romantikadır.
Bax, bizim, çoxumuzun həyata olan münasibəti, elə uşaqların qara olan münasibəti kimidir; biz, həyatı, bir sevinc, oyun, romantika kimi görürük, ancaq, sonra, qarın gətirdiyi problemlər kimi, həyatın gətirdiyi problemlərlə qarşılaşdıqda isə “nə baş verir?”, “niyə belə oldu?” deyə, şok keçirib pis vəziyyətə düşürük!
Halbuki, həyat da, eynilə qar kimi ikitərəfli, ikiyönlü bir məsələdir; romantika da, sevinc də var, amma problemlər də, çətinliklər də mütləq var.
Lakin, çoxumuz, buna hazır olmuruq, romantikaya qapılıb, həyatdan ancaq rahatlıq gözləyirik və beləliklə də, həyatın digər üzü ilə-çətinliklər və problemlərlə qarşılaşdıqda, hazırlıqsız yaxalanır və depressiyaya giririk…
Həyata düzgün baxışa sahib olmaq-bax, əsas məsələ, ən mühüm mövzu, budur! Həyata, “sevinc dolu, romantik bir yer” kimi baxırıqsa, o halda, mütləq ki, şoklarla qarşılacağıq, hazırlıqsız yaxalanıb, stresə girəcəyik və büdrəyəcəyik…
