FİLOSOFDAN ŞOK FİKİRLƏR: “CƏMİYYƏT KİMİSƏ SEVƏ BİLMƏZ!”

0
0

İNSANLIQ TƏNHALIQDAN ƏZİYYƏT ÇƏKİR!”, “Tramp Bədbəxt Bir Adamdır!”, “Bizim Çoxlu “Tramplar”ımız Var!”, “Cəmiyyət Kimisə Sevə Bilməz!”, “Ölkəmizi Kataklizmlər Gözləyir!”, “Dini Ekstermizm Labüddür!”, “”Zəngəzur dəhlizi” böhrana səbəb olacaq!”, “Erdoğan Yavaşı da həbs edəcək!

Müsahibimiz maraqlı və orijinal fikirlərə sahib, filosof-psixoloq Yunis Dürüstdür.

-Yunis bəy, pandemiya yeni başlayarkən demişdiz ki, indi baxmayın ki, camaat bir-birinə möhkəm sarılıb, karantin bitəndən sonra əvvəlkindən daha pis ayrılacaqlar…. Boşanmaların fantastik həddə çatacağını söyləmişdiniz…

-Bəli, hələ 2019-cu ildə dərc edilən “Sevgidə Əsas Rol Oynayan Faktor Hansıdır?” adlı məqaləmdə demişdim ki, cəmi 10-15 il sonra, ayrılmalar, 90-95 faizdən də çox olacaq və nəinki “ailə”, hətta bir müddət sonra “sevgi” anlayışı da mövcud olmayacaq.

Çox təəssüf ki, proseslər, bu yöndə gedir!

-Bir filosof olaraq, fikrinizcə, dünyanın, insanlığın ən böyük problemi nədir, hazırda?

-Dünyanın yaxın onilliklər üçün əsas problemi, fikrimcə, eqo və tənhalıq problemidir. Hansı ki, bunlar, bir-birilə sıx bağlıdır. Belə ki, insanlar, özlərini, hər şeyin və hər kəsin fövqündə görməyə çalışırlar, bu da, nəticədə başqalarından uzaqlaşmalarına, tənhalaşmalarına səbəb olur.

-Fikrinizcə, süni intellektin bəşəriyyətə bu baxımdan nə kimi təsiri ola bilər?

-Süni intellekt, bu tənhalıq böhranında, əl atılan yalançı bir çarədir. İnsanlar, artıq məlum proqramlar və çatlar vasitəsilə, tənha olmadıqlarına özlərini inandırmağa çalışırlar. Bu isə, əksinə, onları, daha dəhşətli tənhalığa və böhrana sürükləyir. Səbəbi də sadədir: qarşılarındakı, İNSAN DEYİL!

-Yunis bəy, necə düşünürsünüz, ABŞ lideri Donald Tramp dünyaya nə vəd edir?

– O, guya müharibələri bitirməyi vəd edirdi, sülh və aramlıq mesajları ilə diqqəti cəlb edirdi. Lakin, bir neçə həftə keçməmiş isə qarşıdurma, təhdid vəd etməyə başladı, müharibə mesajları ilə diqqəti cəlb etdi… Dünyada bundan sonra qarşıdurmaların, “alov”ların artması labüddür. Çünki, dünyanın “yüyəni”ndə, bədbəxt, daxilən tənha və üstəlik də axmaq bir adam var!

Amma, qeyd edim ki, onun seçilməsi, ABŞ prezidenti olması, adekvat bir haldır. Çünki, bəşəriyyət, tənhalıqdan qurtulmaq üçün qeyri-adi çıxış nöqtəsi axtarır və bütün dünya, bu cür dəlisov, şoumen şəxslərə meyil göstərir. Yəni, elə bizdə də, ən absurd, ən yaramaz müğənnilərin, şoubazların, tiktokerlərin, bloqqerlərin öndə tutulması, heç də təsadüf deyil. Bizim çoxlu “Trampımız” var!

-Maraqlıdır ki, insanları əyləndirən tiktokerlər həbs olunanda, insanlar heç də üzülmədi, hətta sevindi…

-Bəli, bu, cəmiyyətin ümumi psixologiyasını yansıdır: tərəddüd və tənhalıq. Yəni, onlar, insanları əyləndirəndə, insanlar, tənhalıqdan “qurtulub” onlarla əylənirdi. Sonra bu dəfə polislər, onları “tutanda”, insanlar, bu dəfə polislərə qoşulub, tənhalıqdan “qurtuldu”…

 Yəni, sabah da polisləri kimsə “tutsa”, insanlar, onlara qoşulub əylənəcəklər…

Bu silsilənin sonu yoxdur… İnsanların məqsədi, kimisə sevmək yox, tənhalıqdan qurtulmaqdır…

-Onda belə çıxır ki, istənilən bir adamın sevilməsi, əslində, yalandır, qeyri-şüuruidir…

-Bəli, elədir. Mən cəmiyyətin kimisə, şüurlu şəkildə, həqiqətən sevə biləcəyini düsünmürəm. Hətta, bir çoxlarının sevdiyi Hacı Şahin Həsənlini götürək. Düzdür, öləndə, əksəriyyət ona üzüldü, amma unutmayaq ki, ölümündən bir neçə gün öncə əksəriyyət, ona müsbət baxmırdı…

Ayrı-ayrı, tək-tək adamların sevgisinə, şüurluluğuna inanıram, amma cəmiyyətin yox.

 -Yunis bəy, sizcə, ölkəmizi qarşıdakı illərdə nələr gözləyir?

-Mən təəssüflə deməliyəm ki, cəmiyyəti və ölkəni ciddi problemlər, kataklizmlər gözləyir. Problemlərdən biri, qətiyyətlə deyirəm ki, dini və ümumi radikalizm olacaq. Lakin, heç də şiə radikalizmi yox, tam əksinə, “meşə qardaşları” kimi sələfi qruplaşmaların, xüsusən, şimal bölgəsində başladacağı ekstermizm.

Ümumi tənhalıq böhranı da bu prosesi tətikləyən amillərdən biri durumundadır. İnsanlar tənhalaşdıqca, çıxış yolu kimi qeyri-ənənəvi, fərqli, radikal təmayüllərə maraq göstərirlər və dini baxımından da bu fərqlilik, ən radikal istiqamətə meyli artıracaqdır. Yəni, siyasi meyilli insanlar, siyasi baxımından radikal, dini meyillilər də dini baxımdan radikal istiqamətə yönələcəklər.

Sözsüz ki, iqtisadi böhran da burda təsirli olacaq. Amma, daha çox, faktiki siyasi liderin olmaması və həmçinin, dini liderin olmaması, prosesi tətikləyəcək. Mən deyərdim ki, yaxın 10 il üçün ölkədə dini ekstermizm ehtimalı, ən az 90-95 faizdir.

-Sizcə, “Zəngəzur dəhlizi” açılacaq?

-Məncə, açılması, çox böyuk böhranlara səbəb olacaq…

-Bəs, qardaş Turkiyədəki prosesləri necə qiymətləndirirsiniz? Orda bundan sonra nələr baş verəcək?

-Mən Ərdoğanın planını belə özətləyərdim: “Tutar qatıq, tutmaz ayran”. O, fikrimcə, muxalifət liderini nümayişkəranə təqib və həbs etməklə 2 ehtimala oynayır:

1) Ya cəmiyyət “püskürəcək” və radikal reaksiya verəcək; nəticədə bu, bəhanə edilərək, yenidən fövqaladə hala keçiləcək. 2)Ya da cəmiyyət, bir müddət sonra sakitləşəcək və Ərdoğan da istədiyi, zəif hesab etdiyi namizədlə seçkiyə gedib, onu udmaqla, bir neçə il də “kresloda” qalacaq.

Fikrimcə, o, “yarışıla bilən”, “zəif” namizəd kimi, hazırki CHP sədri Özgür Özəli görür.

Yəni, növbəti plan, İstanbul bələdiyyəsini ələ keçirib, sonra da Mansur Yavaşı həbs etməkdir.

-Yunis bəy, sonda bir filosof kimi cəmiyyətə nələri tövsiyyə etmək, demək istərdiniz?

-Mən insanlara birinci növbədə bunu demək istərdim: çalışın, sizi əyləndirənlərə, maraqlı şoubazlara yox, maraqsız, amma ləyaqətli şəxslərə qiymət verin! Onsuz da şoubazlar, sizi uzağa apara bilməyəcəklər, daha dəhşətli tənhalığa sürükləyəcəklər! Bu, 2+2-nin 4 etməsi qədər qaçılmazdır, aksiomdur. Dünyada, hələ elə bir əyləncəli, “fenomen” şəxs olmayıb ki, xoşbəxt olsun! Çünki, o şoubazların, “əjdahalar”ın özü də elə tənhalıqdan, depressiyadan qaçmaqla məşğuldurlar. Necə deyərlər, “keçəl çarə bilsə, elə özünə edər…” Cəmiyyətdə öndə tutulan, trend olan şəxslərin, demək olar ki, hamsı, “keçəl”dirlər…. Bircə Hacı Şahin istisna idi, o da zatən getdi…

Xeberciniz.biz

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir