SÜNİ İNTELLEKTLİ MER
Bakıda keçirilən növbəti “Venesiya günləri” barədə danışan mer Eldar Əzizov, şəhər sakinlərinə yeni müjdəni verərək bildirib: “Ən az 2 il müddətində, sakinlərimiz, belə suprizlərə hazır olmalıdırlar! Biz sakinlərimizi çox sevirik!…”
Yox, axırıncı cümləni özümüzdən əlavə etdik, amma qalanını həqiqətən deyib. Bakıda baş verən növbəti su basmalardan günlər sonra, medianın xahiş və minnətiylə açıqlama verməyə məcbur qalan Eldar müəllim, bəlkə də ChatGPT-yə müraciət edib və şablon cavabı mediaya təqdim edib.
Yoldaş mer deyib ki, Bakı elə sürətli və güclü inkişaf edir ki, kanalizasiya və infrastruktur, buna ayaq uydura bilmir! Ona görə də ən az 2 il müddətində belə hallar, daşqınlar davam edəcək və zatən 2 ildən sonraya Allah kərimdi, kim ölər, kim qalar… Ölmə eşşəyim ölmə….
Mer, işarə edib ki, əsas ona diqqət etməz lazımdı ki ölüm-itim olmasın. Bunu üçün də o, unikal və möhtəşəm bir təklif verib: tunelleri su basan kimi, giriş-çıxışlar bağlansın!
Vəssəlam, beləcə, su lap 2 metrə də qalxsa, boğulan olmayacaq! Necə ki çirkli su hövzələrində, kanallarda boğulan olmursa, eləcə də tunellərimizi də kanal kimi düşünməli və uzaq durmalıyıq!
Hə, düzdü burda sual yaranır: axı tunellər olmadan, şəhərdaxili hərəkət etmək olmaz, necə edək, harasa getməyəkmi?
Yoldaş mer, bax bu suala cavab verməyib!
Eybi yox, mediamızdan xahiş edək ki, yenidən Eldar müəllimə müraciət etsin və bu sualın da cavabını alsın ki, açıqlama, tam olsun!
________________
Biz müdrik merin cavabını təxmin edə bilərik: “Elə bilin ki sərt karantin gəlib! Hər kəs dar günə tədarük görsün, azuqə toplasın!”
________________
Bu arada mer, küləkli havada, köhnə ağacların yıxılması probleminə də toxunub. O, yenə də təmkinli və soyuqqanlı cavab verərək, burda bir narahatçılığa əsas olmadığını bildirib: “ağac yıxılar, eybi yox, yenisini əkərik.”
Amma, ağac yıxılanda, bəzən maşınlara, hətta evlərə də zərər verir, bəs, bu, necə olacaq?
Müdrik merimiz, görünür ki, ya ChatGPT-nin cavabını sonacan kopyalamayıb, ya da açıqlama, redaksiyalara çatana qədər, yolda islanıb deyə bəzi sözlər itib!
____
P.S. Merimiz, görünür ki, texnologiyanı, innovasiyanı səhv anlayıb! O, deyəsən, elə zənn edir ki, elmin inkişafından yararlanmaq, ChatGPT-yə cavab yazdırmaq deməkdir…