BAKI SAKİNLƏRİ, YENİ EKSTRİM YAŞADILAR
Şanlı məmurlarımızın diqqət və qayğısı nəticəsində, Bakı sakinləri, 22 oktyabr tarixində yeni bir adrenalin yaşadılar!
Onlar, gözəl idman növlərindən olan üzgüçülüyün keyfini çəkdilər, həyatda sağ qalmaq üçün təbii sörvayvır yaşadılar.
Beləcə, əllərindəkinin qədrini bilmək üçün ən effektiv və ən real psixoloji seans keçdilər.
Doğrudur, bu seans, itkisiz olmadı, azı 2 nəfər suda boğuldu, amma hər halda, sağ qalanlar, həyatları boyu unutmayacaqları dramatik bir təcrübə yaşadılar.
Düzdü, yayda üzgüçülüyün keyfini, şəhərdən kənarda, dənizdə yaşamaq imkanı var, lakin məhz şəhərin ortasında, əlçatan yerlərdə belə bir şəraitin yaranmasının, üstəlik də soyuqda və gözlənilmədən baş verməsinin ləzzəti başqadır! Hələ biz onu demirik ki, üzgüçülüyü bacarmayanların da belə bir ekstrimlə baş-başa qalması, ümumiyyətlə, fısqırıq idi!
Allah, üzə bilməyən və boğulan 2 insanımıza rəhmət etsin!
Sonda, bu inanılmaz və misilsiz anların səbəbkarlarına-qayğıkeş məmurlarımıza minnətdarlıq bildirməyi də unutmayaq!