DEKORATİV, YOXSA HƏQİQİ XOŞBƏXTLİK?
Sosial şəbəkələrdə tez-tez pozitiv statuslarını, gülümsəyən şəkillərini görüb xoşbəxt olmalarına qibtə etdiyimiz insanlar, əslində, elə xoşbəxtlikdən ən uzaq insanlardır! Onların bu davranışlarının, smaylikli paylaşımlarının əsas səbəbi, məhz boşluqlarını doldurmaq və xoşbəxt olmaq istəyidir. Xoşbəxt olsaydılar zatən bunu, sosial şəbəkələrdə deyil, real həyatda yaşayardılar. Çünki, heç bir insan, realdakı xoşbəxtliyi, virtualdakına dəyişmək istəməz; əksinə, anı yaşamaq istəyər.
Demirəm ki, virtualda olmaq pisdir, sadəcə dediyim odur ki, əgər insan xoşbəxtdirsə, bunu bildirməyə deyil, yaşamağa çalışar, bildirmək lazım olanda da ya bunu təxirə salar, ya da bu, ona darıxdırıcı görünər. Heç görmüsüzmü ki, bir bəy, toyda olarkən durub birdən harasa getsin?)…
Hə, düzdür, artıq, deyəsən, belələri də tapılıbdır; toydan canlı yayım edirlər. Amma bu, məhz yetərincə xoşbəxt olmamağın, psixoloji problemin nəticəsidir.
XOŞBƏXTLİK, ELƏ BİR ŞEYDİR Kİ, O VARSA ZATƏN ONU REKLAM ETMƏZSƏN, EDİRSƏNSƏ DEMƏLİ O YOXDUR!
“Allah mənə çoxlu sevgi, böyük ürək veribdir, hər kəsi sevirəm, eşq olsun!” deyə status yazanlar, ola bilər ki həmin an xoşbəxtdirlər, lakin məsələ budur ki onların xoşbəxtliyinin mənbəyi, camaatdan aldıqları layk və diqqət kimi keçici və xırda şeylərdir. Əgər öncəki statuslarına az adam layk qoysaydı, əmin olun ki bu “pozitiv” statusu da yazmazdılar və stressə girib, “qədirbilməzlik” barədə neqativ bir status yazardılar…