Fiziki çətinliyi olanlar Bakı metrosunda sərbəst hərəkət edə bilirmi?

0
0
Bakı metrosunun mövcud 25 stansiyasının 23-də əlil araba istifadəçilərinə girişi qadağan edən işarə qoyulub
Bakı metrosunun mövcud 25 stansiyasının 23-də əlil araba istifadəçilərinə girişi qadağan edən işarə qoyulub

Fiziki çətinliyi olan araba istifadəçiləri Sovet dönəmində tikilən metro stansiyalarından heç vaxt istifadə edə bilməyəcək, “Bakı Metropoliteni” QSC sözçüsü Nəsimi Paşayev BBC Azərbaycancaya deyib.

O deyir ki, Sovet dönəmində tikilən stansiyalarda belə araba istifadəçiləri üçün hər hansı infrastruktur nəzərdə tutulmayıb. Bəzi metro-stansiyaların dərinliyi və oradakı infrastruktur da bunu qeyri-mümkün edir.

Azərbaycan Respublikasının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və təşkilatlar tabeliklərində olan nəqliyyat, rabitə, informasiya, mədəni-tamaşa və digər sosial infrastruktur qurğularını və obyektlərini öz vəsaitləri hesabına, əlilliyi olan şəxslərin (uşaqların) istifadəsi üçün uyğunlaşdırmalıdırlar.

Bakı metrosunun mövcud 25 stansiyasının 23-də fiziki çətinliyi olanlar üçün araba istifadəçilərinə girişi qadağan edən işarə qoyulub. İstifadəyə verilən yalnız son iki stansiyada araba istifadəçilərinin sərbəst hərəkəti üçün liftlər quraşdırılıb.

Araba istifadəçiləri deyir ki, əksər naziriklərdə, icra orqanlarında, hətta fiziki çətinliyi olan insanlarla aktiv təmasda olan qurumlarda da ehtiyacların nəzərə alınmaması onları “üzür”.

Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yeni fəaliyyətə başlayan ictimai əhəmiyyətli obyektlərin çoxunda fiziki çətinliyi olanlar üçün girişin nəzərə alındığını deyir. Müstəqil ekspertlər isə bu tələblərin yalnız xüsusi seçilmiş layihələrdə nəzərdə tutulduğunu qeyd edirlər.

Bənövşəyi xətt

Gələcəkdə bənövşəyi xətt üzrə inşa olunan 12 metrostansiyaları əlil araba istifadəçiləri üçün müyəssər olacaq
Gələcəkdə bənövşəyi xətt üzrə inşa olunan 12 metrostansiyaları əlil araba istifadəçiləri üçün müyəssər olacaq

Qarabağ döyüşlərindən qayıtdıqdan sonra araba istifadəçisi olan İlham Məhərrəmli nə vaxtsa metroya daxil olub stansiyaları gəzmək istədiyini deyir.

Sonuncu istifadəyə verilən metronun yeni bənövşəyi xəttdə yerləşən Avtovağzal və Memar Əcəmi stansiyalarında araba istifadəçiləri üçün lift quraşdırılıb.

İlham Məhərrəmov metrostansiyaların çoxunda qadağanın hələ də mövcud olduğu bir vaxtda son iki stansiyada liftin qoyulmasında “məntiq görmür.”

“Bu qadağa varsa, bunu aradan götürməmiş digər iki stansiyaya liftin quraşdırılmasının anlamı nədir”, deyə İlham Məhərrəmli sual edir.

Metronun Avtovağzal stansiyasında araba istifadəçiləri üçün nəzərdə tutulan lift açılışın növbəti günündən etibarən işləmir, BBC Azərbaycancaya danışan araba istifadəçiləri deyib.

Əraziyə baş çəkən BBC Azərbaycanca müxbirinə danışan stansiya işçilərinin bəziləri liftdə aparılan təmir işləri ilə bağlı olaraq onun bir günlüyünə bağlandığını, bəziləri isə liftdə turniketin yerləşdirilməsi işinin tamamlanmaması ilə əlaqəli olduğunu deyib.

“Bakı Metropoliteni” QSC sözçüsü Nəsimi Paşayev isə bildirir ki, stansiyalar açıldığı gündən sonra arabalar “liftləri xarab etdiklərinə görə müvəqqəti bağlanmışdı”. Hazırda liftlər tam işlək vəziyyətdədir və istənilən araba istifadəçisi bu xidmətdən yalnız bənövşəyi zolaq üzərindəki stansiyalarda rahat istifadə edə bilər.

“Liftdən istifadə etmək üçün növbətçiyə yaxınlaşmaq lazımdır və o açarla qapını açıb araba istifadəçilərinə liftdən istifadə etməyə kömək edəcək”, qurum rəsmisi izah edir.

Nəsimi Paşayev əlavə edir ki, metronun Avtovağzal stansiyasından başlayan bənövşəyi xətt üzərində Qaraçuxura qədər davam edəcək daha 12 stansiya tikiləcək. Həmin xətt boyunca tikiləcək bütün stansiyalarda araba istifadəçiləri üçün “lift də olacaq”.

“Bu xətt və bundan sonra tikiləcək ayrı-ayrı stansiyalarda bu lift nəzərə alınacaq”, metropoliten rəsmisi bildirir.

“Alayarımçıq” şərait

Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyində bu günə qədər əlilliyi olan insanlar üçün tualet yoxdur, əlil araba istifadəçisi deyir
Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyində bu günə qədər əlilliyi olan insanlar üçün tualet yoxdur, əlil araba istifadəçisi deyir

Sözügedən metro-stansiyalardakı liftə aparan yolda pilləkanlara qoyulan pandusların bucağı araba istifadəçilərinin liftə qədər sərbəst çatmasını və stansiyadan çıxandan sonra yolunu davam etdirməsini məhdudlaşdırır, istifadəçilər BBC Azərbaycancaya deyir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 22-ci maddəsinə əsasən fiziki çətinliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılmadan yaşayış məntəqələrinin layihələşdirilməsinə, tikilməsinə, yaşayış rayonlarının formalaşdırılmasına, binaların, qurğuların, o cümlədən aeroportların, dəmir yolu vağzallarının, komplekslərinin və kommunikasiyalarının tikilməsinə və yenidən qurulmasına yol verilmir.

Qanuna əsasən, yaşayış binalarının fiziki çətinlikli insanlar üçün uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları həyata keçirirlər. Bunu isə sadalanan qurumlar öz vəsaitləri hesabına etməlidirlər.

Uzun illər öncə səhhətində baş verən problemlərdən sonra araba istifadəçisi olan Qubad Qasımov deyir ki, o istədiyi ünvanın qapısına çatmadan, elə “pilləkan kandarında qalmağa alışıb”.

“Abşeron rayon icra hakimiyyətinin qəbuluna getdim bir dəfə. Pilləkanlar çox dik idi deyə xahiş etdim ki, 3 nəfər mənə qalxmaqda kömək etsin. İnanın 100 insandan biri də kömək etmədi. O gündən sonra bir də icraya getmədim”, – Qubad Qasımov dövlət müəssisələrinin binalarında müəssərliyin yaradılmamasından gileylənir.

Onu daha çox “üzən” əksər naziriklərdə, icra orqanlarında, hətta əlilliyi olan insanlarla aktiv təmasda olan qurumlarda da fiziki çətinliyi olan insanlar üçün hərəkətin nəzərə alınmamasıdır.

 Azərbaycan Respublikası Prezident Aparatının qəbul otağının giriş hissəsinə pandus 2014-cü ildə quraşdırılıb
Azərbaycan Respublikası Prezident Aparatının qəbul otağının giriş hissəsinə pandus 2014-cü ildə quraşdırılıb

Moskvada düşdüyü yol qəzasından sonra 7 ildən çoxdur araba istifadəçisi olan Amid Həsənov üçün icra strukturlarına daxil olmaq hələ də arzu olaraq qalır.

“İcra hakimiyyətinə gedib söz demək istəyirsən, içəri daxil ola bilmirsən. Ən azı 3 dənə pilləkan var. Gərək kimsə səni araba ilə götürüb qaldırsın”, – Amid Həsənov deyir.

Araba istifadəçisi olan Sevda Səfərəliyeva üçün isə Bakı Şəhər İcra hakimiyyəti, Milli Məclis, Nazirlər Kabineti hələ də getmək arzusunda olduğu dövlət qurumları siyahısındadır.

“Bir dəfə dostlarla Nazirlər Kabinetinə getdik. Orda pilləkənlar var idi deyə qəbul otağına daxil ola bilmədik. Kimisə çağırdılar. Onlar aşağıda, biz yuxarıda (pilləkənlərin başlanğıcında) söhbət etməyə məcbur olduq”, xanım Səfəriəliyeva həmin mənzərəni indi təbəssümlə xatırlayır.

Onun sözlərinə görə, bu gün “barmaqla sayılacaq” dövlət qurumlarının, icra strukturlarının binasına quraşdırlan panduslar var ki, onlardan yalnız müşayiət edən şəxs olduğu halda “qismən rahat” istifadə edə bilirlər.

Bu siyahıya o, davamlı və çoxsaylı müraciətlərindən sonra Prezident Aparatının qəbul otağının pilləkanlarına quraşdırılan pandus, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Binəqədi Rayon İcra hakimiyyəti və məhkəmə binası, o cümlədən bir çox xəstəxanaları daxil edir.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu günə qədər əlilliyi olan insanlara uyğun tualet yoxdur”, o təəssüflə qeyd edir.

Təhlükəli panduslar

Bir çox əlil araba istifadəçiləri dik panduslardan istifadə etməyə risk etmirlər
Bir çox əlil araba istifadəçiləri dik panduslardan istifadə etməyə risk etmirlər

Bir neçə il əvvəl Milli Məclisin qəbul otağına quraşdırılan pandusdan isə Sevda Səfərəliyeva istifadə etməyə “risk etmir”.

“Pilləkanların üstünə mərmərdən iki keçid atıblar. Maililik bucağı yolverilməz dərəcədə çoxdur. Ordan keçəndə 3-4 nəfər arabanı tutmalı olur” deyən Sevda Səfərəliyeva bu şərtlər altında qəbul otağına əlil arabasını elektriklə deyil, yalnız əl ilə idarə edə bilənlərin daxil ola biləcəyini vurğulayır.

Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimli arabalar üçün hərəkət yollarının bəzi müəssislərin yalnız girişində yaradılmasından gileylənir.

“Dövlət Sosial Müdafiə Fondunda quraşdırılan pandusla yalnız içəri daxil ola bilirsən”,- o əlavə edir.

Mərmərdən hazırlanan pandusun yağışlı havada “sürüşkən” olduğunu deyən cənab Rəhimlinin sözlərinə görə binada “müyəssərlik onlara qismən uyğunlaşdırılıb.”

Araba istifadəçisi olan gənc fəal Tural Əlisoy üçün vacib olan məsələ, binanın və ya evin sxemini hazırlanmasında bütün incəliklərin qeyd olunmasıdır.

“Bizdə isə bu belə deyil. Bu haqda nə qədər yazsanız da xeyri olmur, yenilik olmur”, gənc fəal təəssüf hissi ilə deyir.

Ən sadəsi

Müyəssərliklə bağlı müddəalar Sovet dönəmində mövcud olan tikinti noma və qaydalarında mövcud olsa da bunlar tikintidə tətbiq olunmayıb
Müyəssərliklə bağlı müddəalar Sovet dönəmində mövcud olan tikinti noma və qaydalarında mövcud olsa da bunlar tikintidə tətbiq olunmayıb

Şəhər İnkişaf Mərkəzinin rəhbəri Fuad Cəfərli deyir ki, binaların tikintisində müyəssərliklə bağlı müddəalar həmişə, hətta Sovet dönəmində mövcud olan tikinti noma və qaydalarında da mövcud olub. Dövrünə görə Sovet standarlaşdırma sistemi dünyada ən mükəmməli olsa da, bunlar tikintidə tətbiq olunmayıb.

“Hazırda tikilən binalarda müyəssərlik, yəni əlilliyi olan insanların binaya giriş infrastrukturu, onların daşınması üçün vacib olan köməkçi hissələr yalnız xüsusi seçilmiş layihələrdə nəzərdə tutulur. O layihələr ki, daha yuxarı seqmentli və ya xarici tikinti şirkətləri tərəfindən həyata keçirilir”, Fuad Cəfərli vurğulayır.

“Vətəndaşların əmək hüquqları” Liqasının sədri Sahib Məmmədov mövcud vəziyyəti müyəssər infrastrukturun yaradılmasına tələb olunan maliyyə ilə əlaqələndirir.

Liqa sədri qeyd edir ki, müyəssərlik infrastrukturun girişdən başlayaraq binanın içində üfüqi və vertikal hərkətə qədər geniş spektri əhatə edir. Burada yalnız əlil araba istifadəçiləri deyil, həm də görmə əlilliyi olan insanlar nəzərdə tutulur.

“Yeni bina inşa olunarkən orada müəssərliyin yaradılması ümumi smetani 1,5 faiz artırır, amma inşa olunmuş binanın üzərində yenidən quranda isə bu xərcləri 20 faizə qədər çoxaldır”,- o əlavə edir.

Qanun

Qurum rəsmisinin sözlərinə görə, müəssərliyin təminatı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanunda, həmçinin “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nda əsas prinsiplərdən biridir. Bu prinsiplərin işləməsi üçün isə nazirlik bu il qanunvericilkdə müvafiq dəyişiklər etməyi nəzərdə tutur.

Azərbaycan 2008-ci ilin oktyabrında BMT-nin Fiziki çətinliyi olan insanların hüquqları haqqında Konvensiyaya qoşulub. Konvensiya sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətin istənilən sahəsində tam iştirakının təmin edilməsinə, fiziki çətinlik əlamətinə görə ayrı-seçkiliyin ləğvinə, fiziki çətinliyi olan şəxslərin müdafiəsinə, onların insan hüquqlarının və əsas azadlıqlarının həyata keçirilməsinə və bunun üçün səmərəli hüquqi mexanizmlər yaradılmasına yönəlib. bbc.com

XƏBƏRİ SƏSLİ DİNLƏMƏK ÜÇÜN VİDEOLU QAYDANI İZLƏ!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir