Şəhid Teymur Rəsulov “QÜRUB VAXTI”
ŞƏHİD TEYMUR RƏSULOVUN “QÜRUB VAXTI”NIN TƏQDİMATI KEÇİRİLİB
Xebeciniz.biz “1Xəbər 1Şərh” istiinadən xəbər verir ki, qəlbi vətən və xalq atəşi ilə qovrulan, ən dəyərli şeyi olan canından keçməyə hazır olan igidlərimizdən biri də, Teymur Rəsulov adlı gənc idi. Bəlkə də çoxlarından fərqli olaraq, yüksək intellekti, yaxşı imkanı, perspektivli işi, gözqamaşdırıcı karyerası olan bu cavan üçün, ilk baxışda, həyat, çox dəyərli olmalı idi və ölmək üçün, heç bir səbəb olmamalı idi. Lakin, ölüm, elə onda dəyərli olur ki, qurban verəcəyin, itirəcəyin ÇOX ŞEYLƏRİN VAR!
Digərlərindən fərqli olaraq, sıradan və adi həyatın sərhədlərindən kənara çıxa bilən şəhid Teymur Rəsulovun kitabının təqdimatı keçirilib. Özünə seçdiyi, “Teymur Turan” təxəllüsü ilə yazdığı yazı və şeirlərin toplandığı bu əsəri, şəhidin, canını fəda etdiyi cəmiyyətə ikinci ərmağanı da hesab etmək olar. Kitabda, onu tanıyan insanların maraqlı xatirələri, Teymur barədə fikirləri də yer alır.
“Qürub Vaxtı” adlanan kitabın mənəvi fəzasının və nurunun təsirinə yığılan yüzlərcə qonaq üçün, kəskin isti və bürkü, maneə olmayıb. Tədbir, öncə, film ilə başlayıb. Teymurun, Vətən Müharibəsi başlanan gün yazdığı məqaləsi əsasında hazırlanan sözügedən filmi maraqla izləyən iştirakçılar, daha sonra çıxışları dinləyiblər. Tədbirin qonaqları arasında, ən müxtəlif sahələrə aid olan ictimai şəxslər olubdur. Şəhidin işlədiyi “Norm” şirkətinin Baş icraçı direktoru Henninq Sasse, öz çıxışında, Teymurun xatirəsini ehtiramla yad edib və bütün gənclərə nümunə ola biləcək insani keyfiyyətlərindən danışıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, univeristetin şəhid və qazi məzunları barədə danışıb, Teymur Rəsulovun, fəxr mənbəyi olduğunu qeyd edib. Ədəbiyyatşünas-yazar Mail Yaqub isə şəhidliyin və fədakarlığın önəmindən bəhs edib.
Tədbirdə çıxış edən Polad Həşimovun anası Səmayə Həşimova, cəmiyyətin və xüsusən dövlətin qazilərə yüksək dəyər verməli olduğunu vurğulayıb.
Azərbaycan Yüksəliş Partiyası rəhbəri Anar Əsədli, şəhidin yaxını, sosioloq Sahib Altay, şair-publisist Arif Buzovnalı, Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri Əhməd Niyazov, Teoloq Vüqar Səmədov, həmçinin şəhidin döyüş yoldaşları, ibtidai sinif müəllimi, söz alaraq, fikirlərini, ürək sözlərini ifadə ediblər. Tədbirdə iştirak edən deputat Aydın Hüseynov şəhidin kitabının və onun barədə hazırlanan filmin estetik məziyyətlərindən danışıb.
Sonda, səhnəyə çağrılan sözügedən filmin rejissoru, filosof Yunis Dürüst, çıxışında, şəhid Teymurun, digərlərindən fərqli olaraq, canlı, diri olduğundan, insanlara müsbət təsirinin, effektinin davam etdiyindən bəhs edib və sözlərini, “Şəhidin qanı yerı tökülmür, cəmiyyətin damarlarına axır!” frazası ilə bitirib.