ÖZ ƏSƏRİNİN QƏHRƏMANI OLAN İGİD-TEYMUR RƏSULOV

0
0

ÖZ ƏSƏRİNİN QƏHRƏMANI OLAN İGİD-TEYMUR RƏSULOV

Bu günlərdə, Vətən savaşının əsasını qoyan “Tovuz döyüşləri”nin ildönümünü yaşayırıq. Hansı ki, 2020-ci il 12 iyul tarixində başlanan, 14 iyulda isə yüksək rütbəli zabitlərimizin məşum bir şəkildə şəhid olmasıyla pik nöqtəsinə çatan bu proses, “Polad Həşimov fenomeni”ni doğurmuşdu. Məhz bundan sonra qəlblər riqqətə gəlmiş, on minlərcə insan vətəni qorumağa hazır olduğunu bildirmiş, hərbi komissarlıqlara axın etmişdi.


Ürəkləri “Polad Həşimov atəşi” ilə qovrulan və ən dəyərli şeyi olan canından keçməyə hazır olan igidlərimizdən biri də, Teymur Rəsulov (Teymur Turan) adlı gənc idi. Bəlkə də çoxlarından fərqli olaraq, yüksək intellekti, yaxşı imkanı, perspektivli işi, gözqamaşdırıcı karyerası olan bu cavan üçün ilk baxışda, həyat çox dəyərli olmalı idi və ölmək üçün heç bir səbəb olmamalı idi. Lakin, ölüm elə onda dəyərli olur ki, qurban verəcəyin, itirəcəyin ÇOX ŞEYLƏRİN VAR!

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, ölkənin öncül energetika və elektrotexnika mühəndisi, şair, publisist Teymur Rəsulov bütün imkanlarından və imtiyazlarından vətən və xalq yolunda keçib, Haqq savaşında bir zərrə olmağı seçdi. Düşüncələri və yaşamı ilə, Fədakarlıq adlı şahanə bir əsər yaradan Teymur özünü xalq, dövlət, Haqq üçün fəda etməklə öz əsərinin qəhrəmanı oldu!

Vaxtilə, milli qəhrəman Mübariz İbrahimovla bir yerdə hərbi xidmət keçən Teymur onun şəhid olmasından çox təsirlənmiş, ümumilli bir savaş üçün ümidlənmiş, lakin bu ümidi reallaşmamışdı.

Və budur! Bu dəfə ümidlər, arzular reallaşacaqdı! 27 sentyabr 2020-ci ildə Azərbaycan dövlətinin işğaldakı torpaqları qurtarmaq üçün başlatdığı Vətən Savaşı üçün könüllü yazılanlardan biri də Teymur Rəsulov idi. Hansı ki, müharibəyə qatılması yetərincə çətin və israrlı bir mübarizədən sonra olmuşdu.
Bəli, Teymurun gözlədiyi gün-“Hesab günü” gəlmişdi. Yağılardan qisas almaq, dədə-baba torpaqlarını azad etmək vədəsi yetişmiş, Haqqın döyüşçüsü olmaq anı çatmışdı. Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunması uğrunda rəşadətlə və bütün varlığıyla döyüşən haqq savaşçısı nəhayət Müstəqilliyimizin bərpası günündə-18 oktyabrda, Hadrut-Şuşa yolunda şəhadətə yetişdi və son nəticədə arzusuna çatdı.

Teymur barədə çox sözlər demək, çox şeylər yazmaq olar. Zatən bu yaxınlarda onunla bağlı kitab nəşr olunubdur. “Qürub Vaxtı” adlanan və iyulun 23-də təqdimatı olacaq kitab 2 hissədən ibarətdir: 1-ci hissədə Teymur Turanın şeir, esse və məqalələri, 2-ci hissədə onunla bağlı xatirələr yer alır.

Qeyd edək ki, 1Xəbər 1Şərh kanalı və Xeberciniz.biz saytının dəstəyi ilə Teymur Rəsulov haqqında qısa film də hazırlanıbdır. “Öz Əsərinin Qəhrəmanı Olan İgid” adlı bu əsəri biz uca şəhidin timsalında bütün əziz şəhidlərimizin ruhuna ithaf edirik və ekskluziv olaraq təqdim edirik.
Qeyd edək ki, bu film Teymurun İkinci Qarabağ müharibəsi başlanan gün yazdığı dramatik və anlamlı bir məqaləsi əsasında hazırlanıb.

P.S. Şəhidlik amalının yayılması və Teymur Rəsulovun uca ruhu üçün filmin maksimum bəyənilib, paylaşılması tövsiyyə olunur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir