Rüsumlara dəyişiklik əhalinin 90 faizinə mənfi təsir edəcək – Qiymətlər qalxacaq

0
0

EKSPERT: “2023-CÜ İLDƏ NƏ EDƏCƏKLƏR? HƏR İL NƏSƏ TAPILMALIDIR, ÇÜNKİ İQTİSADIYYATDAN YIĞILAN VERGİNİN HƏCMİ KİFAYƏT ETMİR”

Azərbaycanda “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, bir çox dövlət rüsumunun artırılması nəzərdə tutulur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu gün Azərbaycanda tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır.

O qeyd edib ki, bir çox dövlət rüsumları 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib. Nazir müavini bildirib ki, bu müddət ərzində baş verən inflyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub.

Mövu ilə bağlı AYNA-nın sualını cavablandıran iqtisadçı ekspert Toğrul Vəliyev deyib ki, dövlət rüsumlarının artırılması birbaşa olaraq qiymətlərə təsir edəcək: “Əhali üçün satışa çıxarılan məhsullarla bağlı, eyni zamanda, müvafiq sənədlərin qeydiyyatı ilə bağlı rüsumlar daha təsiredici olacaq. Bu, birbaşa olaraq qiymətlərə təsir edəcək. Digər rüsumlarla insanlar 5-10 ildən bir qarşılaşır, lakin ümumi baxdığımızda onlar da təsirsiz ötüşmür”.

T.Vəliyev qeyd edib ki, bu cür artımdan daha çox əhalinin azgəlirli təbəqəsi zərər görür: “Gələn ilin büdcə layihəsinə baxsaq görərik ki, dövlət rüsumları üzrə daxil olmaların payı iki dəfədən artıq artmalıdır, layihədə belə yazılıb. Bu, o deməkdir ki, dövlət büdcəsi öz gəlirlərini məhz bunun hesabına həyata keçirəcək”.

“Nəticə etibarilə müxtəlif rüsumların artırılması yox, ölkə üzrə rüsum səviyyəsinin artırılması qiymət səviyyəsinin də artırılmasına səbəb olacaq. Bu da təbii ki, əhalinin 90 faizinə mənfi təsir edəcək. 10 faizi deyəndə biz daha varlı təbəqəni nəzərdə tututuruq, onlara daha az təsir edəcək. Lakin daha çətin vəziyyətə düşəcək əhali təbəqəsi gəlirləri az olanlar olacaq. Bizdə isə əhalinin 90 faizinin gəlirləri demək olar ki, eynidir”, – Vəliyev vurğulayıb.

Ekspertin sözlərinə görə, rüsum artımı ilə bağlı qərar 2022-ci il dövlət büdcəsinə yeni gəlir istiqamətləri axtarmanın nəticəsi olaraq atılıb: “Təəssüf ki, bizdə qeyri-neft adlandırılan sahənin inkişafı yoxdur. Bununla bağlı proqram hətta düzgün aparılsa belə, yaxın vaxtlarda mümkün deyil. Ən azı 5-10 il vaxt lazımdır. Amma dövlət büdcəsi xərcləri sabitdir və nisbətən yüksək olaraq qalır. Nəticə etibarilə yeni variantlar, gəlir yolları axtarılır. Onlar da bu cür formada tapılmış olur. Yeri gəlmişkən, gömrük rüsumlarının artımı da ciddi təsir edən faktorlardandır. Nəticə etibarı ilə dövlət büdcəsi üçün gəlir yolu axtarılarkən məcburi ödənişlərin artırılmasından başqa yol tapmırlar”.

“Bizdə dövlət büdcəsinin Neft Fondundan asılılığını sabit saxlamağa çalışırlar, artırmaq istəmirlər. Nəticə etibarilə böyük fərq yaranır. Bu fərqi 2021-ci ildə Mərkəzi Bank hesabına bağlayıblar, 2022-ci ildə isə bu alınmayacaq. Buna görə də dövlət rüsumu hesabına bu fərq bağlanır. 2023-cü ildə nə edəcəklər? Hər il nəsə tapılmalıdır, çünki iqtisadiyyatdan yığılan verginin həcmi kifayət etmir”, – deyə eskpert fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir