Milli Məclisdə əlillik təyinatı barədə fikirlər haçalandı…

0
0

Milli Məclisdə əlillik təyinatı barədə fikirlər haçalandı: Həsənquliyev komitə sədrini tənqid etdi

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev əlillik təyinatı ilə bağlı 60 qanuna təklif edilən dəyişikliklərə münasibət bildirib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, Q.Həsənquliyev deyib ki, qanunlara dəyişiklik üçün təklif olunan layihələr bəzi suallar yaradır.

“Mən sual edirəm, qanunlara dəyişikliklər qəbul edildikdən sonra bir insan II, III qrup əlil dərəcəsi almaq istəyirsə, onun orqanizminin neçə faizi fəaliyyətini itirməlidir? Bu məsələ qanun layihələrində yazılmayıb”, – deyə Q.Həsənquliyev əlavə edib.


Deputat Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin fikirlərini də tənqid edib:


“Qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı Musa Quliyev dedi ki, dəyişikliklərdən sonra Azərbaycanda əlillərin sayı arta bilər. Bu gün isə deyir ki, ola bilsin artacaq. Mən isə deyirəm: Azala bilər, ola bilsin ki, azalacaq. Məsələlər aydınlaşdırılmalıdır”.


Millət vəkili qeyd edib ki, bu qanun layihələrinin lehinə səs verə bilməz.

Digər Deputatlar da əlilliyin yenə meyarlarla təyin edilməsi ilə bağlı fikirlərini bildiriblər

Bu dəyişikliklər 630 mindən çox insanın taleyini həll edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, dəyişikliklərin əlavə problemlər yaradacağı, yoxsa əlilliklə bağlı mövcud problemin aradan qaldırılmasına kömək edəcəyi sual doğurur: “Bu dəyişikliklərin əlilliyi olan insanların aldığı müavinətin artmasına təsir göstərib-gəstərməyəcəyi də sual doğurur. Əlilliyin qiymətləndirilməsi ilə bağlı elektron sistem mükəmməl deyil. Bu da əlavə problemlər yaradır. Digər tərəfdən, əlilliyi ləğv edilən, saxta əlillik dərəcəsi alan insanları günahlandırırlar. Amma bu rəqəm minlərlə ölçülürsə, bunun günahını aidiyyəti orqanlar daşıyır”.

Deputat xüsusi səyyar komissiyalar yaradılmasını təklif edib: “Əlilliyi haqsız ləğv olunanların əlilliyi bərpa edilməlidir”.

O, qazilərin əlilliyinin müəyyən edilməsi ilə bağlı problemlərin hələ də qaldığını sözlərinə əlavə edib.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, pianoçu, tarzən bir barmağını itirirsə, bütün əmək qabiliyyətini itirir.

Deputat deyib ki, o şəxslərə I qrup əlillik dərəcəsi verilməlidir: “Hansısa professorun bir barmağını itirməsi ilə, rəssamın bir barmağını itirməsi eyniləşdirilməməlidir. Həm də burada bizə məlumat verilməlidir ki, bu dəyişikliklərlə hökumət nə qədər vəsaitə qənaət edəcək. Yəni 200 minə yaxın insanın əlilliyi ləğv ediləcək? Burada məqsəd daha az insana sosial müavinət, daha az insana əlillik dərəcəsi verməkdir. Əslində, məqsəd bu olmamalıdır. Qanunsuz əlilliyi təyin edən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu sənədlər çoxdan Baş Prokurorluğa göndərilməliydi”.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Azərbaycan əhalisinin hər 100 min nəfərinə düşən əlil sayına görə MDB məkanında 3-cü, Avropa sıralanmasında isə 56-cı yerdədir: “Əlillərlə bağlı son rəsmi rəqəmlər 600 minə qədərdir və onların 80 faizdən çoxu 2-ci qrupdur. Göründüyü kimi, millətimiz haqda bədgüman mülahizələrə yer yoxdur. Ölkəmizdə əmək qabiliyyətli əhalinin 68 faizdən yuxarı olması dünyadakı göstəriciyə tamam uyğundur”.

Z. Oruc bildirib ki, indiyədək 90 min insanın pensiyasının, 17 min nəfərin əlillik təyinatının ləğv edildiyi açıqlanıb: “Bu qədər vətəndaş ordusunun harada – əmək bazarında, özünüməşğul əhalinin sırasında, yoxsa işsizlərin siyahısında, ya da ictimai işlər və özəl sektorda özünə yer etməsinə dair məlumatı da təqdim etmək yaxşı olardı. O cümlədən, 2016-cı ildə Nazirlər Kabinetinin təkrar müayinə qarşısında olan 250 min şəxsin 2021-ci ilədək müddətinin uzadılması və cari ildə onların yenidən tibbi baxışa qayıtması, həmin şəxslərin də yekunda 60-70 mininin artıq əlillik reyestrindən çıxarılacağının anonsu bizi qayğılandırmaya bilməz.

Biz vətəndaşlarımızın sağlamlıq durumuna diaqnoz qoyarkən 2022-ci ildən qüvvəyə minəcək indiki daha humanist və çoxçeşidli qaydalarla deyil, haqsız olaraq tam əksəriyyətinə “saxta” deyib vətəndaşımızı yarğıladığımız, birtərəfli qaydada onu günahkar çıxardığımız, beləliklə ciddi gərginlik mənbəyinə çevirdiyimiz və insanları sosial qəyyumluq, müftəxorluqda suçlandırmağa səbəb olan hazırkı ləğv qərarları ilə üzə-üzə qoymuşuq”.

Komitə sədrinin fikrincə, Azərbaycanda əlilliyə çıxan şəxslərin əksər hissəsi kasıb və aztəminatlı təbəqədir və onlar haqda verilən ləğv qərarlarını dayandırmaq lazımdır.

Deputat Razi Nurullayev isə bildirib ki, “Əlilliyi olan şəxslərin hüquqları” haqqında qanuna təklif edilən dəyişikliklərin xeyli hissəsi mütərəqqi olsa da, əlilliyin bu şəkildə faizlə müəyyən edilməsi düzgün deyil: “Ola bilsin ki, bu, digər ölkələrdə özünü doğruldub, bizdə isə bu bir korrupsiya və ədalətsizliyə yol açacaq. Əlilliyin faizlə müəyyən edilməsi əyriliklərə və rüşvətxorluğa imkan yaradacaq. Deyək ki, birinin qara ciyəri, böyrəkləri, mədəaltı vəzisi, nə bilim ürək damarları 50 faiz funksionallığa malikdir, pul verəcək yazacaqlar 62 faiz. Yaxud, xəstəyə pul vermədiyi üçün 70% işləməyən böyrəklərinə 53% yazacaq. Yəni bu faiz məsələsi bank faizləri kimi xalqı böyrü üstə qoyacaq.

Əlilliyin təyinat məsələsini iki hissəyə bölmək lazımdır. Görünən və təsbit olunan əlillik – bura bədən orqanlarını itirmiş şəxslər daxildir – bir də daxili xəstəliklər ucbatından verilən əllilik. Ən çox incitmələr gözlə görünə bilməyən xəstəliklər ucbatından olacaq. Belə düşünürəm ki, bədən üzvlərini itirməyən şəxslər üçün əlillik almaq çətinləşdirilir”.

Yeni layihəyə əsasən əlilliyin orqanizmin funksionallığının 31 faizdən yuxarı itirilməsinə görə təyin ediləcəyini qeyd edən R. Nurullayevin fikrincə, həmin şəxslər üçün də nələrsə düşünülməlidir: Belə şəxslərin ən azı işə götürülməsində, təhsil, kredit almasında, özünüməşğulluq proqramlarına cəlb olunmasında bir üstünlüyü olmalıdır”.

Deputat Rüfət Quliyev deyib ki, burada ən böyük problem insanların işlə təmin edilməməsidir.

R. Quliyev hesab edir ki, bu insanlara seçim verilməlidir: “Xüsusilə 3-cü qrup əlillər özünüməşğulluq proqramı çərçivəsində işlə təmin edilə bilər. Ayda 300-400 manat müavinətin əvəzinə bu şəxslər özünümşğulluq proqramı çərçivəsində işləyərək bəlkə də iki dəfə artıq pul qazana biləcək. Bu insanlarla individual qaydada söhbətlər edilməlidir. İkincisi, adi əlillə müharibədən qayıdan əlil eyni deyil. Xahiş edirəm, bununla əlaqədar fikrimizi formalaşdıraq. Biri hansısa bədbəxt hadisə nəticəsində, digəri könüllü müharibəyə gedərək əlil olur. Yeni dəyişikliklərlə korrupsiyanın qarşısı maksimum alınacaq, amma bütün əlillərin bundan razı qalacağını deyə bilmərəm”.

Deputat Sahib Alıyev ötən ayın əvvəlində 18 qazinin təkrar əlilliyi yoxlanılarkən 9-nun əlilliyinin ləğv edildiyini diqqətə çatdırıb.

O bildirib ki, bu addımların insanları çətin vəziyyətə salmaq üçün atıldığını deyə bilməz: “Amma eyni zamanda bir sıra halda sadəcə mexaniki hallara da yol verildiyi görünür. Yarım il ərzində 23 min adamın əlilliyi ləğv edilib. Buna görə kim məsuliyyət daşıyır? Bu niyə səsləndirilmir? İkincisi, Türkiyədə müharibə əlillərinə, qazilərinə adi insanlardan fərqli yanaşma tətbiq edilir. Bu yanaşma bizdə də tətbiq edilə bilər”.

Firuzə Vahid.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir