Aqil Abbas, Sabir Rüstəmxanlı, Vahid Əhmədov – Əlilliklə bağlı layihəyə etiraz etdi… VİDEO
Aqil Abbas: “Əlilliklə bağlı layihəyə səs verməyəcəm”
“Çıxış edən deputatlar layihə barədə kəskin çıxışlar edir və sonra da deyir ki, çox mütərəqqi layihədir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.
“Biz sovet vaxtı oxuyanda universitetdə bizə keçirdilər ki, pensiya ilk dəfə İngiltərədə tətbib olunub. Həmin pensiya 65 yaşında verilib və ölü pensiyası adlandırılıb. Allaha şükür ki, lağ elədiyimiz başımıza gəlib. Mən bu layihəyə səs verməyəcəm. Otursunlar işləsinlər də. I Qarabağ müharibəsinin iştirakçıları hələ də veteranlıq ala bilməyib. Nazirlər Kabineti yanında veteranlarla bağlı komissiya yaradılıb. Onların hələ də bir açıqlaması yoxdur. Mütəxəssislər dəvət olunsunlar və layihəyə bir də baxsınlar” – deputat vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu qanun layihəsi III oxunuşda komitədə yenidən müzakirə olunsun:
“Suallara aydınlıq gətirilsin”.
Sabir Rüstəmxanlı: “Əlilliklə bağlı heç bir təklifimiz nəzərə alınmayıb, qanuna səs verməyəcəyəm”
Deputat Sabir Rüstəmxanlı əlilliyin müəyyənləşdirilməsi ilə balı qanun layihəsinin müzakirəsində parlament üzvlərinin təkliflərinin nəzərə alınmamasına etiraz edib.
S.Rüstəmxanlı bu barədə Milli Məclisin iclasında çıxış edib. O, Sosial siyasət komitəsinin sədri Musa Quliyevə iradını çatdırıb:
“Mən hörmətli Musa Quliyevin çıxışından belə başa düşdüm ki, əlilliklə bağlı qanun layihəsinin ilk oxunuşunda deputatların səsləndirdiyi təkliflərin heç biri nəzərə alınmayıb. Sadəcə bu qanunların dünya standartlarına uyğun olduğu qeyd edildi. Biz hələ də bilmirik ki, bu qanundan nə qədər insan əziyyət çəkəcək. Əgər qanunun meyarlar izah edilməsə, aydınlaşdırılmasa mən qanunun lehinə səs verə bilməyəcəm”. (Modern.az)
“Nazir Sahil Babayev özü gəlib məruzə etsin!” – Vahid Əhmədov əlilliklə bağlı qanun layihəsinə qarşı çıxdı:
“Keçmiş nazir Səlim Müslümov pensiya ilə bağlı elə bir layihə təqdim etdi ki, bu günə qədər onun altından çıxa bilmirik”
Bu fikirləri parlamentin növbədənkənar iclasında çıxış edən deputat Vahid Əhmədov “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
Deputat əllilliklə bağlı təklif də səsləndirib: “Bu qanun layihəsi paket şəklində verilməlidir. Təklif edirəm ki, bir komissiya yaradılsın. Əmək və Əhalinin sosial müdafiəsi naziri özü gəlib bu məsələni məruzə etsin. Burda faizlər haqqında danışdılar. Baxaq görək ki, faizləri müəyyən etməklə nəyə nail olduq?! Biz Avropa ilə müqayisə edirlər. Avropaya çatmağımıza hələ çox var. Bu qanun üzərində ciddi iş getməlidir”.
Qeyd edək ki, deputatlardan Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Sabir Rüstəmxanlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliyə səs verməyəcəklərini bildiriblər.
“Saxta əlilliklər ləğv olunan zaman xeyli həqiqi əlilin haqqı tapdanıb, cavabını kim verəcək?” – Deputat Əli Məsimli
“Saxta əlilliklər ləğv olunan zaman xeyli əlilliyə haqqı olan insanın haqqı tapdanıb. Bəzi ailələrdə əlillik müavinətindən başqa heç bir gəlir yoxdur. Bunun cavabını kim verəcək?”
Bu barədə Milli Məclisin bu günkü iclasında deputat Əli Məsimli çıxış edib.
Onun sözlərinə görə, bu məsələni həll etmək üçün qanunda bir maddə var: “Ona istinad edə bilərik. Qanunun monitorinqlərə aid maddəsi işləsə, ictimaiyyətin itirakı ilə monitorinqlərin keçirilməsində hansı tərəfin haqlı, hansının haqsız olması istiqamətində ciddi işlər görülə bilər. İndi fəaliyyətdə olan əlillik sisteminin maliyyə tutumu nə qədərdir, qəbul olunandan sonra nə qədər olacaq – rəqəmlər obyektiv verilsə, suallara aydınlıq gətiriləcək?”.
Deputat deyib ki, haqları pozulmuş insanlara kompensasiya verilərsə, məsələ həllini tapar.
“Əlillik haqqında qanuna dəyişikliklər ilk baxışda forma dəyişikliyi kimi görünsə də, bu model dəyişiliyidir. Burada göstərilən 31-60 faiz heç də üçüncü, 61-80 faiz ikinci dərəcəyə, 81-100 faiz birinci dərəcə əlilliyə müvafiq deyil. Biz daha çox tibbi xarakter daşıyan modeldən, sosial xarakter daşıyan modelə yönəlməliyik”-deyə Əli Məsimli qeyd edib ki, əlilliyi olan şəxslərin müdafiəsi üçün qanundakı işləməyən maddələri hərəkətə gətirmək istiqamətində addımlar atılmalıdır: “Əlillərin işlə təmin edilməsi, xüsusilə – şəhid ailələri və qazilərin məsələsi istiqamətində addım atılmalıdır. Saxta əlilliklə bağlı rəqəmlərin müxtəlif olması göstərir ki, nazirliyin özündə bu haqda konkret təsəvvür yoxdur. Saxta əlilliyi alanla saxta əlliyilliyi verən arasında uyğunsuzluq olması həmin maddənin də işləmədiyi anlamına gəlir”.
“Hamı mənə qol vurur, qurumları çağıraq, bütün suallara aydınlıq gətirək” – Musa Quliyev qanuna etiraz edən həmkarlarına müraciət etdi
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deputatların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikləri tənqid etməsinə münasibət bildirib.
M. Quliyev qeyd edib ki, bura Milli Məclisdir, kim istəyər qanuna səs verər, kim istəməz səs verməz: “Elə təsəvvür etdim ki, burada tək qapıya futbol oynayırıq, mən qapıçıyam, hamı da mənə qol vurur. Onu demək istəyirəm ki, belə deyil, hörmətli həmkarlar. Yenə də spiker Sahibə xanımın təklifinə qatılıram. Gələn həftə çox genişləndirilmiş komitə iclası keçirək, əlaqədar qurumları çağıraq və bütün suallara aydınlıq gətirək”.
Qeyd edək ki, qanuna dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən layihə ilə bağlı kəskin tənqidlər səsləndirilib, 10 deputat layihənin ikinci oxunuşda qəbulunun əleyhinə səs verib.(APA)