Səməd Vurğunun “Ananın öyüdü” dünyada 20 əsərdən biri kimi Nyu-Yorkda…

0
0

1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində Səməd Vurğunun yazdığı “Ananın öyüdü” şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır.

Xeberciniz.biz həmin şeiri sizlərə təqdim edir:

Geyib əskər paltarını, silahlandı qəhrəman,
Onun polad sinəsinə sığışmadı ürəyi.
Dayan! – deyib, yaxın gəldi, öpdü onun alnından
Yay gününün xoş səhəri, bir da dağlar küləyi.
– Ana! Getdim salamat qal! – deyib öpdü qarını.
Ana igid balasına açdı öz qollarını,
Üz-gözündən öpə-öpə bağrına basdı onu,
Ana yurdun bu qəhrəman, bu namuslu oğlunu.
Dedi: “Oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim!
Tarixlərin şahididir mənim bu ağ birçəyim.
Görürəm ki, qəhrəmansan, sənə halaldır südüm.
Qulağında yaxşı qalsın, mənim sənə öyüdüm:
Biz sənsiz də dolanarıq, uğur olsun yoluna,
Qılıncını çalan zaman qüvvət gəlsin qoluna!
Sən düşmənin qabağında igid tərpən vüqarla,
Tüfəngini təmiz saxla, atını da tumarla!
Öz yerində olsun gərək igidin yar-yarağı,
Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı.
İgid balam! Hərçəndi ki, öz ananam mən sənin,
Çörəyilə böyümüsən bizim ana Vətənin.
Bizim ellər koroğlular, çapayevlər yurdudur,
Hər nəfəri güllə batmaz, top dağıtmaz ordudur.
…Payız vaxtı bağçamızın heyvaları dəyəndə,
Şaftalılar şirələnib budağını əyəndə.
Göndərərəm sovqatını – sənin də öz payını,
Sən də artır öz əlinlə zəfərlərin sayını.
Get, düşmənin qabağında igid tərpən vüqarla,
Tüfəngini təmiz saxla, atını da tumarla”.
Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən;
Günəş yaydı şöləsini Vətənin göylərindən.
Ana baxdı öz oğluna, su da səpdi dalınca…
Şair qəlbi bu səhnədən ilhamını alınca,
– Yaşa, – dedi, – ey qəhrəman! Yaşa, – dedi, – ey Vətən!
Sonra şair dodaqları öpdü ana əlindən.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir