Uşağın anadan olmasına görə birdəfəlik müavinət
Sosial müavinətlər içərisində ən geniş əhatə dairəsinə malik təminatlardan biri uşağın anadan olmasına görə verilən birdəfəlik sosial müavinətdir.
Məlumat üçün qeyd edək ki, müavinətin maliyyələşməsi iki mənbədən baş tutur. Yeni doğulan uşağın valideynlərindən hər hansı biri işləyirsə, o halda, sosial sığorta haqları vəsaiti hesabına, valideynlərdən heç biri işləmirsə, dövlət büdcəsi vəsaiti hesabına maliyyələşmə həyata keçirilir. Müavinətin məbləği birdəfəlik olmaqla, 200 manat təşkil edir
Bəs bu müavinəti əldə etmək üçün necə və hara müraciət etmək lazımdır?
Son illər sosial müdafiə sistemində baş tutan müxtəlif növ təyinatların elektronlaşdırılması məhz sosial müavinətin bu növünə də şamil olunub. Amma bu o halda mümkün olur ki, valideynlərdən heç biri işləməsin və bu baş verdiyi halda, müvafiq olaraq ananın hesabına bu təminat elektron şəkildə təyin olunur. Müvəkkil bankdan həmin təminatın alınması üçün uşağın doğum şəhadətnamasi əldə edildikdən sonra ananın mobil telefonuna bununla bağlı məlumat göndərilir.
Valideynlərdən ən azı biri işlədiyi halda isə, bu təyinat üçün müvafiq olaraq iş yerinə müraciət etmək tövsiyə olunur. / pensiya.az