Sosial müdafiə və insan amili

0
0

Gəlirlərin  ədalətli paylanması, rifah və tərəqqi içində bir cəmiyyət qurulması sosial siyasətin başlıca vəzifələridir.  Bu vəzifələri reallaşdırmaq üçün sosial müdafiə ən əhəmiyyətli vasitədir. Onun ən mühüm cəhəti cəmiyyətdə  hər bir şəxsin mənafeyinə cavab verməsilə bağlıdır. Başqa sözlə, sosial müdafiə bütün həyatı boyu ən çətin, riskli məqamlarda belə, insanın üstün mövqeyini qoruyub saxlayır. Elə buna görə də  inkişaf etmiş ölkələrdə Ümumi Daxili Məhsulun 20-35 faizi bir qayda olaraq sosial müdafiə xərclərinə ayrılır.  

Ümumiyyətlə, sosial müdafiə insanın qarşılaşdığı  sosial risklərin iqtisadi nəticələrinin aradan qaldırılmasında müdafiə təminatını nəzərdə tutan bir anlayışdır. Bu anlayış həm də ehtiyac içində yaşayan insanların sözügedən probleminin həlli anlamını özündə ifadə edir. Yoxsul həyat şəraitindən xilas olmaq yolunda qəfil rast gəlinən qorxunun dəf olunması sosial müdafiənin başlıca fəlsəfəsidir. 

Sosial müdafiənin inkişaf tarixi

Sosial müdafiə insanın əzəli və əbədi ehtiyacı olmasına baxmayaraq, XVIII əsrin sonu və XIX əsrin əvvəllərində cəmiyyətdə baş verən iqtisadi və sosial dəyişikliklər fonunda müşahidə olunan sənaye inqilabından sonra meydana çıxaraq ötən  əsrdə geniş vüsət alıb. Əl əməyinin mexanikləşdirilməsi nəticəsində manufakturalar iri fabriklərə çevrilib və bununla da yeni istehsal sahələri yaradılıb,  işçi sinfi formalaşıb. Sənayeləşmənin güclənməsilə  bərabər kəndlərdən şəhərlərə köç başlaması işçi qüvvəsində böyük artıma gətirib çıxarıb. Məhz bu  səbəbdən də işəgötürənlər işçiləri istehsal vasitəsi kimi görməyə və onları ağır şərtlər altında aşağı maaşla işlətməyə başlayıblar. Beləliklə, dövlətin əmək müqavilələrinə loyal münasibəti  işəgötürənlərin işçilərə biganə münasibətində, əmək haqlarının simvolik xarakter daşımasında,  əmək şəraitinin çətinləşməsində və təhlükəli iş şəraitində sağlamlıqlarını itirən  işçilərin yerinə yenilərinin  götürülməsində, uşaq əməyinin istismarında  özünü göstərib. Eyni zamanda, ağır iş şəraitində məvaciblərin aşağı olması, qidalanmanın zəifliyi, fizioloji xəstəliklərin güclənməsi insanlarda sosial müdafiə ehtiyacını artırmışdır.

Sənayeləşmənin surətlə inkişaf etdiyi Almaniyada 1870-1871-ci illərdə  Fransa ilə müharibədən sonra iqtisadi böhranın baş verməsi fabriklərin bağlanmasına və işsizliyin ortaya çıxmasına səbəb oldu. Nəticədə gəlirsiz qalan işçilər Alman İşçiləri Həmkarlar İttifaqı təşkilatında birləşərək Sosial-Demokratik Partiyasını seçkilərdə dəstəkləməyi qərarlaşdırdılar. Alman kansleri Otto Van Bismark 1877-ci il seçkilərində sosial demokratların şanslarının artdığını gördükdə, bir qrup iqtisadçını ətrafına  toplayaraq, cəmiyyətdə mövcud olan sosial-iqtisadi problemləri aradan qaldırmağın zəruriliyini bildirdi. Yığıncaqlarda əsasən, islahatlar yolu ilə dövlət gəlirlərinin işçilərə ədalətli paylanmasını reallaşdıracaq proqramların həyata keçirilməsi müzakirə edildi. Hətta  “Sosial Proqram” da hazırlanaraq kansler Bismark tərəfindən parlamentə-Reichstag’a təqdim edildi. Həmin  “Sosial Proqram” çərçivəsində 1883-cü il iyunun 15-də “Xəstəlik sığortası”, 1884-cü il iyulun 6-da “Peşə qəzası sığortası” və 1889-cu il iyunun 22-də “Yaşlılıq sığortası” qanunları qəbul edildi. Beləliklə, dünyada ilk dəfə olaraq sosial sığorta prinsiplərinə əsaslanan müasir sosial müdafiə sisteminin əsası qoyuldu.

Sosial müdafiə termini ilk dəfə ABŞ-da istifadə olunub.1929-cu ildə dünyada hökm sürən Böyük İqtisadi Böhranın ABŞ-ın və digər ölkələrin sosial müdafiə sisteminin inkişafına böyük təsiri olub. Böhran nəticəsində Amerikada işsizliyin səviyyəsi yüksəlib və xalq səfalətlə üz-üzə dayanıb. Sosial risklərə qarşı xalqın kifayət qədər qoruna bilməməsi prezident Ruzveltin başçılığıyla 14 avqust 1935-ci il  tarixli “Sosial müdafiə qanunu”nun qüvvəyə minməsinə səbəb olub. Daha sonra bu anlayış 1942-ci ildə məşhur ingilis iqtisadçısı Vilyam Beveric tərəfindən hazırlanan “Beveric hesabatı” ilə öz gerçək mənasını tapıb.

Sosial müdafiə modelləri

Dünyada qəbul olunmuş əsas sosial müdafiə modelləri, yuxarıda da adlarını çəkdiyimiz şəxsiyyətlərin – Bismark və Bevericin yaratmış olduğu modellərdir.

Bismark modeli əmək fəaliyyətinə əsaslanan sosial sığorta mexanizminə söykənir. Fərdlər gördükləri iş qarşılığında sosial müdafiə ilə əhatə olunurlar. Modeldə maliyyələşmə sığortaolunanların ödədikləri sığorta haqqı ilə reallaşır. Bununla da işçi qazancına və ödədiyi sığorta haqqına düz mütənasib olaraq sosial müdafiə hüquqları əldə edir. Bu səbəbdən hər kəs sosial müdafiə ilə əhatə olunmaya da  bilər. Bismark modeli dedikdə həm də  ağıla ilk olaraq  məhz pensiya sistemi gəlir.

Beveric modelini isə  universal sistem kimi xarakterizə etmək olar. Bu sistemdə fərdin sosial müdafiəsi onun işləməsindən asılı deyildir. İşləyən və işləməyən hər kəs, o cümlədən ölkənin bütün vətəndaşları, həmçinin ölkə daxilində hər bir şəxs, bir sözlə, bütün əhali sosial müdafiə ilə əhatə olunurlar. Bu sistemin əsas fərqli cəhətlərindən biri sosial yardım və sosial xidmət formalarının təqdim edilməsidir. Beveric modelinə ən uyğun ölkə İngiltərədir. İngiltərəni Almaniyadan sonra sosial rifahın  inkişafı baxımından ikinci əsas ölkə hesab etmək olar. Almaniyada reallaşdırılan sosial islahatlar sənayesi surətlə inkişaf edən İngiltərəyə böyük təsir göstərmişdir. II Dünya müharibəsindən dərhal sonra İngiltərədə sosial sığorta əsasında qurulan sosial müdafiə sistemində dövlət işçi və işəgötürəndən sonra üçüncü tərəf kimi iştirak etməyə başlamışdır. Bu sistem də  Bismark modeli kimi sosial sığortalar əsasında qurulmuşdur. Amma Beveric modelində ödənilən sığorta haqları  və vergilər yalnız şəxsin özünün sosial müdafiəsinə deyil, həm də yoxsulların sosial rifahının yaxşılaşdırılmasına yönəldilib. Sözün əsl mənasında, Bismark modelində sosial siyasət yalnız işləyənlərin sosial vəziyyətini yaxşılaşdırmaqla bağlıdır, əhalinin yoxsulluğunu azaltmaq və əmək qabilliyyəti olmayanların sosial vəziyyətini yaxşılaşdırmaq əsas məqsəd kimi nəzərdə tutulmamışdır. Məhz bu ,  iki modeli bir-birindən fərqləndirən əsas cəhət hesab olunur.

Sosial müdafiənin əhəmiyyəti artır

Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada insanların sadəcə olaraq 20 faizi sosial müdafiə çətiri altına alınmışdır. Dünya əhalisinin 80 faizinin isə heç bir sosial müdafiə təminatı yoxdur. Dünyanın 1,4 milyard nəfər  əhalisi gündəlik 1,25 ABŞ dolları gəlirlə həyatını davam etdirmək məcburiyyətindədir. Son 20 illik bir dövrdə dünya ölkələrinin rifah səviyyəsindəki artıma, bir çox ölkələrdə  müşahidə edilən iqtisadi inkişafa baxmayaraq, yoxsulluq səviyyəsi hələ də mövcudluğunu qorumuşdur.

Sosial müdafiə sisteminin inkişafına təsir göstərən və yaxud, ləngidən əsas faktorlara demoqrafik prosesləri, ölkələrarası miqrasiyanı, qeydiyyatdan kənar məşğulluğu misal göstərə bilərik. Bunlara daha ətraflı nəzər yetirək:

Demoqrafik proseslər – yaşlı əhalinin artması, eyni zamanda doğum səviyyəsinin düşməsinin nəticəsində orta ömür müddətinin uzanması sosial müdafiə sisteminin sosial sığorta sahəsinə mənfi təsirlər göstərir. İşçi qüvvəsinin sayının aşağı düşdüyünə görə sığorta haqqı ödəyənlərin də sayı azalır və nəticədə gəlirlər azalmış olur. Bundan başqa, orta ömür müddəti uzandıqca, yaşlı əhalinin sayının artması pensiya xərclərini artırmış olur. Sosial müdafiə sisteminin qəbul olunmuş normalarına əsasən, ümumi xərc hissəsinin minimum 60 faizi yaşlılara yönəldilir. Bir sözlə, əhalinin yaşlanması sosial müdafiə sisteminin gəlir-xərc tarazlığını pozur və sistemin  maliyyə baxımdan dayanıqlığını şübhə altına alır.

Ölkələrarası miqrasiya – XXI əsrin ilk illərində dünyaya göz açan insanlardan 175 milyonu doğulduğu və vətəndaşı olduğu ölkənin xaricində yaşayır. Bunlardan 60 milyon nəfəri miqrant statusunu daşıyır. Ölkə içində və xüsusilə ölkələr arasında insan köçü sosial müdafiə sisteminə bir sıra problemlər yaradır. Məsələn, miqrantlar doğma vətənlərindən kənarda  əmək fəaliyyəti göstərib geri döndükdə işlədikləri müddətlə bağlı sosial müdafiə haqlarının transferi məsələsi ölkələrin sosial müdafiə sisteminə təsirsiz ötüşmür. Həmçinin miqrasiya miqrantların doğma ölkələrindəki ailələrinə də sosial müdafiə problemləri yaradır.  Vətənində  yaşayışına davam edən ailəsinin sosial müdafiəsinin , hansı ölkə –  köçdüyü-işlədiyi, yoxsa yaşadığı-vətəndaşı olduğu ölkə tərəfindən qarşılanacağı sualı, ölkələr arasında ikili sosial müdafiə müqavilələrinin imzalanmasını zəruriləşdirib. Fərqli ölkələrdə işləyən şəxslərin sosial sığorta stajlarını birləşdirərək pensiyaya çıxma hüquqları da məhz dövlətlər arasında imzalanan ikili sazişlərə əsaslanır.

Qeydiyyatdan kənar məşğulluq – sosial müdafiə sisteminin inkişafı yolunda ən böyük təhdiddir. Eyni zamanda  dünya ölkələrinin və beynəlxalq təşkilatların əmək  bazarının inkişafına yönəldilmiş fəaliyyətlərdə ən uğursuz olduqları sahədir.  Qeydiyyatdan kənar sektorun Afrika qitəsində əhatə dairəsinin çox geniş olması problemin nə dərəcədə böyük olduğunu göstərir. Bu qitədə şəhərdəki məşğulluğun 60 faizi, son illərdə yaradılan iş yerlərinin 90 faizdən çoxu qeydiyyatdan kənar sektorun payına düşür.

Qeydiyyatdan kənar məşğulluğun sosial müdafiə baxımından əhəmiyyəti işləyənlərin heç bir sosial təminatı olmamasıdır. Bu sektorda işləyənlər daha aşağı maaşla, uzun iş vaxtı və təhlükəli şəraitdə çalışırlar.  Buna görə də qeydiyyatdan  kənar məşğulluq əslində məşğulluq problemini həll edən deyil, əksinə məşğulluq siyasətinə mənfi təsir edən amil hesab olunur. Bununla bərabər bu sektorda işləyənlər sosial sığorta haqları ödəməməsi nəticəsində, həm özlərinin gələcək sosial müdafiəsinə, həm də sosial sığorta prinsiplərinə zərər yetirərək sosial müdafiənin maliyyələşməsinə böyük problemlər yaradırlar.

Mənbə pensiya.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir