Rusiyada süpürgəçi meri seçilir, İsrail 34 amerikalını öldürür- Səddam Hüseyn Stalini geridə qoyur…
Liviya İnqilabının lider polkovnik Müəmmər Qəddafi 2005-2009 illərdə ABŞ-ın dövlət katibi olan Kondoliza Raysa vurulmuşdu. O, qaradərili cazibədar qadına məhəbbətini nümayiş etdirmək üçün ona 200 min dollar dəyərində müxtəlif hədiyyələr bağışlamışdı. Livanlı bəstəkara isə “Ağ Evdə Qara Çiçək” adlı mahnı bəstələməyi sifariş vermişdi. Ancaq Liviya diktatoru Kondoliza Raysın ürəyini fəth edə bilmədi. Etsəydi, hələ də taxtında oturmuşdu…
“Lütfən, bizi tənqid edin”
1956-cı ildə Çində tarixə “Yüz gül kampaniyası” kimi keçən olay baş verdi. Kommunist Partiyası vətəndaşlara hökuməti tənqid etməyə icazə verdi. Daha sonra isə vətəndaşları kommunistləri tənqid etməyə təhrik etdilər. Vətəndaşın qorxmaması və ruhlanması üçün müvafiq addımlar atdılar. Bir il keçməmiş hökumət kampaniyanı durdurdu. Üstəlik, hökuməti tənqid etməkdə irəli çıxanların hamısını həbsxanalara doldurdu.
Dövlət ərkanı
Fici adaları 1970-ci ildə Böyük Britaniyanın müstəmləkəsi olmaqdan qurtuldu və müstəqilliyini elan etdi. Bir müddət sonra bəlli oldu ki, yeni yaranmış balaca dövlət təcrübəsizliyi ucbatından müstəqillik aktını itirib. Vəziyyətdən çıxmaq üçün Fici adaları Böyük Britaniyaya müraciət edir. Rica edir ki, müstəqillik aktının sürətini çıxarıb onlara versinlər.
“Siyasi sığınacaq” ifadəsi ingilis dilində necə tələffüz olunur?
Dünyanın ən güclü şahmatçılarından olan Viktor Korçnoy 1976-cı ildə Niderlanda siyasi sığınacaq alıb. Qrossmeyster şahmat oynadığı rəqibindən soruşub ki, “siyasi sığınacaq” ifadəsini ingilis dilində necə tələffüz etmək olar. Daha sonra o, birbaşa polis idarəsinə gedib. Sovet İttifaqına bir daha qayıtmaq istəmədiyini bildirib. Bir müddət sonra o, İsveçrəyə köçüb.
Rusiyada süpürgəçi necə şəhər meri seçilib?
Kostroma vilayətində yerləşən Povalikhino şəhəri balaca bir yerdir. Bu şəhərin meri Nikolay Loktev olub. O, Rusiyanın iqtidar partiyasının üzvüdür. 2020-ci ildə keçirilən mer seçkisində heç kəs ona rəqib olmaq istəməyib. O, vəziyyətdən çıxmaq üçün süpürgəçini yanına çağırıb. Deyib ki, get, namizədliyini ver. Mən təkbaşına seçkiyə gedə bilmərəm. 35 yaşlı Marina Udqodskaya göstərişi yerinə yetirməli olub. Ancaq seçki nəzərdə tutulduğu kimi baş tutmayıb. Belə ki, merdən zəhləsi gedən sakinlərin böyük çoxluğu süpürgəçiyə səs verib. O da 62 faiz səslə şəhər meri seçilib. Bu olay həm Rusiyada, həm də bütün dünyada geniş rezonans doğurdu. Dünyanın bütün aparıcı media orqanları bu məsələyə xüsusi diqqət ayırdı.
ABŞ İraqı o qədər sevir ki…
Amerikanın dünya üzrə ən böyük səfirliyi İraqda yerləşir. Düşünün ki, səfirliyin ərazisi Vatikan dövlətinin ərazisindən böyükdür. 750 milyon dollara başa gəlmiş bu səfirlikdə 15 min nəfər çalışır.
Sərxoş Baş nazir dilinin bəlasına düşdü
1984-cü ildə Yeni Zelandiyanın Baş naziri Robert Muldoon sərxoş vəziyyətdə gözlənilmədən elan edir ki, ölkədə erkən seçkilər keçirilməlidir. Seçki keçirilir, amma Robert Muldoon seçkini biabırçı şəkildə uduzur.
“Gözləyin, 4 il sonra qayıdacağıq”
ABŞ prezidenti Grover Cleveland və onun xanımı seçkidən sonra Ağ Evi tərk etməli olur. Onun xanımı Ağ Evdə çalışanlara üzünü tutub deyir: “4 il sonra biz yenə burada olacağıq”. Elə də olur. Grover Cleveland növbəti seçkidən qalib çıxır və yenidən Ağ Evə prezident kimi qayıdır.
24 trilyon dolları var, ancaq acından ölür
Konqo Demokratik Respublikası təbii ehtiyatlarına görə dünyanın ən varlı ölkəsi sayılır. Bu ölkə yeraltı və yerüstü sərvətlərindən istifadə edə bilsə, 24 trilyon dollar qazana bilər. Bu, ağlasığmaz göstəricidir. Ancaq ölkədə sabitlik olmadığına görə bu sərvətlərin dünya bazarına çıxarılması mümkün olmur. Ona görə də 75 milyonluq ölkə əhalisi son dərəcə kasıb yaşayır. Yəni, dövlət üçün stabillikdən önəmli bir şey yoxdur.
Siyasi müzakirədən təyyarə yaxşıdır
James Stewart (Respublikaçı) və Henry Fonda (Demokrat) siyasi müzakirələr zamanı əlbəyaxa davaları çox görüblər. Elə ona görə də öz aralarında siyasətlə bağlı müzakirələrə yol verməyiblər.
Əvəzində onlar bir yerdə kiçik ölçülü təyyarələr düzəldib, onları rəngləyirdilər.
Seçki saxtakarlığı belə olar
Liberiyanın keçmiş prezidenti Charles D. B. King seçki saxtakarlığına görə Ginnesin Rekordlar kitabına düşüb. Belə ki, 1927-ci ildə o, seçkini 2.43.000 səslə udub. Halbuki ölkədə səsvermə hüququ olanların sayı cəmi 15 min nəfər idi.
Səddam Hüseyn Stalini necə kölgədə qoydu?
2002-ci ildə Səddam Hüseyn yenidən prezident seçkisinə qatıldı. “Mən səni həmişə sevəcəm” mahnısı ilə kampaniya apardı. Son nəticə isə belə oldu: Seçkiyə qatılanların hamısı, heç bir istisna olmadan Səddam Hüseynə “səs verdi”. O, 100 faiz səslə yenidən prezident seçilmişdi. Xatırladaq ki, Stalin 99.95 faiz səslə seçkini udmuşdu.
ABŞ-ı və dünyanı psixopatlar idarə edir
2018-ci ildə aparılmış araşdırmaya görə, Vaşinqton D.C (District of Columbia ) ərazisində yaşayan psixopatların sayı Amerikanın digər şəhərlərini kölgədə qoyub. Nəzərə alsaq ki, təkcə ABŞ yox, bütövlükdə dünya Vaşinqtondan idarə olunur, məyus olmaq üçün ciddi əsas ortaya çıxır. Xatırladım ki, psixopatiya yunan sözü olub əqli pozuntu (xəstəlik) anlamını verir.
Sovet İttifaqı ərəblərə necə torba tikdi?
1967-ci ildə Sovet İttifaqı ərəblərə saxta kəşfiyyat xəbəri ötürdü. Bildirdi ki, İsrail öz qoşunlarını Suriya sərhədinə yığır. Buna cavab olaraq Misir öz ordusunu Sinay yarımadası və Tiran boğazına yeritdi. İsrail preventiv addım atmağı lazım bildi və hərbi zərbə endirdi. Bununla da “Altı günlük müharibə” başladı. Misir Qəzza və Sinay yarmadasını, Suriya Qolan təpəsini, İordaniya Şərqi Qüds və Qərb sahilini itirdi. Ovaxtkı uğursuzluq bu gün də ərəbləri təqib edir.
Amerika Çin səfirliyin bombalayır
1999-cu il 7 may. Yuqoslaviya paytaxtı Belqrad NATO tərəfindən bombalanır. ABŞ qırıcıları şəhərdəki Çin səfirliyini vurur. Nəticədə 3 çinli jurnalist ölür. Çin xalqı bunu şiddətli qəzəblə qarşılayır. Çin hökuməti isə hadisəni “barbar akt” kimi dəyərləndirir. ABŞ prezidenti Bill Klinton rəsmən üzr istəyir və bildirir ki, Amerika qırıcısı Çin səfirliyin səhvən vurub. Mərkəzi Kəşfiyyat İdarəsi qırıcılara yanlış koordinatlar veribmiş.
Siyasətçilərə yumurta atmaq ənənəsi haradan gəlir?
1917-ci ildə Avstraliyada Baş naziri yumurta atəşinə tutdular. Buna cavab olaraq hökumət siyasətçiləri yumurta atəşindən qorumaq üçün federal polis mərkəzi yaratdı.
İsrail qalib gəlir, İordaniya isə Belçikanın qələbə çaldığını bəyan edir
1978-ci ildə keçirilən “Eurovision” mahnı müsabiqəsində maraqlı olay yaşanır. İsrail təmsilçisi səhnəyə çıxanda İordaniya televiziyası ekrana gül görüntüləri yerləşdirir. Az sonra bəlli olur ki, İsrail bu yarışı udacaq. Elə də olur. Bununla razılaşmayan İordaniya televiziyası müsabiqənin yayımını dayandırır və bəyan edir ki, Belçika “Eurovision” mahnı müsabiqəsindən qalib çıxdı.
Bolşeviklərin fantaziyası sərhəd tanımır
1924-ci ildə Sovet İttifaqında istehsal olunan film maraqla qarşılanır. Filmdə göstərilir ki, Sovet mühəndisi raketlə Mars planetinə uçur. Oranın hökmdar xanımı ilə qarşılaşır. Onlar bir-birinə aşiq olurlar. Ancaq sovet mühəndisi yadplanetliləri kapitalizmdən xilas etmək üçün hərəkətə keçir. Film Aleksey Tolstoyun 1923-cü ildə yazdığı əsər əsasına çəkilib. Maraqlıdır ki, “Aelita: Marsın hökmdar xanımı” filmi 1929-cu ildə ABŞ-da nümayiş etdirilib. Təbii ki, senzuradan keçib, tanınmaz hala düşdükdən sonra.
Amerikanın kiçik şəhərlərindən olan Qərbi Virciniya körpünün yenilənməsi ilə bağlı problemlə üzləşir. Yerli hökumət xalqın tələbinə məhəl qoymur. Qəzəblənmiş insanlar məzlumların pənahı kimi tanınan Sovet İttifaqına və Almaniya Demokratik Respublikasına müraciət edərək, kömək istəyir. Sovet İttifaqı məsələni araşdırmaq üçün şəhərə jurnalist göndərir. Bundan xəbər tutan Amerika rəsmiləri körpü probleminin həlli üçün gərəkən vəsaiti bir saatın içində tapıb, ortaya qoyurlar.
“40 milyon meksikalı gülməkdən ölə bilər”
1961-ci ildə prezident Con Kennedi Kubaya qarşı ittifaq yaratmaq məqsədi ilə Meksikaya müraciət edir.
Bu müraciətə cavab olaraq Meksikanın ABŞ-dakı səfiri belə deyir: “Əgər xalqa bəyan etsək ki, Kuba Meksika üçün təhlükədir, onda 40 milyon meksikalı gülməkdən ölə bilər”.
Afrikanın Napoleonu
Mərkəzi Afrika Respublikasının ikinci prezidenti Jan Bedel Bokassa 19 yaşında Fransanın müstəmləkə ordusuna qoşulub. Vyetnamda vuruşub. Zabit rütbəsi və fəxri legion xaçı alıb. Bu vaxt Mərkəzi Afrika Respublikası müstəqillik qazanıb. Onun yaxın qohumu prezident seçilib. Onu ölkəyə çağırıb. 1960-cı ildə hərbi kabinetin rəisi olan Bokassa qısa müddətə marşala qədər yüksəlib. 1966-cı ildə qohumunu devirərək prezident olub. Nazirliklərin səlahiyyətini də öz üzərinə götürüb. 1972-ci ildə o, özünü ömürlük prezident, 1977-də isə imperator elan edir. 2 ton qızıldan ona taxt hazırladılar. Özünü Napoleon Bonaparta bənzədən diktator başına 5 milyon dollarlıq tac qoyub. Dünya liderləri və Roma papası tacqoyma mərasiminə dəvət olunsa da, heç kəs tədbirə gəlmədi. Çünki onu psixi cəhətdən anormal sayırdılar. İmperatorunun belə bir şakəri də vardı: O, siyasi rəqiblərinin ətini yeyirdi. Özü də sözün həqiqi mənasında.
Şimali Koreya
Bu ölkənin apardığı araşdırmaya görə, xoşbəxtlik indeksinə görə Şimali Koreya xalqı Çin xalqından sonra ikinci pillədə qərar tutub. Bu xoşbəxt xalqın cins şalvar geyməsi qadağandır. Çünki cins Amerika imperializminin simvoludur.
Varlı İsrailə Amerika yardımı
ABŞ hər il İsrailə 15-20 milyard dollar yardım edir. Bu, İsrailin müdafiə büdcəsinə ayrılan vəsaitdən çoxdur. Maraqlı olan odur ki, İsrail dünyanın varlı ölkələrindən biridir. Buna baxmayaraq, yardımlar davam edir. Bu pullar isə Amerika vergiödəyicilərinin cibindən çıxır. Təbii ki, bu yardımın əsas səbəbi ABŞ-da aşırı güc sahibi olan yəhudi lobbisinə bağlıdır.
İsrail 34 amerikalı hərbçini öldürdü
Yuxarıda ABŞ qırıcısının Çin səfirliyinə endirdiyi hava zərbəsindən söhbət açdıq. Oxşar hadisə İsrail ilə ABŞ arasında da olub. “Altı günlük müharibə” zamanı İsrail qırıcıları Sinay yarımadası yaxınlığında beynəlxalq sularda olan ABŞ gəmisini Misir gəmisi zənn edir və gəmini bombalayır. Nəticədə 34 amerikalı ölür. Yüzlərlə hərbçi yaralanır. Gəmiyə ciddi ziyan dəyir. İsrail bu hücuma görə rəsmən üzr istəyir. Ölənlərin ailələrinə, yaralılara, ən sonda isə gəmiyə dəyən ziyana görə 50 milyon dollardan çox kompensasiya ödəyir.
Elbəyi Həsənli, Sürix / musavat.com