Bir-birinə “nömrə gələnlər” arasında nə işimiz var – AXI NİYƏ?!

0
0
Bir-birinə “nömrə gələnlər” arasında nə işimiz var –   AXI NİYƏ?!

Azərbaycan onlarla eyni sırada addımlasa, başımıza nələr gələr…

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, – cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Bu günlərdə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) dəvət ediləcəyi barədə xəbərlər oxuduq hamımız. Məlumatlarda deyilirdi ki, guya Ermənistan icazə versə, Azərbaycan da bu quruma əvvəlcə müşahidəçi qismində dəvət olunacaq, sonrasına isə baxarıq.

Düzünü desəm, mən ölkəmizin AİB-ə üzvlüyündənsə, daha perspektivli və qlobal Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasını istəyərdim, amma bu məsələni mən həll etmədiyim üçün, təbii ki, dediklərim arzulardan başqa bir şey deyil. Hə, onu da deyim ki, Ermənistan yalnız Azərbaycanla problemləri (ilk növbədə 300 erməni diversantın qaytarılması) həll etdikdən sonra Bakını bu təşkilata buraxacaq – xəbərdə deyilir.

No description available.

Mən rəsmi Bakının yerinə olsam, bu “zəncinin arzuları”ndan sonra sözügedən təşkilat tərəfə heç üzümü də çevriməzdim. Nə verəcək bu təşkilat bizə? Mən hesab edirəm ki, bütün iqtisadi məsələlərin kökündə siyasət dayanır və bu təşkilat da istisna deyil. Onsuz da biz bu Rusiyanın hegemon olduğu, bizi hər vəchlə şirnikləndirməyə çalışdıqları təşkilata daxil olsaq, həm özümüz-özümüzü, həm də bizi aldadacaqlar. Özü də elə aldadacaqlar ki… Axı niyə indidən buna belə əminəm? İzah edim.

AİB-in bu günkü üzvlərini xatırlayaq: Ermənistan, Belarus, Qazaxıstan, və Rusiya bu təşkilatı 1 yanvar 2015-ci ildə yaratdı. Və elə yaranan gündən bir-birinə, bizimkilər demiş, “nömrə gəlməyə” başladılar. Rusiya Avropanın sanksiyalarına qarşılıq verərək, köhnə kontinentin mallarını öz ərazisinə buraxmamaq barədə qərar qəbul edən kimi (AİB qanunlarına görə, eyni normativə bütün üzv dövlətlər riayət etməlidir), Baktikyanı ölkələrdən tutmuş, Norveç və Polşaya qədər, Avropa ölkələrinin malları Belarus vasitəsi və etiketi ilə Rusiya ərazisinə daxil edilməyə başladı. Rusların “axı sizdə dəniz, okean yoxdursa, bu qədər balıq və balıq məhsullarını necə istehsal edirsiz” kinayəli sualına hazırcavab Belarus lideri Lukaşenko yəqin ki, cavab tapdı. Çünki, “Riqa şprotu” və “Norveç lasos”u yenə də Belarus etiketi ilə Rusiya mağazalarının piştaxtalarını bəzəyir. Eyni şeyi Polşa almasına, Hollandiya güllərinə və s. aid söyləmək olar.

Dediklərim AİB tərkibində fırıldaqçılıqla bağlı yeganə misal deyil. Rusiyanın özü AİB üzvü olan ölkə vətəndaşlarının sürücülük vəsiqələrinin bütün təşkilat ölkələrində işləyəcəyinə söz versə də, reallıq başqa cür oldu. Xüsusən də Ermənistan vəsiqələri bu ölkədə işləmədi və səhv etmirəmsə, Rusiyada işləmək istəyən erməni sürücülər yenidən imtahan verməli oldular…

Son olaraq, vəziyyəti erməni konyakı gərginləşdirib. Hələ Sovet dövründən məhşurlaşan, “Stalinin Çörçilə pay göndərdiyi” erməni konyakı artıq rusların xoşuna gəlməməyə başlayıb. Ruslar hesab edirlər ki, AİB üzvü olan Ermənistandan gələn konyak bahalı olması ilə yanaşı, həm də keyfiyyətini itirib. Oxuculara məlumdur ki, rusların nədən başları çıxmasa da, içkidən və silahdan yaxşı anlayırlar.

Narazılıq o həddə çatıb ki, yanvar ayının sonunda Rusiya Konyak İstehsalçıları Birliyinin (“Soyuzkonyak”) icraçı direktoru Dmitri Çernev Rusiya Federal Gömrük Xidməti (FCS) rəhbərinin müavini Yelena Yaqodkinaya bir məktub göndərib. “Soyuzkonyak” rəhbəri məktubda gömrük işçilərinin diqqətini “Ermənistan və Qazaxıstan kimi ölkələrdə üzüm yetişdirmə imkanları ilə konyak distillatlarının istehsal həcmi arasındakı balanssızlığa” yönəldib. Birlikdə qeyd edirlər ki, konyak distillatlarının istehsalı üçün kifayət qədər miqdarda üzüm olmalıdır (10 kq üzümdən təxminən 0,9 litr distillat əldə edə bilərsiniz).

No description available.

“2020-ci ildə “Rosalkogolregulirovanie”-yə görə, Rusiyaya Qazaxıstandan 430 min dekalitrdən (1 dekalitr 10 litrə bərabərdir) çox konyak distilləri idxal edildi. Qazaxıstan heç vaxt bu sahədə inkişaf etmiş bir ölkə olmayıb. Ölkədəki üzüm bağlarının sahəsi 12 min hektarı keçmir və demək olar ki, bütün məhsul (ildə təxminən 80 min ton) yerli bazara tədarük olunan şəraba gedir”, – deyən Çernevə görə, bənzər bir vəziyyət Ermənistanla bağlı inkişaf edir.

Mütəxəssisin sözlərinə görə, keçən il Rusiyaya 640 min dekalitr (susuz, 100 dərəcə spirt şəklində) erməni brendi distillatları gətirilib. Bu, ölkədəki illik yığılan üzüm məhsulundan – təxminən 100 min tondan dəfələrlə çoxdur. Nəzəri olaraq, mövsümdə toplanan 100 min ton üzümdən təxminən 1 milyon dekalitr konyak distilatı istehsal edilə bilər, amma praktikada bu, demək olar ki, mümkün deyil, çünki şərab və digər məhsulların istehsalını, daxili bazarı nəzərə almaq lazımdır.

Bəs Qazaxstan, xüsusilə də Ermənistan niyə brendini itirir və məhsulun həcmini necə artırır? Rusiyalı mütəxəssis bir sıra problemlərin üzərindən “məxfilik” qrifini götürür: ““Soyuzkonyak” Rusiyaya Qazaxıstandan gətirilən distillatın taxıl etil spirti ilə və ya xaricdən alınan alkoqolla (xüsusən özbək spirti ilə) qarışdırıldığını, Ermənistandan gələn distillatın isə üzüm mənşəli olmayan spirtlə qarışdırıldığını ehtimal edir”.

Rusiya Federal və Regional Alkoqol Bazarlarına dair Tədqiqatlar Mərkəzinin direktoru Vadim Drobiz də bu ehtimalla razıdır: “Ermənistan və Qazaxıstanda Rusiyaya satdıqları qədər konyak distillatı və brendi istehsal etmək üçün kifayət qədər üzüm yoxdur. Mən şübhələnirəm ki, Ermənistan kənardan alkoqol idxal edir, sonra onu “erməniləşdirir””.

Bu Vadim Drobiz, Dmitri Çernev kimi insanlar niyə ermənilərin bu rəqəmlərlə etdiyi fırıldaqdan təəcüblənməsini başa düşmürəm. A kişilər, bu millət əhalinin siyahıya almasına görə, Osmanlı imperiyasında 1 milyon 200 min erməninin yaşamasına baxmayaraq, bütün dünyanı inandırmağa çalışır ki, 1915-ci ildə Türkiyədə “genosid”  nəticəsində 1,5 milyon erməni öldürülüb. Və bu rəqəm, üstündən 106 il keçməsinə baxmayaraq, hər il aprelin 24-də artır, özü də hadisə “şahidləri”nin təsdiqi ilə. Hətta, 1914-cü il təvəllüdlü ermənilər də “türklərin onları necə qırdıqlarını” yaxşı xatırlayırlar. Siz də başlamısız ki, üzüm olmaya-olmaya necə oldu ki, bu qədər konyak əmələ gəldi…

Unutmayın ki, AİB keçmiş Sovet ölkələrinin üzv olduqları bir qurumdur. Və orada “pripiskalar”la işləməyə öyrəniblər. İndi ermənilər ruslara konyakın əsl “Ararat” və ya “Nairi” olduğunu sübut etsinlər, siz də baxın.

Bütün üzvlərinin bir-birinə “nömrə gəldiyi” bir təşkilatda Azərbaycanın nə işi var?! Biz ora üzv olsaq, Ermənistan məhsullarını da ölkəmizə buraxmalıyıq. Və isitisna deyil ki, Bakıdakı marketlərin rəflərində “Artsax fruit”, “Artsax lavaş”, “Artsax tut arağı” kimi məhsullar əmələ gəlsin. Təbii ki, “Made in Armenia” brendi altında. Bu, bizə lazımdırmı?

Müəllif: Yoldaş Mircəfər / ayna.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir