Sahil Babayev sübutu olduqca çətin görünən mühakimə yürütdü – əlillərin üçdə biri saxtadır?..

0
0

Sahib Məmmədov: “Həcm o qədər totaldır ki, burada dövlət məsuliyyəti öz üzərinə götürməlidir”

Əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, buna görə də qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır. Nazir deputatlara Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi sahəsində görülən işlər barədə də ətraflı məlumat verib. Bildirib ki, artıq 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir. İndiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib, nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib.

Dinləmədə “əlilliyin müəyyən olunması” meyarlarının yeni layihəsi barədə məlumat verən Sahil Babayev bildirib ki, layihədə bir sıra yeniliklər nəzərdə tutulur. Belə ki, əlillik artıq üç dərəcə ilə və ya sağlamlıq imkanları məhdud kimi dar çərçivədə deyil, daha geniş spektrdə, faiz diapazonunda dəyərləndiriləcək. Nazir qüvvədə olan normativ hüquqi aktların bu layihəyə uyğunlaşdırılması məqsədilə ediləcək təklifləri də diqqətə çatdırıb, yeni meyarlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi layihəsindən bəhs edib.

Son vaxtlar əlilliyə görə müavinətlərin ödənişinin saxlanılmasına görə biz vətəndaşların kütləvi etirazlarının şahidi oluruq. Hətta onların sırasında Qarabağ qazilərinə də rast gəlinir. Bütün bunların fonunda nazirin hər üç əlildən birinin statusunun saxta olması ilə bağlı verdiyi açıqlama bir qədər maraqlı görünür. Sahil Babayevin bu açıqlamasını nə dərəcədə əsaslı saymaq olar?

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Sahil Babayev həm özü, həm də onun rəhbəri olduğu nazirliyin əməkdaşları bundan əvvəl də pozuntulardan danışıblar: “Mən bu yöndə olan saxtakarlıqları iki qrupa bölərdim. Birincisi sənədlərin saxtalaşdırılmasıdır. İkincisi isə diaqnozun saxta qoyulmasıdır. Yəni daha yüngül xəstliyi bir qədər ağır göstəriblər kimi hallardan söhbət gedir. Bunların ümumi sayını götürsək, saxtakarlığın sayı elə üçdə bir qədər ola bilər. Bunu istisna etmirəm. Say hesabı ilə götürsək, bu, 10 minlərlə adamı əhatə edir. Saxtakarlığa şərait yaradan amillər əlilliyin müəyyən olunma meyarlarının qüsurlu olmasıdır. Orada çox az sayda xəstəliklər sadalanıb. İnsanlar özlərini ora uyğunlaşdırmaq üçün müxtəlif manevrlər ediblər. Qərar qəbul edənlər də saxtakarlığa yol veriblər. Vətəndaşlarla nisbətdə həmin saxtakarlığa imza atanların məsuliyyəti daha böyükdür. Həcm o qədər totaldır ki, burada dövlət məsuliyyəti öz üzərinə götürməlidir. Aydınlaşmalıdır ki, bu qədər saxtakarlığı törədən səbəb nədir. Bəzən insanlar iş tapa bilməməsi üzündən gedib müxtəlif yollarla özünü əlil edib. Ona görə də məsələyə kompleks yanaşmaq lazımdır”.

Ekspertin sözlərinə görə, burada söhbət 10 minlərlə insanın illər uzunu alışdığı bir mexanizmin birdən-birə dayanmasından gedir: “Qarşısını almaq, təbiidir ki, lazımdır, ancaq necə? Bu barədə nazirin özü də açıqlama verib. 2019-cu ildən əlilliyin müəyyənləşməsi ilə bağlı meyarlar hazırlanıb Nazirlər Kabinetinə təqdim edilib. Ancaq nədənsə, bugünə qədər bununla bağlı nə ictimai müzakirə təşkil edilib, nə də təsdini tapıb. Orada meyarlar bir qədər fərqli olacaq. 4 dərəcə üzrə faiz müəyyən ediləcək. Əlilliyin müəyyən edilməsilə bağlı diapozun bir qədər geniş qoyulub ki, bu da saxtakarlığın qarşısının alınmasına xidmət edəcək. Mən tezliklə yeni meyarların qəbul edilməsini istərdim”.

Məhəmmədəli QƏRİBLİ / baki-xeber.com

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir