Şəhidlə bağlı “zarafat”a görə şair-bloqer döyülüb.
Bakıda bir qrup şəxs gənc şair və bloqer Fuad Rəsulzadəni döyüb. Hadisəyə mart ayında sosial şəbəkədə şəhid Xudayar Yusifzadə ilə bağlı edilən “zarafat” səbəb olub. Daxili İşlər Nazirliyi Fuad Rəsulzadəni döyənlərin axtarıldığını bildirib.
Xeberciniz.biz həmin videonu sizlərə təqdim edir:
Nə baş verib?
Aprelin 28-də axşam saatlarında Bakıda gənc şair və bloger Fuad Rəsulzadə bir qrup naməlum şəxs tərəfindən qəddarlıqla döyülüb.
F.Rəsulzadənin yaxınlarının verdiyi məlumata görə, onun başına dörd tikiş qoyulub, daxili orqanları zədələnməyib.
Bir ay əvvəlki “zarafat”
Hadisəyə 2021-ci ilin mart ayında “Twitter” mikrobloqunda bir istifadəçinin etdiyi qeyd və həmin qeyd ətrafında yaranan müzakirələr səbəb olub. Həmin qeyddə istifadəçi şəhid Xudayar Yusifzadə ilə bağlı “zarafat” edib.
Bu tvit uzun müddət sosial şəbəkələrdə gündəmdə olub və geniş müzakirələrə yol açıb. İstifadəçilərdən bəziləri müəllifi yazdıqlarına görə fiziki güclə təhdid edib. Həmin müzakirələrdə iştirak edən Fuad Rəsulzadə “zarafatın” ideyasının ona məxsus olduğunu bildirib və nəticədə qəzəb ona doğru yönəlib.
Bundan sonra “zarafatın” paylaşıldığı həmin “Twitter” hesabı bağlanıb.
Xudayar Yusifzadə kimdir?
1998-ci ildə Bərdə şəhərində anadan olmuş Xudayar Yusifzadə 22 oktyabr 2020-ci ildə, ikinci Qarabağ müharibəsində Zəngilanın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olub.
Xudayar Yusifzadə döyüşlərdən iki gün əvvəl sosial şəbəkədə paylaşdığı video ilə məşhurlaşıb. Həmin görüntülərdə o, “Vətən yaxşıdır” mahnısını ifa edib.
Qeyd edək ki, X.Yusifzadə Bakıdakı Bülbül adına musiqi məktəbinin vokal sinfini bitirib.
Daxili İşlər Nazirliyindən reaksiya
Daxili İşlər Nazirliyi bloqer Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN mətbuat xidmətindən verilən məlumata görə, yayılan videogörüntülərdən xəbərdardırlar.
“İnsidentdə iştirak edən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir”, – məlumatda qeyd edilib.
Şərhlər
Baş vermiş hadisə sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub. Xarakterik şərhlərdən bir neçəsini təqdim edirik:
“Sözə qarşı güc tətbiqi birmənalı olaraq, istənilən halda zəiflikdir. Deməli, sənin sözün yoxdur, sənin sözün adekvat deyil və sən özün də adekvat deyilsən”.
“Kim eləyibsə, əllərinə sağlıq!”
“Güc tətbiqi, sözsüz ki, pisdir. Lakin Xudayarla, şəhidlə bağlı zarafata görə hələ “sağ ol” desin ki, onu başqa cür alçaltmayıblar və öldürməyiblər. Cinayət işi isə ilk növbədə onun özünə qarşı başlanılmalıdır, sonra isə onu cəzalandıranlar barədə düşünmək olar – bunu etməyə dəyər, ya yox”.
Xeberciniz.biz bakivaxti.az a istinadən bildirir ki, Millət vəkili Aqil Abbas mövzu ilə əlaqədar bunları deyib:“Şəhidi təhqir edən şəxsi döyənləri qınamıram…” – Deputat etiraz etdi
Xəbər verildiyi kimi, sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb. Onun döyülməsinə səbəb kimi bir müddət əvvəl onun şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım göstərilir. Həmin paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etirazla qarşılanıb.
“Mən, Aqil Abbas Xudayar və Xudayar kimi şəhidlərimizin hesabına Ağdama gedib-gələ bilirəm. Xudayarı təhqir edənin şərəfini şəhidlər qoruyub”.
Bunu Bakivaxti.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib.
A.Abbas qeyd edib ki, şəhidi təhqir edən şəxsin döyülməsi cinayətdir, amma onu döyənləri də başa düşmək olar: “Şəxsən bir ziyalı, yazıçı kimi onu döyənləri qınamıram. Şəhidin şərəfinə toxunan şəxsi küçədə görən şəxslər ona qarşı müəyyən hərəkətlər edə bilərlər. Mən bir şəxsin döyülməsini təbliğ etmirəm. Amma insanların affekt, emosional vəziyyəti var. Onu döyənlərə haqq qazandırmıram, amma döyənləri də başa düşürəm”.
Deputat bildirib ki, Azərbaycan Konstitusiyasına əsasən bütün şəxslərin hüquqları dövlət tərəfindən qorunur: “Cinayət Məcəlləsində təhqir və böhtana görə maddələr var. Bu məsələ ilə bağlı məhkəməyə müraciət oluna bilər. Məhkəməyə şəhidin ailə üzvləri, şəhidlərin və qazilərin hüquqlarını qoruyan qeyri-hökumət təşkilatları müraciət edə bilər. Eləcə də, bir qarabağlı da müraciət edə bilər ki, mənim torpağımı azad edən şəhidimə dil uzadıblar. Amma məhkəmə nə qərar verəcək, onu bilmirəm”.
Ramid İbrahimov