Ermənistanda Mahatma Gandhi-nin heykəlini yandırıblar…
Ermənistan paytaxtı Yerevanda hind ictimai və siyasi xadimi, Hindistanın Böyük Britaniyadan azad olması hərəkatının rəhbəri və ideoloqlarından biri Mahatma Gandhi-nin heykəlini yandırıblar.
Yerevan meriyası hadisəni pisləyib və biabırçı vandalizm adlandırıb. Yerevan merinin mətbuat katibi Hakob Karapetyan jurnalistlərə deyib ki, polis günahkarları tutub məsuliyyətə cəlb etməlidir.
“Təəssüf ki, bu, Yerevanda ilk [heykələ ziyan vurma] hal deyil. Paytaxtda yüzlərlə heykəl var və onların hər birinin keşiyini təşkil etmək üçün hər hansı xüsusi tədbir görmək mümkün deyil”, – Karapetyan deyib.
Ermənistanla Hindistan arasında olduqca xoş münasibətlər yaranıb, rəsmi Yerevan Hindistanla Pakistan arasında Kəşmir münaqişəsində Hindistanın mövqeyini dəstəkləyir.
Lakin ötən il, paytaxt Ağsaqqallar Şurasının qərarı ilə, Yerevanda Gandhi-nin heykəlinin qoyulması cəmiyyətdə birmənalı qarşılanmayıb. İdeyanın tənqidçiləri Mahatma Gandhi-nin zamanında Türkiyə rəhbərliyi ilə yaxın münasibətlərdə olması və Osmanlı imperiyasında “erməni soyqırımı faktını inkar etdiyini” xatırladırlar.
Son insident də ermənilərin 24 apreldə “soyqırımının 106-cı ildönümünün” qeyd olunduğu vaxta təsadüf edib.
Erməni mediasının məlumatlarına görə, bu münasibətlə Hindistanın Ermənistandakı səfirliyinin Twitter səhifəsində qeyd edilmişdi ki, aprelin 24-də Ermənistanda “erməni soyqırımının 106-cı ildönümü qeyd olunur”. Yazıda məhz “soyqırımı” – “genocide” sözü işlədilmişdi.
Lakin sonradan bu ifadə silinib və yazılıb ki, həmin gün Ermənistanda “ermənilərin öldürülməsinin 106-cı ildönümü qeyd olunur. Səfir Kishan Dan Dewal bu böyük faciənin qurbanlarının xatirəsini yad edib və Xatirə Memorialına əklil qoyub”.
Bundan iki gün sonra Teleqram kanallar naməlumlar tərəfindən Mahatma Gandhi-nin heykəlinin yumurta atəşinə tutulduğunu yazıb, aprelin 28-i axşamı isə od vurulmuş heykəlin şəkillərini dərc ediblər.
Gandhi-nin Yerevanda heykəlinin qoyulması təşəbbüsü Ermənistan Xarici İşlər Nazirliyi irəli sürüb. Yerevan meriyası, Ermənistanla Hindistan arasında dostluq münasibətləri kontekstində, müvafiq qərar qəbul edib və heykəl qurulub. Lakin hələ heykəlin rəsmi açılışı keçirilməyib. bbc.com/azer