“Bilirsiniz, bu necə təhqir idi?” Ermənilər Azərbaycanla yeni sərhəddə necə yaşayırlar
- Ilya Barabanov, Marina Katayeva
- BBC, Ermənistan
27 Fevral 2021
Bölünmüş kəndlər, kəsilmiş yollar, dayanmış istehsalat – Ermənistanla Azərbaycan arasında 2020-ci il payız müharibəsindən sonra onlarca kilometr uzanan, dəqiq konturlarının müəyyən edilməsinə hələ ehtiyac olan yeni sərhədlər yaranıb. BBC News Rusca xidmətinin müxbirləri yeni sərhəd boyunca gəzərək yerli sakinlərin öz qonşularına necə öyrəşdiklərini müşahidə ediblər.
Ermənistanın Gorusundan-Qafanına aparan yolun kənarındakı böyük lövhə Azərbaycana xoş gəldiyinizi bildirir: lövhənin üzərində “Welcome to Azerbaijan!” (“Azərbaycana Xoş Gəlmisiniz”) yazılıb. Lakin biz onun fotosunu çəkmək üçün maşınımızı dayandıran kimi kimliyimizi və gəlişimizin məqsədini dəqiqləşdirmək üçün Rusiya sərhədçiləri peyda olur: “Əslində, burada çəkiliş etmək qadağandır. Yolu keçsəniz, artıq Azərbaycan ərazisinə olacaqsınız. Lakin Moskvadan olduğunuza görə biz sizi bir qədər qoruyarıq”, – əsgər zarafatlaşır.
Sovet illərində bu yollar tikilərkən respublikalar arasında inzibati sərhədlərə əhəmiyyət verilməyib, rahatlıq amili əsas götürülüb. SSRİ olmayanda isə Ermənistanla Azərbaycan arasında müharibə baş verib, o vaxt Bakı yalnız Dağlıq Qarabağ deyil, həm də onun ətrafındakı yeddi rayon üzərində nəzarəti itirib. Artıq Ermənistanın uduzduğu 2020-ci il payız müharibəsindən sonra bu rayonlar Azərbaycanın nəzarəti altına qayıdıb.
Gorusdan Qafana yol bir neçə dolanbacdan sonra Azərbaycanın qaytardığı əraziyə doğru dönür, belə ki, Azərbaycan hərbçiləri müharibədən dərhal sonra yol boyunca bir neçə belə lövhə yerləşdiriblər: azərbaycanlılar bu yoldan keçməsələr də, onlar qarşı tərəf üçün məğlubiyyəti xatırladan simvoldur.
Sülh sazişi bağlanarkən vasitəçilik etmiş Rusiya ermənilərlə azərbaycanlılar arasında yeni toqquşmalara yol verməmək üçün birbaşa Dağlıq Qarabağa sülhməramlılar yeritməkdən başqa, öz sərhədçilərini yeni münaqişəli vəziyyətlər yarana biləcəyi yerlərdə yerləşdirib.
Sərhədçilər söyləyirlər ki, yerli sakinlər sərhəd xəttinin dəyişməsi haqqında, hara piyada və ya maşınla getmək olar, haraya getmək olmaz – bu barədə Ermənistan hakimiyyətindən deyil, onlardan öyrənirlər: “Azərbaycanlılar nəyə nail olmaq istədiklərini dəqiq bilirlər və hər mübahisəli sahə üçün sonadək mübahisə edirlər, erməni tərəfindən belə fəallıq gözə çarpmır, – Rusiya sərhədçisi deyir. – İrəlidə siz hələ Azərbaycan zastavasını görəcəksiniz, lakin Qafana kimi rahat gedəcəksiniz”.
Qırx minlik Qafan – Ermənistanın Sünik vilayətinin paytaxtıdır. Şərqdən Sünik Azərbaycanla həmsərhəddir, qərbdən – Azərbaycan eksklavı olan Naxçıvanla, cənubda – İranla. Belə ki, Qafana getdiyimiz zaman qarşımıza tez-tez İran nömrələri ilə ağır yük avtomobilləri çıxırdı. Burada yol uzunu tez-tez dişlərində açar tutmuş ayı fiqurları rastımıza çıxır.
Əfsanələrdən birinə görə, Sünik, yaxud yerlilərin dediyi kimi, Zəngəzur (regionun böyük hissəsi Zəngəzur sıra dağlar yamacında yerləşir) – bütün Ermənistanın açarıdır. Və Qarabağda döyüşlər getdiyi zaman biz Ermənistanda müxtəlif həmsöhbətlərimizdən dəfələrlə eşitmişik ki, əgər qalib gəlsələr, Azərbaycan-Türkiyə koalisiyasının növbəti hədəfi məhz Sünik olacaq, çünki onu ələ keçirdikdən sonra Azərbaycanı tək Naxçıvanla deyil, Türkiyə ilə əlaqələndirmək olar.
Sünikə ən azından indi heç kəs hücum etməyə hazırlaşmır, lakin Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan tərəfindən imzalanmış sülh razılaşmasına görə, bu yerlərdən Azərbaycanı Naxçıvanla birləşdirəcək yol keçməlidir.
Prezident Əliyev artıq Horadizdən payız müharibəsi nəticəsində Azərbaycana qaytarılmış Zəngilana və oradan Ermənistan sərhədinə dəmiryolu tikintisinə başlamaq sərəncamı verib. Lakin Qafanda görüşdüyümüz məmurlar yeni yolun vilayət üzərindən necə keçəcəyi haqqında hələ heç nə bilmirlər.
Bölgədə bütün nəqliyyat dəhlizlərinin blokadadan azad edilməsinin “yol xəritəsi” üzərində yanvar ayında Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərindən tərtib edilmiş hökumətlərarası komissiya işləyir.
“Vətənin bir hissəsinin itirilməsi, uduzulmuş müharibə ucbatından stress hökm sürməkdədir. Və hələ keçməyib, daha çox vaxt lazımdır”, – adının çəkilməsini istəməyən vilayət rəsmilərindən biri söyləyib. Yolun bir hissəsinə nəzarət edən azərbaycanlılar hələlik Gorusdan Qafana, həmçinin vilayət paytaxtından cənuba, İran sərhədinə aparan yolda hərəkəti bağlamırlar. Ancaq yol polisi polisi əməkdaşları şəhərin çıxışında xəbərdar edirlər: “Bir neçə döngədən sonra çadırlar görəcəksiniz, orda azərbaycanlılar durub, orada dayanmaq olmaz”.
Bağlı yollar və sərhəddə aeroport
Eyni zamanda yeni sərhəd bəzi yolları bloklayıb, məsələn, Qafandan Aqarak (Əkərək) kəndinə ən qısa yolu. Fevralın ortalarında bu kəndin sakinləri Azərbaycan tərəfindən bir neçə atəş halları barədə xəbər vermişdilər, odur ki, kəndin yaxınlığında Rusiya sərhədçilərinin daha bir postu yerləşdirildi. Aqaraka indi dolayı yolla getmək olar və bu, əvvəlki kimi 10 dəqiqə əvəzinə 40 dəqiqə vaxt alır.
Lakin mənzil başına çatmaq həmişə mümkün olmur: ilk günü BBC müxbirləri Aqaraka getmək istəyəndə, güclü qar torpaq yolu örtmüşdü, maşınımızın təkərləri hər yeni dağ yamacında yerində dayanıb fırlana-fırlana, nəhayət Vartavank kəndində ilişib qaldı.
“Sabah gəlin, traktor gəlib yolu təmizləməlidir, onda Aqaraka çatmaq mümkün olar, indi isə heç “Niva” keçə bilməz”, – yerli sakin məsləhət edir. Onun sözlərinə görə, müharibədən əvvəl ətraf kəndlərdə yüzlərlə insan yaşayıb, lakin döyüşlər başlanandan onlar çıxıblar və bu günədək qayıtmağa tələsmirlər, sərhədlə bağlı danışıqların nə ilə nəticələnəcəyini gözləyirlər.
Martda, əkin başlayanda kəndin sakinləri qayıdacaq, indi isə küçələrdə insanlardan çox itlərə rast gəlinir. Ünsiyyət üçün darıxmış və təzə yağmış qara sevinən ağ küçük uzun müddət ətrafımızda fırlanaraq bizə oynamaq təklif edir, lakin onunla yeni erməni-azərbaycanlı problemi müzakirə etmək olduqca mənasız olardı.
Döyüş əməliyyatları yenicə bitdikdən sonra Qafanda hətta şəhər aeroportunun Azərbaycana ötürüləcəyi qızğın müzakirə olunurdu. Lakin hələ ki, tərəflər o fikrə gəliblər ki, yeni sərhəd uçuş zolağına paralel axan çay üzərindən keçməlidir. SSRİ dağıldıqdan sonra Qafana təyyarə uçuşları dayanıb, 25 il ərzində köhnə aerodrom xarabalığa çevrilib, lakin 2017-ci ilin yayından şəhərdə yeni aeroport tikintisinə başlanılıb.
“Bina da, giriş yolları da, bütün uçuş zolaqları da – hər şey sıfırdan tikilib”, – obyektin əməkdaşları öyünür. Yeni hava limanı 2020-ci ilin noyabrında, dərhal müharibə qurtardıqdan, yeni sərhədin onun qırağı ilə keçəcəyi məlum olandan sonra sertifikatlaşdırmadan keçib. O vaxtdan əməkdaşlar işə çıxır, işə hazır binanı işlədirlər, lakin buraya ilk təyyarənin nə vaxt enəcəyini ehtimal da etmirlər. Hələlik yalnız Yerevandan reyslər planlaşdırılır. Hazırda Yerevandan Qafana avtomobillə 5-6 saata çatmaq olar. Gələcəkdə isə bu hava limanı nəzəri olaraq, beynəlxalq reyslər də qəbul edə bilər.
“Uçuş zolağından 150 metrlikdə çay üzərindən sərhəd xətti keçir və indi ora, necə deyərlər, Azərbaycandır”, – Azərbaycanın 25 il nəzarət etmədiyi əraziləri özünə qaytara bilməsinə sanki sonadək inanmayan həmsöhbətlərimiz çiyinlərini çəkir.
Hava limanının təhlükəsizliyinə sərhədə çevrilmiş çayın hər iki sahilindən həm Azərbaycan, həm Ermənistan, həm Rusiya sərhədçiləri nəzarət edir. “Siz azərbaycanlıları buradan görə bilirsinizmi?” – biz soruşuruq. “Onların çadırları görünür. Və bir də talaya futbol oynamağa çıxanda görürük”.
Azərbaycanın nəzarəti altına qayıtmış rayonlardan Qafana 800 nəfər köçüb, bütün Sünik vilayətinə – 4700 nəfər. Hadrutu, Zəngilanı, Mincivanı (Zəngilan rayonunda qəsəbə) tərk etmiş 8 ailə indi Qafanda keçmiş internat məktəbdə yaşayır.
“Putin müharibəni dördüncü günü dayandırmağı təklif etmişdi, lakin Paşinyan deyib ki, sonadək döyüşəcək. Və indi Dağlıq Qarabağdan nə qalıb?” – 20 il yaşadığı Hadrutu tərk etməyə məcbur olan Valeri Qasparyan hiddətlənir. Onun böyük oğlu Dağlıq Qarabağda qulluq edir, kiçiyi döyüşlərdə iştirak edib və yaralanıb.
Qasparyan hələ burada nə qədər qalacaqlarını bilmir: “Sağ olsun bizi burada məskunlaşdıran xeyirxah insan, yoxsa bu soyuqda açıq havada gecələməyə məcbur olardıq”.
Köçkünlər işıq, qaz üçün ödəniş etmirlər, onlara ərzaq gətirirlər. O, 35 min dram, təxminən 30 dollar təqaüd alır. Kapanda ev kirayələmək, onun sözlərinə görə, 50 min dramdır. Hazırda qaçqınları ən çox narahat edən nədir sualına təqaüdçü cavab verir ki, indi ən əsası – əsirləri evə qaytarmaqdır. Müharibə bitdikdən üç ay sonra həlak olanların axtarışı və əsirlərin qaytarılması ölkədə ən ağrılı mövzu olaraq qalır. Bir də ki, bütün köçkünləri yeni mənzillərlə təmin etmək lazımdır.
“Yaxşı, sən Dağlıq Qarabağı verdin. İndi Zəngəzuru niyə təhvil verirsən? Bu, Ermənistanın ürəyidir. Türklər nə deyirlərsə, o dərhal: Baş üstə, mən etməyə hazıram”, – Qasparyan Ermənistan Baş nazirinin hərəkətlərindən hiddətlənir.
Onun öz evlərini atmağa məcbur olmuş internat məktəbindəki müvəqqəti qonşuları onun ölkədəki siyasi vəziyyətlə bağlı mülahizələri ilə razı deyillər: “Pisdir, hər şey pisdir, demək lazım deyil. Başlıcası, indi uşaqları əsirlikdən qaytarmaqdır, ondan sonra isə dövlət qalan problemləri həll etməyə başlayar, -adətən hamının onu nədənsə Kolya çağırdığını bildirən Narbik deyir – Küçədə qalmırıq, işıq, su, istilik, ərzağımız – hamısı pulsuzdur. Demək olmaz ki, dövlət heç insanların qeydinə qalmır”.
Şurnux – bölünmüş kənd
Bəzi yerlərdə öz evlərini tərk etməli olmuşlar üçün artıq yeni evlər tikməyə başlayıblar. Yeni Ermənistan-Azərbaycan sərhədinə çevrilmiş Şurnux az qala tən yarıya bölünüb.
Şurnuxda 80 adam yaşayır, burada 35 ev var, dekabrın sonunda bura tərkibində bir rus və üç azərbaycanlı general və Ermənistan ordusunun podpolkovniki olan nümayəndə heyəti gəlibmiş. Sakinlərə deyiblər ki, 11 ev artıq Azərbaycan ərazisində yerləşir və onları boşaltmaq lazımdır.
“O generallardan biri əllərini belinə qoyub mənə deyir: “Bu, indi Azərbaycan torpağıdır!” Bizim tərəfdən isə tək podpolkovnikdir, o da susur. Bilirsiniz, bu necə təhqir idi?” – öz evini qoyub kənd administrasiya binasına köçməyə məcbur olan kənd başçısı Hakob söyləyir.
Sovet zamanı bu birmərtəbəli ağ binada tibb məntəqəsi olub, administrasiya isə böyük ikimərtəbəli qonşu binada yerləşirdi. Lakin hələ Birinci Qarabağ müharibəsi zamanı bina “Qrad” atəşinə məruz qalıb və onu təmir etməyib, administrasiya ilə tibb məntəqəsini bir binada yerləşdiriblər.
57 yaşlı Larisanın ailəsi ilə yaşadığı evin pəncərələrindən yolun o biri tərəfində onun tərk etməyə məcbur olduqları keçmiş evi görünür.
“Çoxları deyirlər ki, kompensasiya almaq ümidi ilə hər şeyi atıblar, lakin əslində bütün əmlakı aparıblar, – o, zarafatla deyir. – Biz hər şeyimizi götürmüşük, bostanda göy lobya yetişdirmək üçün çubuqlardan başqa. Mən onları da götürmək istəyirdim, lakin sonra gördüm ki, azərbaycanlılar onları tonqala atmağa aparır”.
“Ağlamaq istəmirəm, amma ot yoxdur, heyvan üçün yer yoxdur, buna görə onlar ölürlər”, – qadın deyir. Onun indi ailəsi ilə yaşadığı evin dəhlizində kəsilmiş inək cəmdəyi sərilib – “kəsmişik, çünki pəyə balacadır, sığışmırlar”. Larisa çay içə-içə öz keçmiş evinə baxır. Stolun üstündə qoz mürəbbəsi – qozu yayda indi artıq Azərbaycanın Zəngilanından gətirib – və – indi artıq sərhəd xaricdə olan evində hazırladığı – pendir var.
Azərbaycanlılar nəzarətlərinə keçən evlərin birinin damında kamera yerləşdirib və kənddəki vəziyyəti müşahidə edirlər, buraya nəsə çəkməyə gəlmiş jurnalist görəndə, dərhal burada növbətçilik edən Rusiya sərhədçilərinə müraciət edirlər.
Daha bir köçkün Edik Hayrapetyan söyləyir ki, rusiyalı sərhədçilər keçmiş evlərində nə isə unutmuş sakinlərə qayıdıb onu götürmək üçün kömək ediblər.
“Bizdə bir baba ayaqqabısını unudub çıxmışdı. Və birdən güclü qar başlandı, o ruslara müraciət edib, onlar azərbaycanlılarla əlaqə saxlayıb, onlar kişini öz keçmiş evindən ayaqqabısını götürməyə qoyublar”, – Edik deyir.
Larisa da, Edik də Şurnux sakinlərinin heyvan otardıqları otlaqların Azərbaycana qaldığından gileylənirlər. İndi heyvanı otarmaq yeri yoxdur və hətta suvata apararkən diqqətli olmaq lazımdır ki, təsadüfən Azərbaycan ərazisinə girməsinlər, mal-qaranı oradan qaytarmaya bilərlər. Kəndin kənarında köçkünlər üçün artıq 12 yeni evin bünövrəsi qoyulub, 2021-ci ilin sonunadək tikib təhvil verməyi vəd edirlər.
Dalan
“İnsanlar böyük çətinliklə stressin öhdəsindən gələ bilirlər, çünki çox az vaxt keçib, – Vardenisin meri Aram Melkonyan deyir. – Şəhərimizdən son münaqişə vaxtı 17 nəfər həlak olub, onların 14-ü – yaşları 20-dən artıq olmayan gənclərdir. Bütün vilayətdən isə 100-ə yaxın adam ölüb”.
Ermənistanın şimal-şərqində yerləşən 15 minlik Vardenisə gəldiyimiz zaman mer şəhərdə deyildi, qonşu kəndlərdən birində müharibədə həlak olmuş və cəsədi üç ay tapıla bilməyən gəncin dəfninə getmişdi.
Müharibədən əvvəl Vardenisdən Yerevanı Stepanakertlə (Xankəndi -red.) birləşdirən yeni yol keçirdi. Bu yolla Dağlıq Qarabağa daha tez çatmaq olardı, odur ki, bu yoldan həm yerli sakinlər, həm turistlər, həm də bölgəyə gələn jurnalistlər istifadə edirdi. Ermənistan müharibəni uduzduqdan sonra Vardenis tranzit şəhərdən dalan şəhərinə çevrilib, nəqliyyat hərəkəti kəskin şəkildə məhdudlaşıb, mehmanxana, mağaza, kafe, yanacaqdoldurma stansiyaları bağlanmağa başlayıb.
Şəhərin meri müharibə nəticəsində Vardenisin iqtisadi itkilərini ildə 500-700 milyon dram (1,1 – 1,3 milyon dollar) kimi qiymətləndirir.
“Əvvəllər ilin bu mövsümündə şəhərdən mütəmadi maşınlar, turist avtobusları keçərdi, kiçik biznes inkişaf edirdi, indi isə bizə yalnız sizin həmkarlarınız və Qırmızı Xaç gəlir, – yerli sakin Pavlik deyir. – Bir çox iş adamı və sakinlər artıq çamadanlarını bağlayırlar və başqa şəhərlərə köçməkdən fikirləşirlər”.
Müharibədən sonra Vardenisə Azərbaycana qaytarılan rayonlardan 56 ailə, 200 nəfərdən çox insan köçüb və şəhər hakimiyyəti onlara yaşayış yeri və iş yerləri ilə kömək etməyə çalışır.
Ancaq Vardenisin problemləri tək bir bağlanmış yolla tükənmir. Ermənistanda ən böyük Sotk qızıl mədəni müharibədən əvvəl ölkənin üç ən iri vergiverənlərdən biri olub. Müharibədən sonra mədənin 70 faizindən çox hissəsi Azərbaycan tərəfinə düşüb və hazırda işləmir.
Aram Melkonyan söyləyir ki, Sotkda ümumən 1000 nəfərə yaxın adam işləyirdi, onların 550 nəfəri Vardenis sakinləridir. “Son bir neçə gündə orada ixtisarlar edilib, bu, şəhər və administrasiya, mer üçün böyük çətinliklərdir, – o deyir. – Biz bu insanların nə ilə məşğul olacağı haqqında düşünməliyik, onların hamısının kreditləri var, bu, böyük problemdir”.
Bir neçə ofşordan keçərək mədən rusiyalı sahibkarlara məxsusdur, onlar hazırda, merdə olan məlumata görə, Azərbaycan tərəfi ilə danışıqlar aparırlar ki, mədən heç olmasa daha iki il əvvəlki rejimdə işləsin. Lakin danışıqların təfərrüatı məlum deyil.
Hələlik isə Azərbaycan hərbçiləri mədən üzərində Azərbaycan bayrağını ucaldıb, Rusiyadan gətirilmiş mədənin mühafizəçiləri bizə dedilər ki, şirkətin rəhbərliyindən heç kəslə danışmaq mümkün deyil, çünki onlar daima müşavirələrdədir.
Müharibədən sonra yerli sakinlərin öz heyvanlarını otardıqları otlaqların böyük hissəsi də Azərbaycan ərazisində qalıb. Onların çoxu inək südünü öz məhsulunun 99 faizini Rusiya bazarlarına göndərən “Ekokat” pendir zavoduna satırdı. İl ərzində zavod 600 tonadək pendir istehsal edir. Zavod gündə 40 ton süd qəbul edirdi, indi isə Vardenis merinin proqnozuna görə, həcmlər tənəzzül edəcək, yerli sakinlər isə inəklərini satmağa başlayacaqlar.
Zavodun təsisçisi və sahibi Artur Movsisyan etiraf edir ki, müharibə onun biznesinə xələl vurub, lakin bu barədə danışmaq istəmir: “Mən ağlayan adam deyiləm. Biz güclü olmalıyıq və irəli getmək yollarını tapmalıyıq”.
“İnsanların əhvalı pisdir və ən böyük problem budur. Nəsə etmək üçün insanların həvəsi olmalıdır”. Artur Ermənistanla Azərbaycan arasında yeni sərhədlərə qarşıdır. O hesab edir ki, dünyada, ümumiyyətlə, ölkələr arasında dövlət sərhədləri kimi məhdudiyyətlər olmamalıdır. “Onlar nəyə lazımdır? Ölkələr onların içində eşələnir, bu həmişə münaqişəyə səbəb olur. Sərhədlər – bütün sahələrdə məhdudiyyət deməkdir”, – o əlavə edir.
- Ermənistan rəsmiləri Sünik vilayətinin Qafan-Əkərək yoluna nəzarət etmədiklərini deyirlər
- Rusiya hərbçiləri Qarabağda 10 mindən çox sursat aşkar ediblər
- İkinci Qarabağ müharibəsi – əsas hadisələrin xronologiyası
“Vaxt keçər, yaralar sağalar”
Vardenisin meri Melkonyanla şəhərdə gəzirik, o, bağlanmış mağazaları, aptekləri, yanacaqdoldurma stansiyaları göstərir və yanvarın 11-də Kremldə İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında görüşün yekunlarına əsasən yaradılan üçtərəfli dövlətlərarası komissiyanın fəaliyyətinə ümid edir.
Ermənistan, Azərbaycan və Rusiya Baş nazir müavinlərindən tərtib edilmiş işçi qrup martın 1-dək regionda nəqliyyat xətlərinin blokadasının ləğv edilməsi planını təqdim etməlidir. Azərbaycan Naxçıvana və Türkiyəyə yük daşımaq imkanı əldə etməli, Ermənistan üçün Azərbaycan ərazisi ilə Rusiyaya nəqliyyat dəhlizi ilə təmin olunmalıdır.
“Üçtərəfli qrupun əsas müzakirə məsələlərindən biri Yerevan-Vardenis-Kəlbəcər-Stepanakert yoludur, – Vardenis meri deyir. – Bu yol Rusiya sərhədinə ən yaxın olduğuna görə seçilməlidir, o çox yaxşı tikilib, ona çoxlu pul sərf olunub. Düşünürəm ki, qoymazlar ki, bu yol sadəcə heç olsun. Buradan Azərbaycan üzərindən – Gəncədən Rusiya sərhədinədək 160-180 kilometrdir. Bu ən qısa yoldur. Ümid edirəm ki, yaxın gələcəkdə bu yol açılar və şəhərimiz yenidən nəfəs alar”.
Mer vəzifəsindən əvvəl Aram Melkonyan peşəkarcasına boksla məşğul olub, odur ki, Vardenisdə boks məktəbinin tikintisi başa çatmaqdadır, əsgərlik zamanı isə o, kəşfiyyatçı olub.
Müharibə vaxtı görüşdüyümüzdə mer hərbi geyimdə idi, cəbhəyə can atırdı, lakin Yerevan rəhbərliyi döyüşməyə buraxmırdı, çünki şəhərinin qeydinə qalmalı idi. İndi o müntəzəm olaraq, lakin artıq cəbhə xəttinə deyil, erməni hərbçilərin yeni sərhəddəki mövqelərinə baş çəkir.
O söyləyir ki, komandanlıq hərbçilərə qarşı tərəflə təmasda olmağı qadağan edir, lakin onların arasında, hər necə olsa da, müəyyən ünsiyyət olur: “İnsanlar bir-birindən 20 metr məsafədə dayanır. Səhər qalxırlar, salamlaşa bilərlər, təmasları da ola bilər, nəsə lazım olsa – verirlər. Bu, yaxşıdır, bunun hesabına gələcək var”.
Melkonyan yəqin ki, hazırda Ermənistanda heç populyar olmayan sözləri deyir: “Ermənistanla Azərbaycan arasında ünsiyyət, əlbəttə, olacaq. Vaxt keçər, yaralar sağalar. Əvvəllər insanların azərbaycanlılarla ünsiyyəti olub, qonşuluqda yaşayıblar. Mən düşünürəm ki, bu qonşuluq münasibətləri bərpa olacaq. Bu lazımdır, sadəcə lazımdır. Əlbəttə, yaralar uzun müddətə sağalacaq, bunun üçün onlarca illər lazımdır, lakin lazımdır ki, insanlar yaşasın, işləsin, qabağa getsinlər. Bunun üçün qonşu kimi olmaq lazımdır”.
_________________________________________________________________
Bu, 2020-ci il Qarabağ müharibəsindən sonra insanların Ermənistanda və Azərbaycanda necə yaşadıqları haqqında reportajlar seriyasından ilk materialdır.