“Rüşvətə və korrupsiyaya qarşı mübarizə üçün bu qadağa ləğv edisin”- Vəkildən çağırış
“Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində atılacaq faydalı addımlardan biri dövlət qurumlarının inzibati binasının girişində mobil cihazların təhvil verilməsi prosedurunun ləğv olunması ola bilər. Rüşvəti sübut edə biləcək yeganə faktor fotoşəkil, səsyazısı və ya videogörüntü ola bilər ki, onun da qarşısı alınır”.
Bunu Bakivaxti.az-açıqlamasında vəkil Əkrəm Həsənov bildirib.
Vəkil qeyd edib ki, Prezident Administrasiyasına daxil olanda vətəndaşların telefonlarını almırlar, amma bəzi nazirliklərdə və məhkəmələrdə bu prosedur tədbiq olunur: “Bəzi dövlət orqanlarının inzibati binasına girişdə mobil cihazların təhvil verilməsi prosedurunu başa düşmürəm. Prezident Administrasiyasına daxil olanda vətəndaşların telefonlarını almırlar. Amma bəzi nazirliklər və bəzi məhkəmələr, məsələn Konstitusiya Məhkəməsi, Ali Məhkəmədə telefonu vətəndaşdan alırlar. Bəziləri isə almır. Hər orqan özü üçün qayda fikirləşib. Bu məsələ hər qurumun öz istəyi ilə deyil, qanunla tənzimlənməlidir və imkanlar genişləndirilməlidir.
Qeyd edim ki, müasir texnologiyalar dövründə onsuz da kim istəsə səs yazsın, onu etməsi mümkündür. Məsələn, məhkəməyə telefonla niyə girmək olmaz ki? Qanuna görə məhkəmə iclaslarında onsuz da audiyazı aparılır.
Korrupsiyanın qarşısının alınmasının alətlərindən biri də dövlət təşkilatlarının inzibati binasında telefonların alınması prosedurunun ləğv edilməsi ola bilər”.
Ramid İbrahimov
Bakivaxti.az