“Ermənistanın ağası Rusiya istəyirsə, Zəngəzur dəhlizi açılacaq” – politoloq

0
0

Elxan Şahinoğlu: “Rusiya ”İsgəndər” raketlərinə aydınlıq gətirmək istəmir, çünki cinayətini etiraf etməyə həvəsi yoxdur”

“Prezident İlham Əliyevin aprelin 20-də Azərbaycan Televiziyasının əməkdaşının ”Rusiya “İsgəndər” raketi ilə bağlı rəsmi Bakının sorğusuna cavab verdimi?” sualına verdiyi cavab iki ölkə arasındakı hazırkı münasibətlərin durumunu ortaya qoydu”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Siyasi ekspert qeyd etdi ki, birincisi, Rusiya Müdafiə Nazirliyinin Azərbaycan Müdafiə Nazirliyinin məktubuna göndərdiyi cavab İlham Əliyevi qane etməyib: “Çünki cavabda göstərilib ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməyib. Bu, açıq-aşkar yalandır. Çünki biz ”İsgəndər-M” raketlərinin qalıqlarını nümayiş etdirmişik və həmin qalıqlar bu gün Hərbi Qənimətlər Parkında da nümayiş etdirilir. İkincisi, İlham Əliyev raketlə bağlı sualını yenə təkrarladı: “İxrac üçün qadağan edilən və ölümcül ”İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı bu, mümkün deyil”. Prezident bunun iki yolla ermənilərin əlinə keçə biləcəyini dedi. Bu ya qaçaqmalçılıq yolu ilə ermənilərin əlinə keçib, ya da ki, beynəlxalq normalar pozulub. Hər iki halda günahkar yenə Rusiyadır. Üçüncüsü, Prezident onu da dedi ki, rəsmi Bakı bir çox məsələləri aydın edib. Prezidentin cümləsi belədir: “Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb.

Elxan Şahinoğlu: “Avropa ölkələri sanksiyaların əleyhinədir”

Elxan Şahinoğlu

Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan”. Göründüyü kimi, Prezident Rusiyanın adını çəkməklə bu ölkənin də məsuliyyət daşıdığını bildirib”. E.Şahinoğlu digər məqama da toxundu: “Prezident rusiyalı sülhməramlılar məsələsinə toxunaraq dedi ki, Rusiya hərbi qüvvələri Azərbaycanın razılığı ilə Qarabağa, Xankəndinə və ətraf yerlərə gətirilib: ”Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək”. Ancaq Prezident bunun əksinin müşahidə edildiyinə işarə vurdu. Prezident strateji tərəfdaşlar arasında münasibətlərin səmimi olması vacibliyinə toxundu: “Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Üçtərəfli Bəyanat da Azərbaycan tərəfindən tam icra edilib”. Prezident bu cümlə onu demək istədi ki, Rusiya üzərinə düşəni etmir”.

Politoloq hesab edir ki, Prezidentin məsələyə münasibətindən gəldiyi qənaət bunlardır: “Birincisi, Rusiya ”İsgəndər” raketlərinə aydınlıq gətirmək istəmir, çünki cinayətini etiraf etməyə həvəsi yoxdur; ikincisi, Kreml Rusiyadakı erməni oliqarxların mülki təyyarələrdə Ermənistana silah daşımasına şərait yaradıb; üçüncüsü, Rusiya mətbuatı Azərbaycana qarşı təxribatçı mövqedən çıxış edərək “İsgəndər” raketinin qalıqlarının guya Suriyadan gətirilərək Şuşada yerləşdirdiyi yazmaqla ermənilərə “informasiya” dəstəyi verib. Dördüncüsü, rəsmi Bakının əlində “İsgəndər” raketlərinin Şuşaya atılması ilə bağlı başqa faktlar da var və işin içində yenə Rusiya var. İlham Əliyev müsahibəsində bir neçə dəfə Rusiya haqqında strateji tərəfdaş ifadəsi işlətdi, ancaq hər dəfəsində əlavəsini də unutmadı: “Tərəfdaşlar bir-biri ilə səmimi davranmalıdırlar”. Rusiya səmimi davranmırsa, deməli, strateji tərəfdaş ifadəsi tərəfdaş ifadəsi ilə əvəzlənməlidir”.

Prezidentin son müsahibəsində Zəngəzur mövzusu ilə bağlı ciddi açıqlamalar verməsinə Elxan Şahinoğlunun maraqlı yanaşması var. Politoloq  Zəngəzur mövzusunun daim gündəmdə saxlanılmasını Ermənistana psixoloji təzyiq vasitəsi hesab edir: “Biz əvvəlcə dəmir yolunun açılmasına nail olmalıyıq. Paşinyanın hansı oyunları oynamasından, ermənilərin nə deməsindən asılı olmayaraq, proseslər məntiqi sonluğuna qədər inkişaf edəcək. Ermənistanın ağası Rusiya istəyirsə, Zəngəzur dəhlizi açılacaq”.

ChicMe WW

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir