Amerika prezidenti “erməni soyqırımını” tanıya bilər? – Politoloqdan açıqlama
ABŞ prezidenti Cozef Baydenin sabah, aprelin 24-də edəcəyi çıxışda hüquqi əsası olmayan “erməni soyqırımı” ifadəsini səsləndirəcəyilə bağlı xəbərlər dövriyyədədir.
“Hesab edirəm ki, ABŞ-ın yeni administrasiyası, xüsusilə Bayden bu termini istifadə etməyəcək”.
Bunu Bakivaxti.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev bildirib.
Politoloq qeyd edib ki, Amerikada demokratlar administrasiyası, demokratlar partiyası və onların hakimiyyətdə olduğu dövrlərdə hər zaman Türkiyəyə qarşı daha mənfi münasibət göstərilibdir: “Amma “soyqırım” termini işlədilməyəcək. Buna kifayət qədər tutarlı səbəblər var: Hansı səbəblərdir?
Birincisi, hesab edirəm ki, saxta “erməni soyqırımı” məsələsi Qərbi Avropa paytaxtları və xüsusilə Amerikanın əlində Türkiyəyə təzyiq alətidir, təzyiq vasitəsidir və mənasız, heç bir hüquqi və təsir qüvvəsi olmayan bir qərar qəbul etməklə və yaxud hansısa bir çıxışında bu termini işlətməklə Türkiyəyə qarşı çox mühüm bir təzyiq aləti olan bu vasitəni Amerika əldən vermək istəməz. Yəni bu təzyiq alətini hər zaman qoruyub saxlamağa çalışacaq.
İkincisi, xüsusilə son dövrlər Orta və Yaxın Şərqdə Türkiyənin nüfuzunun get-gedə artdığı bir dönəmdə və Amerikanın, Qərbi Avropa dövlətlərinin Orta Şərqdən, xüsusən Əfqanıstandan çıxmaq istədiyi bir dövrdə və Rusiya Ukrayna münasibətlərinin gərginləşdiyi, Amerikanın, Avropanın Rusiyaya qarşı açıq mübarizəyə başladığı bir dövrdə Türkiyənin Amerika və Qərb müttəfiqləri, NATO müttəfiqləri üçün rolu durmadan artmaqdadır. Belə bir müttəfiqi hansısa bir mənasız ifadəyə görə və kiçik bir toplumun maraqlarına xidmət etmək üçün və həm də heç bir tarixi və hüquqi əsası olmadan bir ifadə işlətməklə belə bir müttəfiqi özündən uzaqlaşdırmaq əbədi, əzəli rəqibinin, Rusiyanın yanında yer almasına, Rusiyanın tərəfinə faha çox meyllənməsinə imkan verməzlər.
Üçüncü bir səbəb, çox mühüm bir səbəb var. Ermənilər 2019-cu ildə oktyabr və dekabr aylarında həm nümayəndələr palatasında, həm də senatda erməni soyqırımı ilə bağlı qanunun qəbul olunmasına nail olmuşdular. Ancaq çox yaxşı ki, Tramp administrasiyası bunu qəbul etmədi, imza atmadı, təsdiqləmədi. Buna görə də mənasız söz yığını olan bir sənəd parçasından başqa bir şeyə çevrilmədi. Ancaq həmin dövrdə Amerikada yəhudi lobbi təşkilatları, çox böyük nüfuza sahib olan Amerika yəhudiləri konqresi Türkiyə ilə İsrailin münasibətlərinin gərgin olduğu bir dövrdə ermənilərə, erməni milli komitəsinə, erməni diaspor dairələrinə çox böyük dəstək verirdi. Bildiyimiz kimi Türkiyə ilə İsrail arasında münasibət istiləşməyə doğru gedir. Bu münasibətlər düzəlməyə doğru gedir. İndiki dövrdə yəhudi lobbisinin erməni lobbisinə, erməni diaspor təşkilatlarının fəaliyyətinə və belə bir ifadənin işlədilməsi ilə bağlı dəstək verəcəyini düşünmürəm. Bu sadaladığım 3 mühüm səbəb hesab edirəm ki, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin dilindən bu ifadənin işlənməsi deməyə əsas verir ki, Bayden növbəti dəfə böyük faciə kimi ümumi məna kəsb edən ifadələrdən işlədəcək. Böyük ehtimalla erməni soyqırımı terminini işlətməyəcək. Belə bir termin işlənərsə, Amerika və Türkiyə arasında münasibətlər kifayət qədər gərginləşə bilər, müttəfiq münasibətlərinə növbəti çat düşə bilər. Eyni zamanda ATƏT-in Minsk qrupunun sədri kimi Amerikanın Qafqazda fəaliyyətinə, Azərbaycanla münasibətlərinə kölgə salmış olarlar. Hansı ki Qafqazda və regionda Türkiyə və Azərbaycanla münasibətlərin yüksək səviyyədə təmin olunması bu gün Amerikanın maraqlarına birbaşa xidmət edir. Ona görə hesab edirəm ki, Amerika administrasiyası çox dərindən təhlil edir, düşünür və belə bir qərar verərkən, belə bir ifadə işlədərkən hansı ifadənin seçilməsi üzərində çox dərinliyi ilə düşünəcəklər”.
Ramid İbrahimov
Bakivaxti.az