Türkiyə Marneuli hərbi aerodromunu yenidən qurur – 14 milyon dollar…
Türkiyə Gürcüstanın Marneuli hərbi aerodromunu bərpa və yeni texniki avadanlıqla təchiz edəcək.
Bu barədə Türkiyənin Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, təmir-bərpa və təchizat işləri iki ölkə arasında hərbi maliyyə əməkdaşlığı haqqında saziş çərçivəsində həyata keçirilir. Türkiyəli mütəxəssislər artıq aerodromun bərpasına başlayıblar.
İkitərəfli saziş çərçivəsində Türkiyə tərəfi mikroavtobus, yükqaldırıcı və maşınyuma avadanlığı, eləcə də digər vasitələri Gürcüstanın Müdafiə Nazirliyinə təqdim olunub.
Aprelin 12-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və digər rəsmi şəxslərin iştirakı ilə avadanlıqların təhvil-təslimi ilə bağlı sənəd imzalanıb.
Qeyd edək ki, Marneuli aerodromu 2008-ci ilin avqust müharibəsində bombardman edilib. Hərbi obyektin bərpası üçün Türkiyə ötən ilin oktyabrında Gürcüstana təxminən 14 milyon ABŞ dolları vəsait ayırıb. Qrant layihəsi çərçivəsində Gürcüstan Türkiyə istehsalı olan avadanlıqlar alacaq. Razılaşmaya əsasən, vəsait, həmçinin aerodromun modernləşdirilməsi üçün də sərf olunacaq.
Azərtac