Martın 27-si Azərbaycanda Elm Günüdür.

0
0

Martın 27-si Azərbaycanda Elm Günüdür. Bu tarix elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.

2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Ölkəmizdə Elm Günü, eyni zamanda, AMEA-nın yaradıldığı günə təsadüf edir.

Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə xalqımız elm sahəsində mühüm uğurlar əldə etməyə nail olub. Akademiyanın keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmaqla yanaşı, ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın, mədəni-texniki proseslərin də mühüm bir göstəricisidir. Ölkəmizdə elmin sistemli inkişafında XX əsr xüsusi mərhələ təşkil edir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. Ulu Öndərin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib.

Ulu öndər AMEA-nın keçdiyi şərəfli yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib: “Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.

AMEA alimləri Sovet dövründə fəaliyyət göstərdikləri müddətdə Azərbaycan elminin təbliği və əldə olunan nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz xidmətlər göstəriblər. Bu illərdə xalqımızın ictimai-siyasi fikir tarixi araşdırılıb, neft və qaz yataqlarının kəşfi, işlənməsi sahəsində uğurlar əldə edilib, mexanika, riyaziyyat, informatika sahələrində əhəmiyyətli tədqiqatlar aparılıb, nüfuzlu elmi məktəblər yaradılıb, Azərbaycan dili və ədəbi dil tarixi öyrənilib.

Müstəqillik illərində də AMEA-da elmin inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirilib. Akademiyanın strukturu əsaslı olaraq təkmilləşdirilib, fəaliyyəti müasir dövrün tələblərinə uyğunlaşdırılıb, ölkəmizin beynəlxalq əlaqələrinin inkişafı, Azərbaycan elminin dünya elminə inteqrasiyası sahəsində konkret addımlar atılıb.

Bu gün əminliklə demək olar ki, Azərbaycan Milli Elmlər Akademiyası özünün inkişafının tamamilə yeni dövrünü yaşayır. Akademik Ramiz Mehdiyev AMEA-ya rəhbərlik etməyə başladığı gündən etibarən qurumun inkişafı yönündə taleyüklü qərarlar verir, məqsədyönlü islahatlarla bu elm ocağının yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirir. AMEA rəhbəri akademiyanın idarəetmə sisteminin modernləşdirilməsi, burada aparılan tədqiqatların dünya elminin tələblərinə cavab verməsi, eləcə də ölkənin sosial-iqtisadi inkişaf istiqamətlərini əsas götürərək, elmi-innovativ fəaliyyətin gücləndirilməsini AMEA alimləri qarşısında vəzifə kimi qoyub.

Ölkədə son zamanlar elmin təbliği və alimlərimizin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək məqsədilə görülən işlər, qəbul olunan fərman və sərəncamlar Azərbaycan Respublikasında elmin inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu bir daha sübut edir.

Elmi fəaliyyət sahəsində hüquqi islahatların ən böyük uğuru Milli Məclisin 2016-cı il iyunun 14-də qəbul etdiyi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanı ilə ölkədə tətbiq olunan “Elm haqqında” Azərbaycan Respublikası Qanunudur. Bu sənəd müstəqil dövlətimizin elm siyasətinin əsaslarını təşkil edir.

Azərbaycanda “Elm günü”nün təsis olunması isə, həmin gün bütün ölkə ictimaiyyətinin diqqətinin məhz elm sahəsinə yönəlməsinə, elmin problem və vəzifələrinə yenidən baxılmasına, səmərəli əməkdaşlıq əlaqələrinin təşkilinə, eləcə də alimlərimizin ölkənin gələcək inkişafında rolunun artırılmasına imkan verir.

Bu il həm də Azərbaycanın ən böyük elm məbədi olan AMEA-nın yaradılmasının 75 ili tamam olur.  75 il bir elm ocağı üçün o qədər də böyük müddət olmasa da, bu illər ərzində görülən işləri, Azərbaycan alimlərinin dünya elminə verdiyi töhfələri, yaradılan elmi məktəbləri nəzərə alsaq, bu günün necə qürurverici olduğunu anlayarıq.

Elm günün mübarək, doğma Azərbaycan! 

www.science.gov.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir