Azərbaycanda ərzaq malları bahalaşmağa davam edəcək? – İlin ikinci yarısında…
2020-ci ildə olduğu kimi 2021-ci ildə də ərzaq mallarının qiymətindəki artım sürəti qeyri-ərzaq və pullu xidmətlərin dəyərindəki artımdan daha böyükdür.
Rəsmi statistikaya əsasən, ötən il qeyri-ərzaq malları 1,3 faiz, pullu xidmətlər 1 faiz bahalaşdığı halda ərzaq mallarında bahalaşma 4,6 faiz olub. 2021-ci ildə də ərzaq mallarının bahalaşma sürəti zəifləməyib. İlin ilk 2 ayına aid olan məlumatlar göstərir ki, qeyri-ərzaq malları 3,7 faiz, pullu xidmətlər 3,3 faiz bahalaşdığı halda ərzaq məhsullarının qiyməti 5,3 faiz yüksəlib. Ərzaq məhsullarında bahalaşma əksər mal qruplarında qeydə alınıb və bəzi məhsullar üzrə qiymət artımı hətta 10 faizi ötüb.
Bəs, ərzaq mallarının bu dərəcədə bahalaşmasının səbəbi nədir? Qiymət artımı daxili, yoxsa xarici amillərlə bağlıdır?
Sonxeber.az Sfera.az-a istinadən bildirir ki, həm 2020-ci ildə, həm də bu il ərzaq mallarının sürətlə bahalaşmasının əsas səbəbi dünyada ərzaq qiymətlərinin nəzərəçarpacaq dərəcədə yüksəlməsidir. FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) 2021-ci il martın 4-nə olan məlumatına əsasən ərzaq qiymətlərində ötən ilin iyun ayından başlayan artım 2021-ci ilin fevral ayında da davam edib. Bu ilin fevralında qiymətlərdə bahalaşma illik müqayisədə 10,5 faizə yüksəlib.
FAO-nun məlumatlarından aydın olur ki, son bir ildə süd məhsulları 9,9 faiz, taxıl 26,5 faiz, bitki yağları 51 faiz, şəkər məhsulları 9,5 faiz bahalaşıb. Yalnız ət məhsulları 4 faiz ucuzlaşıb.
Azərbaycanda pərakəndə ticarət yolu ilə satılan məhsulların 36 faizi idxal mallarının payına düşür. İdxal mallarında qeyri-ərzaq mallarının payı daha böyük olsa da burada ərzaq malları da az paya sahib deyil. Buna görə də xaricdə ərzaq mallarının bahalaşması paralel olaraq Azərbaycanda da müşahidə edilir.
Dünyada ət ucuzlaşdığına görə ölkəmizdə ümumən ət qiymətləri enib. Amma çörək və çörək məmulatları 4,1 faiz, süd və süd məhsulları 6,5 faiz, kərə və digər yağlar 4,2 faiz, meyvə-tərəvəz 10 faizdən çox, şirniyyat 4,3 faiz bahalaşıb.
Dünyada ərzaq qiymətlərinin konyukturu hələ də yüksəlişə doğrudur. Hələ də pandemiyanın aradan qalxmaması, ərzaq ehtiyatlarının toplanmasının davam etməsi, bunun qarşılığında kənd təsərrüfatı məhsullarının istehsalının yetəri qədər artmaması bahalaşmaya şərait yaradır. Buna görə də beynəlxalq qurumların ekspertləri hesab edir ki, daha bir neçə ay qlobal ərzaq qiymətlərində artım davam edəcək və yaxud qiymətlər indiki yüksək səviyyədə qalacaq.
Deməli, xarici konyukturun əlverişli olmaması səbəbindən Azərbaycanda da ərzaq qiymətlərində yüksəlişin davam etməsi gözlənilir. Bahalaşma trendinin yalnız ilin ikinci yarısında səngiyəcəyi güman olunur.